Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Baş Zəyzidin doğum evi həm də məktəbmiş... [Video]


-
Şəkinin Baş Zəyzid kəndinin məktəbliləri hər səhər çantalarını götürüb kəndin yuxarı başındakı doğum evinə yollanır. Niyə? Niyəsinə adamın inanmağı gəlmir...

Baş Zəyzid camaatının sözlərinə görə, 3 il əvvəl kənd məktəbi tətilə, ardınca da təmirə bağlanıb. O vaxtdan məktəb avadanlığı doğum evinə köçürülüb. Ötən il prezident seçkilərindən 20 gün öncə əsaslı təmir adı ilə məktəbə fəhlə briqadası gətirilib. Ancaq fəhlələr seçki başa çatandan 1 gün sonra işləri yarımçıq dayandıraraq çıxıb gediblər...

«MARAQLANAN YOXDUR Kİ, BU UŞAQLAR HARDA DƏRS KEÇİRLƏR»

Kənd sakini Mehman Həmzətov deyir:

«Üç ildir gəlib maraqlanan yoxdur ki, bu uşaqlar harda dərs keçir. Köhnə bir xəstəxana var, hamını ora yığıblar. Yəqin gedib oranı da çəkəcəksiniz, buradan daha bərbad gündədir. Nə kənd soveti, nə bələdiyyə qabağa çıxır. 12 min əhalisi olan kəndin uşaqları indi məktəbsiz qalıblar».

Baş Zəyzidin bir başqa sakini Nazim İbadov:

«21-ci əsrin ikinci onilliyindəyik. Dünyanın ən ucqar yerlərində müasir tipli məktəblər tikilir. Ancaq milyon tonlarla neft çıxaran, milyardlarla gəliri olan ölkəmizin dilənçi xalqının məktəbi bu gündədir. O millətin ki, təhsili yoxdur, o millət məhvə məhkumdur. Bax, 20 ildir kasıb zümrəni belə məhv edirlər. Bu ölkədə hamı cibini güdür, təhsilə baxan yoxdur. Yazıqdır bu balalar, yazıqdır gələcəyimiz».

MƏKTƏB YETİŞMİR?

Sakinlərin sözlərinə görə, məktəb 3 il əvvəl Zaqatalada baş vermiş zəlzələdən sonra qəzalı duruma düşüb. Təbii fəlakət məktəb divarlarında da iz buraxıb. Sakinlər düşünür ki, məktəb, daha doğrusu, məktəbsizlik barədə prezidentə və xanımına yazılan məktublar, necə deyərlər, yolda ilişib qalır. Belə olmasaydı, ölkə rəhbəri Baş Zəyziddəki məktəb probleminə çoxdan əncam çəkmişdi:

Valideyn Bədrəddin Nəsibov:

«Ya məktub çatmır, ya da kömək etmirlər. Burdan yuxarıya 4-5 kilometr məsafə var. Qışda-çovğunda 1-ci, 2-ci sinif şagirdi necə gəlsin kəndin ayağındakı xəstəxana binasına? Çox ağır vəziyyətdir. Kəndin ayağında 20 santimetr hündürlüyündə qar olanda, kəndin yuxarısında qarın qalınlığı 60-70 santimetrə çatır. Bakıya dəfələrlə məktub yollamışıq ki, kəndin yuxarısında məktəb tikilsin. Cavab yazıb yollayırlar ki, 2014-18-ci illərdə məktəblər tikiləcək. Bu cavabla da kifayətlənirlər. Nə bu məktəbi tikirlər, nə də başqa məktəbləri».

XƏSTƏXANA PALATALARINDA SİNİF OTAQLARI

Baş Zəyzid məktəbinin 130 müəllimi və azı, 1000 şagirdi var. Bina olmadığına görə indi doğum evi ilə qonşu otaqda oxuyub yazmaq məcburiyyətində qalıblar. Şəraitsizlik onların dərs davamiyyətinə də təsir göstərib. Başa çatan təhsil ilində onların böyük qismi dərslərə qatılmayıb.

Bu da məktəbə çevrilmiş kənd xəstəxanası. Kəndin yuxarı başından daşınıb gətirilmiş yazı lövhələri, sınıq-salxaq parta və stullar xəstəxana otaqlarına düzülsə də, deyəsən, oxuyub-yazmaq ab-havası yarada bilməyib. Şəraitsizlik heç müəllimlərdə də dərs keçmək həvəsi qoymayıb.

Riyaziyyat müəllimi Kənan Cəlilov:

«Məktəbin vəziyyətini qənaətbəxş hesab etmək mümkün deyil. Bu, bütün kollektivin fikridir. Hamı reallığı görür. Uşaqlar çox əziyyət çəkirlər. Təlim, tərbiyə, təhsil işi ağırdır. İnsan hər mühitdə işləməyə məcburdur. Bizə təzə məktəb binası lazımdır».

Müəllim deyir, xəstəxanaya xəstə gətiriləndə şagirdlərin diqqəti dərsdən yayınır və «siniflərdəki» dərs ahəngi pozulur.

Baş Zəyzidlilərin sözlərinə görə, hər il kənd orta məktəbinin şagirdlərindən, azı, 30 nəfəri yüksək balla müxtəlif ali məktəblərə qəbul olunur. Sakinlər tezliklə şagird övladlarının xəstəxana palatalarından məktəb otaqlarına qayıtmasını həm istəyir, həm umur, həm də tələb edirlər...

Şəkinin təhsil şöbəsindən Baş Zəyziddəki məktəblə bağlı bircə onu bildiriblər ki, buranın təmiri yaxın vaxtlarda davam etdiriləcək və məktəblilərin canı xəstəxana palatalarından qurtaracaq. Sonrakı illərdə isə kənddə başqa məktəb də inşa olunacaq...

Şərhləri göstər

XS
SM
MD
LG