Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:48

Bütün hekayələrini Bakıya həsr edən yazar – O kimdir?


Elşən Tarıverdiyev
Elşən Tarıverdiyev
-
AzadlıqRadiosunun yazar Elşən Tarıverdiyev ilə müsahibəsini təqdim edirik. O, öz hekayəsi ilə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin finalına yüksəlib.

- Elşən bəy, bu il «Ədəbi Azadlıq»da hekayə onluğunda rusca yazan yeganə azərbaycanlı yazar sizsiniz? Nəyə görə məhz rusca yazırsınız, Azərbaycan dilində yazmaq çətindirmi sizə?

- Mən Bakıda doğulub böyümüşəm, əlbəttə Azərbaycan dilini bilirəm, amma orta məktəbi, universiteti rusca oxumuşam deyə rus dilində fikrimi ifadə etmək mənim üçün daha rahatdır. Ali təhsilimi Moskvada almışam, ixtisasca şərqşünasam, düz 17 ildir ki, Moskvada, sərgilərin təşkili ilə bağlı sahədə çalışıram. Əslində məni yazar hesab etmək də olmaz çünki filoloji savadım yoxdur.

- Dünya ədəbiyyatında ixtisasca ədəbiyyatçı olmayan o qədər yazıçı var ki. Hər yazarı bir şey yazmağa sövq edir, bəs sizin səbəbiniz nədir? Nə vaxtdan yazırsınız?

- Doğrudur, amma mən həvəskar kimi yazıram. Açığı 30 yaşımda da yazmağa çalışmışam, 40 yaşımda da, heç birində alınmayıb, işlərdən vaxtım olmayıb. İlk dəfə 49 yaşımda yazmağa başladım. Bilirsiniz, məni Bakı həsrəti, Abşeron bağlarında, Bilgəhdə keçən uşaqlığım, gəncliyim yazmağa vadar edir. İndiyədək 20-25 hekayə yazmışam hamısı da ucdantutma Bakıdan bəhs edir. Tez-tez internetdə Azərbaycan saytlarına baxıram bəzən orda rastlaşdığım bir söz, bir cümlə məni qəhərləndirir, Bakı üçün darıxıram və gözlərimi yumub xəyallarımın qanadında Bakıya gəlirəm. O anlarda yazmadan dura bilmirəm. Bu halların nəticəsində iki böyük povest yazdım, hekayələr yazdım və toplayıb «Нагретый песок приморского рая» adlı bir kitab buraxdım. Kitab Bakıda çıxdı, hal-hazırda «Əli və Nino» kitab mağazalarında satılır, amma mən onun təbliği üçün heç çalışmadım. Daha sonra əsərlərimi «Milli Kitab Mükafatı» müsabiqəsinə yolladım və səs soraq çıxmadı. Axırda həmin hekayəmi sizə yollamağa qərara aldım və gözlənilmədən hekayəm onluğa düşdü.
- Bəs onluğa düşən hekayəniz necə yazıldı, o da Bakıdan bəhs edir, özəl bir tarixçəsi varmı?

- Mən indi vətəndən çox uzaqdayam və Bakıya ancaq ildə bir dəfə gəlirəm. Məni həmişə Bakıdakı böyüyə-kiçiyə hörmət, dürüstlük, insanpərvərlik kimi keyfiyyətlər çox cəlb edir. İndi isə baxıram Bakının əvvəlki halından çox az şey qalıb, Abşeronda dəniz sahillərinin hasara alınması, villalarla əhatə olunması, köhnə Bakı məhəllələrinin dağıdılması məni çox incidir, kövrəldir.
Elşən Tarıverdiyev
Elşən Tarıverdiyev
Bu hekayəni çox kiçik bir sözdən yazmağa başlamışam. Mənim bir qohumum var köhnə sovetski məhəlləsində yaşayırdı, onun 150 illik evi vardı və həm babaları, həm atası, həm özü orda böyümüşdü, bütün xatirələri, hissləri o evlə bağlı idi, ev alanlar onu aldadıb evini çox ucuz qiymətə aldılar, sökdülər. Bu hadisəni eşidəndə içimə bir sızıltı düşdü və dərhal yazmağa başladım, çox böyük bir hekayə alındı. Həmin hekayəni «Ədəbi Azadlığa» yolladım.

- Bundan sonra necə, yenə Bakı haqqında yazmağa davam edəcəksinizmi, ədəbiyyatla peşəkar məşğul olmaq istəyiniz varmı?

- Mənim indi 53 yaşım var. Yazmağı heç kimdən öyrənməmişəm, bu sanki öz-özünə yaranıb. Doğrusu, buna qədər məndə yazmağa ciddi bir stimul olmayıb. Hekayələrimi müxtəlif rusdilli Azərbaycan saytlarına yollayırdım. Amma «Oxu Zalında» hekayəm çıxanda gördüm ki, insanlar girib hekayəmə səs verir, müzakirə edirlər. Azərbaycanda belə böyük rusdilli oxucu təbəqəsinin olduğunu bilmirdim. Bu mənə yazmaq üçün bir stimul verdi. Onu da deyim ki, keçən il də «Ədəbi Azadlıq» müsabiqəsində iştirak etmişdim, onda hekayəmi bir dostuma tərcümə etdirmişdim və hekayəm indiki qədər diqqət çəkməmişdi, bilmədim tərcümə zəif olub ya nə. Ancaq bu il qərara gəldim ki, hekayəmi rusca göndərim. Bundan sonra hekayələrimi toplayıb «Xəyallarımın qanadında» adlı bir kitab şəklində çap etdirməyi düşünürəm.
- Bildiyim qədəriylə Rusiyada həm Moskvada, həm də Peterburqda ayrı-ayrılıqda iki ədəbi mərkəz var. Orda çoxlu ədəbi mükafatlar verilir, jurnallar çıxır. Siz heç Rusiyada çap olunmağı düşünübsünüzmü. Bizim ədəbi mühitimizlə onlarınkı arasında nə fərq var?

- Bilirsiniz rus oxucusunun yazıçıdan tələbləri çox yüksəkdir. Onlar hər yazılanı oxumurlar. Burda ədəbiyyat hədsiz dəstəbazlıq var, az qala ədəbiyyat mafiyalaşıb. Tənqidçilər çox amansızdır, azca zəif yazsan sadəcə ədəbiyyatdan kənarda qalırsan. Ona görə də Rusiyada demokratik ədəbi mühitin olduğu deyilməz. Burda ancaq böyük ədəbi uğurlardan sonra oxunmağa, çap olunmağa başlayırsan.

Azərbaycan ədəbiyyatını isə mütəmadi izləyirəm, daim ədəbiyyat verilişlərini dinləyirəm, müsahibələri, məqalələri oxuyuram. Düşünürəm ki, Azərbaycanda daha azad və sərbəst ədəbi mühit var, hər kəsin özünü təsdiqləməsinə imkan verilir. Ancaq Azərbaycan ədəbiyyatında mövzu axtarışı görünmür. Gərək müasir Azərbaycan yazarları dünya ədəbiyyatı ilə körpü quracaq mövzular tapsınlar, dünyaya çıxmağa cəhd etsinlər. Məsəlçün, ikinci dünya müharibəsi, dünya xalqlarının ortaq tarixidir və Azərbaycan xalqının bu müharibədən necə çıxdığından bəhs edən müasir bir əsər hələ ki, yoxdur. Həmçinin, Qarabağ müharibəsi haqda da dünyaya çıxacaq, dünya xalqları üçün maraqlı olacaq bir əsər yazılmalıdır.
Söhbətləşdi: Namiq Hüseynli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG