Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:14
-
İLQAR MƏMMƏDOVUN KAMERASINA 5 SİQARET ÇƏKƏN ŞƏXS SALINIB

İyunun 5-də vəkil Fuad Ağayev Şəki İstintaq Təcridxanasında ReAl hərəkatının lideri İlqar Məmmədova baş çəkib. Səfər iyunun 1-də tək qalmaq istəyən Məmmədovun kamerasına iki məhbusun salınması ilə bağlı olub.
İlqar Məmmədov

İlqar Məmmədov

Aydın olub ki, Məmmədovun kamerasına siqaret çəkən daha 3 nəfər yerləşdiriblər və hazırda onların sayı 5-dir. Ağayevin bildirdiyinə görə, o, istintaq təcridxanasının rəhbəri ilə söhbət edib və ona problemin həlli üzrə addımlar atılacağını vəd ediblər.

«GƏNCLƏR BİLİRLƏR Kİ...»

«Yeni Müsavat» qəzeti həbsdəki NİDA üzvlərindən beşinin vəkili olan Elton Quliyevlə müsahibə dərc edib. Bəxtiyar Quliyevin yazdığı əfv müraciəti barədə vəkil deyib ki, həmin ərizə NİDA-çıların əhval-ruhiyyəsinə təsir etməyib. «Reallıqdır, onsuz da Bəxtiyar Quliyev prosesin əvvəlində də Rəşad Həsənovun əleyhinə ifadə vermişdi,» Elton Quliyev deyib.

- Bizim bildiyimizə görə, eyni müraciətin yazılması üçün həbsdəki digər NİDA-çılara da müraciət olunub. Görüşdə sizə bu barədə nə isə dedilərmi?

- Mənə də bu barədə bildirdilər. Mənim görüşdüyüm gənclər o təklifi qəbul etməyiblər. Mən görüşdüyüm vaxta qədər məlumat belə idi. Düşünürəm ki, bu mövqeləri ciddidir.

5-6 İLƏ 20 MİLYARD DOLLAR İNVESTİSİYA

AzərTAc xəbər verir ki, iyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilib.

İlham Əliyev

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında deyib ki, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır.

«Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır.

Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir».

İRANA MÜALİCƏ AXINININ QARŞISINI NECƏ ALMAQ OLAR?

«Azadlıq» qəzeti: İranın Azərbaycandakı səfiri də bu yaxınlarda verdiyi açıqlamasında hər il bir milyon azərbaycanlının İrana müalicə məqsədilə getdiyini söyləmişdi. Bu isə hər il ölkədən kənara 100 milyonlarla vəsaitin daşınması deməkdir. Bu qədər vəsaitin xaricə axınının qarşısını almaq üçün hökumət əməli bir iş görməlidir...

Qubad İbadoğlu

Qubad İbadoğlu

Azərbaycan hökuməti vətəndaşlarının xaricə axınının qarşısını almaq üçün ölkə daxilində İran tibb mərkəzləri aça bilməzmi? Ölkəmizin bu istiqamətdə proqram həyata keçirməsinə iqtisadi gücü yetmirmi?

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, bununla səhiyyə sistemindəki problemlərin qarşısını almaq mümkün olmayacaq. Yəni, hansısa tibb mərkəzini açmaqla iranlı həkimlərin hamısını ora dəvət etmək mümkün deyil. Ekspert qeyd edir ki, Azərbaycan hökuməti keyfiyyətli səhiyyə xidməti təşkil etməli və insanların səhiyyəyə çıxış imkanlarını asanlaşdırmalıdır.

HEYDƏR ƏLİYEV FONDU YUNANISTANDA

Heydər Əliyev Fondu beynəlxalq fəaliyyət dairəsinin genişləndiyini bildirir. Bu il Fondun və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İlk tədbir iyunun 6-da Afinada, Meqaro Musikis Musiqi Kompleksində baş tutacaq. Xüsusi informasiya bazasında yaradılmış http://www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır. Bu tədbirlərə dəvətnaməni sayt vasitəsi ilə online rejimində əldə etmək mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Fondunun maliyyə mənbəyi bilinmir.

KEÇMİŞ SSRİ ÖLKƏLƏRİNDƏ NƏ QƏDƏR RUS YAŞAYIR?

«Media forum» saytı rəsmi və qeyri-rəsmi mənbələrdən yararlanaraq keçmiş SSRİ ölkələrində nə qədər rus yaşadığına dair qısa arayış hazırlayıb. 2010-cu ilin məlumatına görə, Rusiyanın özündə 111 milyondan çox rus yaşayır. Ukraynada 9 milyon 500 min (2001-ci il), Qazaxıstanda – 3 milyon 700 min (2013-cü il), Azərbaycanda – 130 min (2009-cu il) rus yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG