Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Erik Berglöf : «Düşünürəm ki... Ukraynanın öz iqtisadi gücü yetəcək»


Erik Berglöf
Erik Berglöf
-

İyunun 4-5-də Kiyevdə Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA): «AB Şərq Tərəfdaşlığı ölkələrində rifahı və inkişafı necə təmin edə bilər» adlı konfrans keçirilib. Konfransdan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) prezidentinin xüsusi məsləhətçisi və baş iqtisadçı Erik Berglöf AzadlıqRadiosunun suallarını cavablandırıb:
– Ukraynanın iqtisadi böhranı aşmasından ötrü Avropa Birliyi hansı addımları ata bilər?

– Ən birincisi, düşünürəm ki, Ukrayna hökuməti və yaxud da Maydan hərəkatından hər nə yaranıbsa, bu böhranın öhdəsindən elə Ukraynanın özü gəlməlidi. AB Ukraynanın öz qurumlarını inkişaf etdirmək üçün yararlanacağı bir çərçivə və model təklif edə bilər. Ukrayna kimi dövlətlərin «pis vərdişlərini» qıra bilmək AB qanunlarının faydalı özəlliyidir. Düşünürəm ki, bundan istifadə olunmalıdır. Ancaq bu, Ukraynanın öz hərəkət və fəaliyyətindən qaynaqlanmalıdır.
– Ukrayna iqtisadiyyatının Rusiyadan asılı olduğu fikirləri səslənir. AB bu asılılığı azaltmaq üçün nə edə bilər?
– Ehtiyatlı olmaq lazımdır. Asılılığı azaltmağa yönələn tədbirlər cəld və qəti həyata keçirilsə, Ukraynanın özünə ziyan dəyər. Axı Ukrayna Rusiyaya çox ciddi inteqrasiya edib. Rusiya ilə problemlərin uzunmüddətli həlli qarşılıqlı hörmətə və açıq bazara dayanmalıdır. Belə çözüm variantında AB də maraqlı olmalıdır. Qısa müddətdə itkilər də olacaq; AB və digər beynəlxalq təşkilatların yardımı bu əsnada Ukrayna üçün çox önəmlidir. Hər iki dövlət bir-biri ilə sıx əlaqəsi olan qonşu dövlətlərdir. Sabitlik və inkişaf bu dövlətlərin ikisinin də marağındadır.
– Ukraynadakı indiki durumla bağlı EBRD – Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynadakı hər hansı bir layihəni maliyyələşdirirmi, yaxud belə bir plan varmı?

– Bu, EBRD üçün daha çox imkan pəncərəsidir. İndiki durumda EBRD öz fəaliyyətini ikiqat gücləndirir və banklara yeni imkanlar açır ki, onlar da kredit əldə etməyə çətinlik çəkən şirkətlərə dəstək ola bilsinlər. Biz bank sektorunun yenidən qurulmasından ötrü dəridən-qabıqdan çıxırıq. Yaranmış vəziyyəti imkan kimi görür və bunu dəyərləndirməyə çalışırıq. Nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində Ukraynaya kömək edirik. Bundan başqa bir müddət istifadə olunmayan kredit xətti vardı ki, onu da yenidən açmışıq. Bu kreditlər sayəsində yol, metro infrastrukturu yenilənir. Ukraynaya sərmayə yatırmaq istəyən xarici iş adamlarına yardım göstəririk. Bir çox işlər görülməkdədir və biz bütün fəaliyyətimizi daha da gücləndirəcəyik. Növbəti il builkindən daha asan olacaq. Layihələrimiz, hələlik, bir neçə ili əhatə edir. Düşünürəm ki, uzunmüddətli perspektivdə Ukraynanın öz iqtisadi gücü yetəcək ki, əhalinin yaşayış səviyyəsini AB səviyyəsinə qaldırsın. Ukraynada bu potensial var.
XS
SM
MD
LG