Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Kənd musiqiçisi: «İl mərasimlərinə görə toylar azalıb»


-
Ərçivan kəndinin «Dərya» adıyla tanınan musiqi qrupu var. Astara rayonunda çoxunun toy-düyündən tanıyıb-bildiyi bu qrupun rəhbəri Fəxrəddin Məmmədov deyir ki, isti havalarda, adətən, həyətdə, soyuqla düşəndəsə eyvanda – qapalı yerlərdə el şənliklərinə hazırlaşırlar. Onlar adi kənd musiqiçiləridir.

«QISASI, PUL YOXDUR»

«Dərya» qrupunun 6-7 üzvü var. müğənnilik də qrup rəhbərinin – Fəxrəddin Məmmədovun üzərinə düşür:

«Qabaqlar – 90-cı illərin əvvəllərində ümumi vəziyyət bir az ağır olsa da, toylar çox gözəl keçirdi. Qazandığımız pulların da dəyəri vardı. İndi toylar, elə bil, ləzzətini itirib. Bəlkə də insanların maddi durumundan belədir. Bir nəfər toy edəndə, ona illərlə hazırlaşır. Musiqiçinin pulunu ayrı qoymaq lazımdır... Toy yiyəsinin çox xərci çıxır. Qısası, pul yoxdur, pul tapılsa, çətinlik də olmaz».

Fəxrəddin Məmmədovun sözlərinə görə, kənd toylarında elə də pul qazanmaq olmur – qiymətlər aşağıdır. O deyir ki, üstündə Nizaminin şəkli olan əskinasların vaxtında verilən pul tam bəs edirdi. Amma indi:
«Toy yiyəsindən pul almaq da çətindir... .Elə olur ki, yoxsuldur, imkanı çatmır. Eləsinin toyunda təmənnasız çalıb-oxuyuruq. İmkanı olanlar pul verir –50, ya da 100 manat».

«40-50 MANAT BƏS EDİR»

Qrup rəhbəri nisyə toy olmadığını da sözlərinə artırır. Adamlar nisyə pula musiqiçi çağırmağı özlərinə eyib bilirlər. Amma dağ kəndlərində də musiqiçi dəstələri olduğundan qazandıqları dolanmağa güclə çatır:

«Qazanc deyəndə ki, bir dənə böyük ailədir. Bir maşının xərci 5 ailənin xərcinə bərabərdir. Bunun oğlu var, nəvələri var... Nəvələri görürsünüz. Hələ gəlin var. Bunlar heç yerdə işləmirlər».

O, əlini musiqiçilərdən birinə tuşlayıb sözünə davam edir:

«Subay oğlandır. Hələ ki, aldığı 40, ya da 50 manat bəs edir. Evlənəndən sonra çatmayacaq».

«ƏRÇİVANDA TOYLAR AZALIB»

«Dərya»nın rəhbəri kənddə toyların azaldığını söyləyir. Deyir, bunun bir səbəbi maddi durumdursa, digər səbəbi də kəndə dünyasını dəyişənlərin çoxalmasıdır:

«Kənddə toylar azalıb. Bu, yaslarla bağlıdır. Rəhmətə gedənlər çox oldu. İl məclislərinə görə toylar azalıb. Üstəlik, maddi durum da ürəkaçan deyil. Dünyada hər hansı işi hara fırladırsan, pulun üstünə çıxır».

Musiqiçilər toya hazırlaşırlar. Klarnetdə Rauf Məmmədov, nağarada Elməddin Məmmədov, sintezatorda Zakir Əsədullayev çalır.

Zakir Əsədullayev deyir ki, kənd toylarında müasir mahnıları daha çox bəyənirlər:

«Müasir mahnıları kəndin cavanları daha çox xoşlayır. Mən də müasir mahnıları hazırlayıram».

Fəxrəddin Məmmədov kənd sakinlərindən razılığını vurğulayır:

«Allah kənddən razı olsun. Şəxsən mən Ərçivan kəndindən razıyam».

«ƏYALƏT MUSİQİÇİLƏRİNƏ BİGANƏLİK VAR»

Sakinlər də musiqiçilərdən razılıq edir. Vaqif Əhmədoğlu öz razılığını belə dilə gətirir:

«Əyalət musiqiçilərinə həmişə biganə münasibət var. Bu saat əyalətlərdə elə musiqiçilər var ki, heç mərkəzlərdə də eləsi yoxdur. Bizim kəndin toylarını da, şənliklərini də öz musiqiçilərimiz yola verirlər. Çox sağ olsunlar».

Bir başqa sakin – Səadət Məmmədov:

«Kəndimizdə yaxşı musiqiçilər var. Camaatın xeyir işində iştirak edirlər. Yaxşı davranırlar. Necə lazımdır, köməkləri əsirgəmirlər».

Kənd sakini Əlisəfa Əliyev:
«Ərçivan çox qədim kənddir. Yaxşı musiqiçiləri var».

Musiqiçi Rauf Məmmədov deyir ki, xoşlanan mahnılar çoxdur:
«Cavan uşaqlar «qazaxı», «tərəkəmə» və «xan çoban»ı bəyənirlər».
XS
SM
MD
LG