Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Gədəbəydə hər 100 sakindən 75-i qazsız qalıb


Gədəbəy
Gədəbəy
-
İlin elə çağıdır ki, Gədəbəyin dağı-yamacı, düzü-çəməni də göz oxşayır. Bu dönəmlərdə hər gün 1-2 saat yağış yağır və yağışdan sonra şehli çəmənliklərin ətri hər yana yayılır. Gül-çiçək öz yerində, adətən, boz təpələr də yamyaşıl örpəyə bürünür.

BUZ KİMİ SUDA PALTAR YUYAN QADINLAR...

Amma sakinlər heç də hər şeyin göz oxşamadığını düşünürlər. İşsiz gənclər, çala-çuxur yollarda yorulan uşaqlar, meşələrdən odun daşımağa məcbur qalan kişilər, buz kimi sularda paltar yuyan qadınlar təbiətin gözəlliyini arxa plana atır. Dolanışıq və yaşayışın çətinliyindən gileylər, istər-istəməz, əsas söhbət mövzusuna çevrilir.

Qarıkənd sakini Fəzilət Həsənova deyir ki, 11 nəfərlik ailənin bütün geyimlərini soyuq arx suyunda yuyur. Evlərinə su xətti çəkilsə də, kəndə qaz çəkilmədiyindən suyu qızdıra bilmirlər.

Onun ömür yoldaşı Mayıl Həsənov əlavə edir ki, kəndin lap girəcəyində ana qaz borusu var, amma rəsmilər xətti kənd sakinlərinə paylamırlar:

«CAMAAT CÜZİ PENSİYASINI DA ODUNA VERİR»

«Bizdə də ana boru çəkilib, di gəl, qaz verilmir. Camaat cüzi pensiyasını da oduna verir. Bircə km-lik məsafəni çəkmirlər. Axı kəndimizdən ana boru keçir, bu nə çətin işdir ki, bunu çəkmirlər?».

Qarıkənddən sonra Dəyirmandağı Qarıkənddən sonrakı kənddir. Buranın sakini Zaur Şabanov deyir ki, Qarıkəndlə yanaşı, bir-birinə yaxın Dəyirmandağı və Şəkərbəy kəndlərinə, elə başqa kəndlərə də hələ qaz xətti çəkilməyib:

- Bizim kəndlə yanaşı, 3 kəndə qaz çəkilməyib. Qarıkəndə, Dəyirmandağına, bir də Şəkərbəyə.
– Bəs yanacaq təminatınızı necə ödəyirsiniz?

– Gedirik meşədən odun qırmağa. Meşəbəyi də tutunca pulumuzu alır. Düzü, meşədə odun da qalmayıb. Bir kubu 50 manatdır odunun. İndi yaydır, qış olanda köhnə ayaqqabıları tullamayıb yandıracağıq.

Kəndlilər isti aylarda yanacağa tələbatı balon qazı ilə, birtəhər, ödəsələr də, qarlı-boranlı günlərdə məcbur qalıb meşələrdən odun qırmağa yollanırlar. Bəxtiyar Hüseynov deyir ki, odunu pulla almağa imkanları yoxdur. Kəndlilər ana borudan onların da kəndlərinə mavi yanacaq paylanmasını həsrətlə gözləyirlər.

«GƏLƏN İL QAZ OLACAQ»


Gədəbəy rayon Qaz İstismarı İdarəsinin rəisi Məzahir Hüseynovun sözlərinə görə, rayon mərkəzi də daxil, Gədəbəyin cəmi 26 kəndi qazla təmin edilib. İdarə rəisi kəndlərə qaz verilməməsini SOCAR-ın hələ uyğun layihə təqdim etməməsinə bağlayır:

«Gədəbəydə, şəhər mərkəzi də daxil olmaqla, 7 min 215 abonent qazlaşdırılıb. Ümumilikdə 109 yaşayış məntəqəsinin 26-da qaz var. Hələ layihə işlənməyib, axı».

Məzahir Həsənov sevindirici bir xəbər də verir: «2015-ci ilin sonunadək hamının evində mavi yanacaq olacaq».
XS
SM
MD
LG