Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44
-

Təhsilimizin başında duranlar bütün bunlara ona görə dözürlər ki, onların balaları adi deyil, seçilmiş məktəblərdə oxuyurlar...


Eyvaz Zeynalov


TƏHSİLİMİZ HAQQINDA DÜŞÜNCƏLƏRİM


Təhsilimiz niyə bərbad vəziyyətdədir? Bu qədər işlər görülsə, pullar xərclənsə də, niyə nəticəsi görünmür, köklü bir dəyişiklik baş vermir?..

Təhsilimizin başında oturanlar, onu fırladanlar gecə-gündüz baş sındırır, dərs ilinin müddətini gah qısaldır, gah da uzadırlar. Biri deyir, Almaniya təhsil sistemi yaxşıdı, o biri deyir, Türkiyə. Başqa biri daha yaxşı, daha mükəmməl təhsil sistemlərindən birini seçib həmin sistemə keçməyi məsləhət görür. Lakin nədənsə həmişə olduğu kimi hamı əsas məsələdən yan ötür, sistemi həyata keçirən, tətbiq edən müəllim ordusunu unudur. Nə qədər qüsursuz, mükəmməl təhsil sistemi olur-olsun, onu reallaşdıran əsas qüvvə, müəllim ordusu mənən zəifdisə, əhval-ruhiyyəsi yüksək səviyyədə deyilsə, o sistemdən yüksək nəticə gözləmək, xəyal qırıqlığına qapılmaq, bilə-bilə başaldatmaqdı!

Zəncirvari suallar doğur: Bəlkə əsas və başlıca fiqurdan yan ötdükləri kimi bu adamların, təhsil sisteminə cavabdehlərin o kəlləçarxa yüksəliş yolları da məktəbdən, müəllimlikdən yan ötüb? Bu sahəyə yabançı şəxslərdi? Bəlanın kökündən xəbərsizdilər? Onun göynərtisini, ağrı-acısını vaxtı ilə aşağıda öz canları-qanları ilə hiss etməyib, yaşamayıblar? Yaşasaydılar, ağrı verəni birdəfəlik kəsmək əvəzinə nala-mıxa döyərdilərmi? Axı nə qədər olar?..

Uşaqdan da soruşsan, deyər, binanın möhkəmliyi onun bünövrəsini, özülünü tökən, tikən adamdan asılıdı. Onun haqqını kəssən, o da istər-istəməz tökdüyü bünövrəyə haram qatacaq, bünövrədən kəsəcək. Təhsilin bünövrəsini tökən, tikən onun “qara” fəhləsi, hansı tərəfdən baxsan, görünən əsas fiquru müəllimdi! Təəssüf, onunla böyrünə qoşduğumuz təmtəraqlı epitetlərə layiq davranmırıq. Təhsilimizin kimlərin çiyinlərində dayandığı kimsənin vecinə deyil! Vecinə olsaydı, cəmiyyətin də, dövlətin də əsas sütunlarından olan müəllimlərə dövlət məmuru statusu verməkdə xəsislik, biganəlik göstərməzdilər! Halbuki o ad ilk növbədə müəllimə halaldı, ona yaraşır. Çünki yerdə qalan bütün sahələrdəki bünövrə tökənləri, tikənləri yetişdirən, hazırlayan təhsilin bünövrəsini qoyan müəllimlərdi! Həmin adı əsirgəyənlər, azı, onların o səviyyəyə çatmalarında böyük, qeyri-adi əməyi, zəhməti olan müəllimlərinə nankorluqlarıdı.

Atalar sözüdü, acdan kişi olmaz! Olsa da, həmişə gözüdağınıq olar. Ehtiyac köpəyoğlu şeydi! Bünövrə tökənin əli düz, vicdanı təmiz, gözü tox olmalıdı! Təəssüf, bizdə tam tərsinədi. Müəllim çoxlarından yaxşı dolanmalı olduğu halda çoxlarından pis dolanır, aşağı maaş, əməkhaqqı alır. Müəllimin hörməti yuxarıda yox, sözdə, boğazdan yuxarıdadı.

Ehtiyac içində boğulan müəllimin gözü orda-burda, dağınıqdı. Ac qılınca çapar, nə qədər nəzarət edirsən, et! Sən yüz dəfə de, bizdə ac müəllim yoxdu. Ona görə yoxdu ki, düz, əyri – hər yola əl atır. Yeri düşəndə məktəbdə şagirddən süpürgəpulu, təmirpulu, odunpulu, nə bilim nəpulu da yığır, “xaltura”, alver də edir, yaxşı halda, repetitorluqla başını girləyir, ac qalmır. Ac qalan, axsayan təhsilimiz olur.

Təhsilimizin başında duranlar bütün bunlara ona görə dözürlər ki, onların balaları adi deyil, seçilmiş məktəblərdə oxuyurlar.

Məktəblərimizdə kişi müəllimlərin sayı barmaqla sayılacaq qədər də deyil! Böyük təhlükə, SOS-du!

Ailənin bel sütunu, yükünün əsas daşıyıcısı kişidi. Kişi isə müəllimə verilən maaşla ailənin yükünü daşıya, çəkə bilmir. Maddi durumunu babatlaşdırmaq üçün hər hansı bir kənar işə baş qoşan müəllimin öz peşəsinin öhdəsindən babat belə gəlməsi qeyri-mümkündü. Mümkün olsaydı, təhsilimiz bu cür ağlamalı günə düşməzdi.

Ömrünün son dövrünü nostalji hisslərlə yaşayan bir qocaman müəllim yoldaşımızın yana-yana dedikləri yaxşı yadımdadır. Deyirdi, gözütox, hörmətli, sayılıb-seçilən yaşayırdıq. Çətinə düşən, ehtiyacı olan müəllimə xahişə, məsləhətə, borc almağa gəlirdi. Şagirdlərimizin ən talantlıları inşa yazılarında fəxrlə müəllim olmaq istədiklərini bildirirdilər. Şəxsi nümunə böyük, misilsiz gücə malikdi! Ən təsirli reklamdı! Tədricən əyintilər, neqativ hallar artdı, çoxaldı, cəmiyyətin nizamı pozuldu, yerlər dəyişdi. Əliəyrilər, oğrular, dövləti çapıb-talayanlar varlandılar, söz sahibi oldular, haramla yetişən balaları da onların yolunu tutdular, biz kölgədə qaldıq, unudulduq. Müəllim sözünə əlavə edilən “şərəfli”, nə bilim nə, epitetleri indi tək onlarda deyil, balalarında da ironiya doğurur.

Anam sayılan, seçilən sinif müəllimlərindən idi. Birinci sinfə dərs deməyə başlayanda valideynlər balalarını onun sinfinə yazdırmaq üstündə məktəbdə dava salardılar. Belə bir “dava” anam dərs dediyi sinfi dördüncü sinfin axırınacan gətirib beşinci sinfə keçirəndə o sinifdə sinif rəhbəri olmaq, dərs demək istəyən yuxarı sinif müəllimləri arasında da düşərdi. Fənn müəllimlərinin hamısı onun yetirib-bitirdiyi sinifdə dərs demək istəyərdi. Çünki hər cəhətdən rahatçılıqdı. Anam onlara, onların təlim-tərbiyəsinə biz balalarından da artıq canını qoyardı.

Bu yaxında qocaman, savadlı sinif müəllimlərindən biri söhbət zamanı dedi ki, indi yuxarılarda dərs deyən fənn müəllimlərinin də, sinif rəhbərlərinin də elə şeylər qulaqlarına girmir, veclərinə deyil. Əksinə, “pis” siniflə daha artıq maraqlanırlar. Deyirlər, bizə yaxşı oxuyan yox, pis, zəif oxuyan şagird lazımdı. Axı onlar məktəbdə işləməklə bərabər dərsdən sonra evdə repetitorluqla da məşğuldular. Dərs dedikləri siniflərdə dərslərini yetirməyənləri valideynləri ilk növbədə elə onların yanına hazırlığa göndərirlər. Onlardan daha artıq qazanırlar.

Bunu eşidəndə mən şoka düşdüm. Nə böyük dəhşət, nə böyük rəzalət! Günah kimdədi? Necə gözəl təhsil sistemi seçirsən, seç, məktəb binaları tikirsən, tik, onları hansı müasir avadanlıqlarla təmin edirsən, et (o avadanlıqlar onsuz da bağlı qapılar arxasında çürüyür, şagirdlər görmür, direktorundan müəlliminə qədər onlardan heç birinin başı çıxmır), xeyri yoxdu. Əgər təhsilimizdəki acınacaqlı vəziyyəti, doğrudan, düzəltmək istəyiriksə, birinci növbədə, yalnız və yalnız müəllimin maaşını qaldırmalı, dolanışığını kifayət qədər yaxşılaşdırmalıyıq, vəssalam! Müəllim onun yaxşı müəllim olmasına əngəl törədən gündəlik bütün əlavə qayğılardan, problemlərdən azad edilməlidi!

Yenidənqurmanın ilk illərində N. Xəzri ilə C. Əlibəyov “Kommunist” qəzetində Hollandiyada qonağı olduqları bir fermer haqqında “Gerçək yuxular” adlı bir məqalə çap etdirmişdilər. Gördükləri onlarda yuxu təsiri buraxmışdı.

Ferma sahibi işçisini göstərib demişdi ki, buzovabaxanımın mənim buzovuma baxa-baxa öz ev-eşiyi, uşaqları, şəxsi problemləri haqqında düşündüyünü bilsəm, onu o saat işdən qovaram. Bizimkilər təəccüblənəndə qayıtmışdı ki, o, yalnız mənim buzovlarım haqqında düşünməlidi. Onun ev-eşiyi, uşaqları, ailəsi, bütün problemləri haqqında mən fikirləşirəm! Mən onun ailəsi, qayğıları, problemləri haqqında o mənim inəklərim, buzovlarım haqqında bildiklərindən çox bilirəm!

Mən o zaman müəllim işləyirdim. Məqaləni müəllimlər otağında müzakirə edərkən müəllim həmkarlarım o fermerin malabaxanlarına da, onların qulluğunda dayandıqları inəklərə, buzovlara da köks ötürmüşdülər. Biz məktəbə gedəndə də, ordan qayıdanda da, lap elə məktəbdə, sinif otağında dərs deyəndə də öz ailə-məişət, şəxsi qayğılarımız, problemlərimiz haqqında düşünürdük. Çünki bizim əvəzimizdən problemlərimiz haqqında düşünən yoxdu.

Təhsil sistemimiz o zaman düzələcək ki, təhsilimizə cavabdehlər müəllimlərimiz haqqında heç olmasa o fermerin öz buzovabaxanları haqqında düşündüyü qədər düşünsünlər. Maddi ehtiyac, çətinliklər girdabında boğulan, çabalayan bugünkü müəllimlərimizlə təhsilimizi qaldırmağın mümkünlüyü absurd bir şeydi.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG