Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22
-
Rusiya mətbuatı Azərbaycanın keçmiş müdafiə nazirinin müavini, polkovnik İsa Sadıqovun başına dəstə toplayıb Ukrayna hərbçilərinə dəstək verdiyi barədə məlumat yayıb.

Hazırda Norveçdə mühacirət həyatı yaşayan İsa Sadıqov AzadlıqRadiosuna bunu «təxribat» kimi qiymətləndirib:

«Belə bir təkliflə hələ mart ayında çeçen mücahidləri çıxış etmişdi. Mən həmin vaxt Ukraynada idim və rəsmilərlə görüşümdə öz təkliflərimi bildirdim. Həmin vaxt vəziyyət ağır idi, Krım işğal olunurdu. Ukrayna rəsmiləri mənə təşəkkür etdilər və dedilər ki, kənar qüvvələrin bu savaşa cəlb olunmasını istəmirlər».

İsa Sadıqov deyir ki, həmin vaxt Ukrayna təkcə Azərbaycandan yox, həm də Gürcüstan və Çeçenistandan müharibə təcrübəsi olan «böyük bir qüvvə»dən imtina edib:

«Gedişat göstərdi ki, Ukrayna rəsmiləri düzgün mövqe seçiblər. Ruslar bundan yararlanıb bütün dünyaya yayacaqdılar ki, Ukrayna terrorçulardan istifadə edir. Rusiyanın kənar qüvvələrdən istifadəsinə baxmayaraq, Ukrayna yalnız öz gücünə arxalandı».

İsa Sadıqov deyir ki, Ukrayna hərbçilərinin apardığı antiterror əməliyyatı Rusiya üçün «gözlənilməz zərbə» oldu:

«Rusiya Krım kimi digər cənub-şərq bölgələrini də işğal edəcəyini, prezident seçkisini şübhə altına alacağını düşünürdü».

«UKRAYNANIN İMTİNASI DÜZGÜN QƏRAR İMİŞ»

Keçmiş hərbçi deyir ki, ilk vaxtlarda kənar qüvvələrin dəstəyindən imtina edən Ukraynanın bu gün bu dəstələrdən istifadə edəcəyi inandırıcı görünmür:

«Bu, Rusiya mətbuatının Ukrayna əleyhinə təbliğatı, təxribatıdır. Bu gün Ukraynanın böyük beynəlxalq dəstəyi var. Hadisələrin axarı da göstərdi ki, ölkənin kənar qüvvələrin dəstəyindən imtinası düzgün qərar idi».

«MƏN YALNIZ ÖZ ORDUMUZDA XİDMƏT EDƏRƏM»

Ukrayna rəsmiləri İsa Sadıqova onların ordusunda xidmət etmək təklifini veriblərmi? İsa Sadıqov deyir ki, o, Azərbaycan zabitidir:

«Ukraynada çoxlu zabit və generallar var. Hələ o vaxt sovet ordusunda ən savadlı, ən güclü zabitlər ukraynalılar olub. Mənim ora getməyim və təkliflərim ancaq və ancaq bir azərbaycanlı zabit kimi Ukrayna xalqına, dostlarıma dəstək məqsədi daşıyıb. Düzdür, onlar çox sevinirdilər ki, Azərbaycandan, Gürcüstandan onlara belə dəstək təklifi var. Azərbaycanın təhlükəsizliyi ilə bağlı ciddi narahatçılıqlar yaransa, onlar da bizim yanımızda olacaqlar. Özümə gəlincə, mən yalnız öz ordumuzda xidmət edərəm».

Şərhləri göstər

XS
SM
MD
LG