Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49
-


İyunun 8-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir



İLHAM ƏLİYEV AVROPA ŞURASINDA DALANA DİRƏNƏ BİLƏR

«Azadlıq» qəzeti yazır ki, Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində prezident İlham Əliyevin çıxış edəcəyinə toxunub:

«Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin fikrincə, iyun sessiyasında Azərbaycan hakimiyyətini ciddi sınaq gözləyir. Yəni məhkəmələrin iflic vəziyyətdə olması, siyasi fəalların təqib edilməsi, repressiyaların həyata keçirilməsilə bağlı suallara cavab verməli olacaqlar. Hesab edirəm ki, kifayət qədər gərgin bir sessiya olacaq».

AZƏRBAYCANIN YENİ PARLAMENTİNDƏ QADIN DEPUTATLARIN SAYI ARTACAQ

Modern.az saytı yazır ki, 2015-ci ilin payızında parlamentə keçiriləcək seçkilərdə qadın deputatların sayı artacaq.

«Qadın deputatların sayının artacağı barədə fikir söyləmək üçün məntiqi baza da var desək, yanılmarıq. Diqqət edək, bir müddət əvvəl Azərbaycan iqtidarı qadınların rayon İcra Hakimiyyəti başçılarının müavini postuna gətirilməsi barədə göstəriş verib. Bu göstərişin nəticəsində Azərbaycanın bütün rayonlarında icra başçılarının müavinlərindən biri qadındır.

Azərbaycanda qadınların ictimai-siyasi fəaliyyətinin daha yüksək fazaya daxil olması istiqamətindəki addımlar yəqin ki, gələcəkdə başqa rəsmi qurumlara da əks olunacaq. Əldə etdiyimiz məlumatlara görə, 2015-ci il parlament seçkilərində deputatların say tərkibinin 30 faizini xanımlar təşkil edəcək».

KEÇMİŞ SİYASİ MƏHBUSLAR YAZDIQLARI ƏFV ƏRİZƏSİNDƏN DANIŞDILAR

«Yeni Müsavat» qəzeti vaxtilə prezidentə əfv ərizəsi yazmış şəxslərdən soruşub ki, əfv ərizəsi hansı psixologiya ilə yazılır, kimlərəsə təzyiq edilirmi?

«Avropa.info saytının baş redaktoru, keçmiş siyasi məhbus Ruslan Bəşirli bildirdi ki, qanuna əsasən, əfvlə bağlı müraciət etmədən dustağın əfv fərmanı ilə azad olunması mümkün deyil. Onun sözlərinə görə, bəzilərinin «biz əfv müraciəti etməmişik, amma əfvə düşmüşük» açıqlamaları qeyri-realdır. R. Bəşirli dedi ki, Azərbaycanda başqalarını əfv ərizəsi yazdığı üçün ittiham edənlər də bir müddət sonra türməyə düşüb, sonradan belə müraciətlər yazıblar.

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

Keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev isə bildirdi ki, o, əfv ərizəsi yox, prezidentə məktub yazıb. Müsahibimizin sözlərinə görə, həmin məktubda cinayət törətməsi, peşmançılıq, üzr-filan olmayıb: «Sadəcə «azadlıqda olmağım daha yaxşı olardı, mənim məqsədim demokratik, hüquqi dövlətin qurulmasıdır» yazılmışdı. B. Hacıyev hesab edir ki, hazırda həbsdə olan siyasi məhbuslardan kimlərsə «cinayətlərini etiraf» etməmək şərti ilə məktub yazaraq azadlığa çıxa bilərlərsə, onların ailələrinə qovuşması üçün bunu normal, adi qəbul etmək lazımdır».

ŞAMAXI RƏSƏDXANASI: «YERƏ BÖYÜK ASTEROİD YAXINLAŞIR»


N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA agentliyinə bildirib ki, Antixrist adı verilən asteroid iyunun 8-də Yer kürəsinin 1 milyon kilometr yaxınlığından keçəcək.

Uzunluğu 325 metr, eni 60 metr olan asteroidin planetimiz üçün heç bir təhlükə yaratmadığını deyən Vaqif Xəlilov bildirib ki, bu göy cismi Ayla Yer arasındakı məsafəsindən 3 dəfə uzaq məsafədən keçəcək.

Bu asteroid ilk dəfə bu ilin aprelində NASA alimləri tərəfindən kosmik aparatlar vasitəsilə aşkar edilib və hazırda onun hərəkət trayektoriyası izlənilir. İyunun 8-də bu göy cismi yenidən müşahidə olunacaq və görüntüsü yayımlanacaq.

YENİLİKLƏR AZƏRBAYCAN VƏTƏNDAŞLIĞININ ƏHƏMİYYƏTİNİ DAHA DA YÜKSƏLDİR

Mübariz Qurbanlı

Mübariz Qurbanlı

Bunu «Yeni Azərbaycan» qəzetinə partiyanın icra katibi Mübariz Qurbanlı deyib. Deputat bildirib ki, «Azərbaycan varlı, inkişaf edən ölkədir. Burada xeyli sayda əcnəbilər yaşayıb işləyir və onların da arasında vətəndaşımız olmaq istəyənlər var. Azərbaycanda miqrasiya ilə bağlı dövlət qurumu fəaliyyət göstərir və bu məsələləri tənzimləyir. Eyni zamanda, bizim də vətəndaşlarımız var ki, ayrı-ayrı ölkələrə gedərək həmin ölkələrdə müxtəlif sahələrdə çalışır və çalışdığı ölkənin vətəndaşı olmaq üçün müraciət edir. Bəzi ölkələr var ki, vətəndaşlıq məsələsinə çox yumşaq yanaşır və istənilən şəxsin müraciətini nəzərə alır. Yəni, əcnəbiləri öz vətəndaşlığına asan qəbul edən ölkələr də var. Belə vəziyyətdən də kimlərsə istifadə etməyə çalışır. Təbii ki, bu cür sadə vətəndaşlıq verən ölkənin başqa məqsədləri ola bilər. Ona görə də, bizim qanunvericiliyimizə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Dəyişikliyə əsasən, hansısa vətəndaşımız başqa ölkənin vətəndaşlığını alırsa, bir ay müddətində Azərbaycanın müvafiq qurumlarına məlumat verməlidir. Bu məlumatı verdikdən sonra həmin insan seçim etməlidir. Ya Azərbaycan, ya da o biri ölkənin vətəndaşlığını qəbul etməlidir. Azərbaycanda ikili vətəndaşlıq olmadığına görə, başqa ölkənin vətəndaşlığını alan şəxs avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirir. Seçimi həmin şəxsin özü etməlidir» .

AZƏRBAYCAN ƏRAZİSİNDƏ YANĞINLAR DAVAM EDİR


Trend agentliyi bildirir ki, «Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində dünən törətdiyi yanğın gecə saatlarında da müşahidə olunub. Erməni hərbçiləri iyunun 7-də günün ikinci yarısından etibarən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin sahələrinə od vurublar. Gecəyə doğru yanğın neytral əraziyə yayılaraq işğal olunmuş Şıxlar kəndinin ərazilərinə qədər genişlənib. Alovun təmas xəttini keçməsi və cəbhəyanı yaşayış məntəqələrinə zərər vurması faktı qeydə alınmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG