Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50
-

İRİLƏRİN VERGİSİ KİÇİLƏ-KİÇİLƏ GEDİR

«İqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən və dövlət mülkiyyətində olan iri vergi ödəyicilərinin dövlət büdcəsinə ödənişləri əvvəlki illərlə müqayisədə azalıb».

İqtisadçı Azər Mehtiyev «Media forum» saytına deyib ki, bu sıraya aid edilən altı iri vergi ödəyicisinin heç biri üzrə 2013-cü ilin büdcə ödənişləri proqnozuna tam əməl edilməyib: «Bu vergi ödəyiciləri üzrə 2013-cü ildə büdcəyə ödənişlərinin məbləğində əvvəlki illə müqayisədə azalma qeydə alınıb: «Azərenerji» üzrə bu azalma 14,5 milyon manat (10,1 faiz), «Azərbaycan Hava Yolları» üzrə 11,9 milyon manat (52 faiz), «Azərsu» üzrə 0,2 milyon manat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisələri üzrə 0,1 milyon manat, «Azərbaycan Dəmir Yolları» üzrə 0,1 milyon manat, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» üzrə 0,15 milyon manat olub».

AZƏRBAYCANLI DEPUTAT AVROPALILARA SÜNNƏTDƏN QORXMAMAĞI MƏSLƏHƏT GÖRÜB

İyunun 4-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Paris qərargahında bu təşkilatın mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov üzərində işlədiyi «Etiqad azadlığı və dini təcrübələr» adlı məruzənin ilkin variantını iclasda avropalı deputatlara təqdim edib.

AzərTAc-ın məlumatına görə, Rafael Hüseynov bildirib ki, dini təcrübələr sırasında oğlan uşaqlarının sünnət edilməsi məsələsi xüsusi yer tutur və bu ənənə çox qədimdir:

«...Əgər insanlar əsrlər boyu öz ömürlərinin, ürəklərinin bir parçası olan balalarının zahirən ağrılı görünsə də sünnət edilmələrini lazım biliblərsə, demək, ilk növbədə bunun faydasını da düşünüblər. Hansı valideyn məntiqsiz yerə öz balasını ağrıya məruz qoymağı rəva bilər?! Tarixi təcrübə də əyani şəkildə göstərir ki, hələ heç bir övlad yaşa dolduqdan, dünyanı dərk etdikdən sonra valideynlərini ittiham etməyib ki, niyə onu uşaq ikən sünnət ediblər».

MÜHACİRLƏR QANUNA DƏYİŞİKLİKLƏRƏ ETİRAZ EDİR


Milli Məclis «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanuna əlavə və dəyişikliklər edib. Qanunun 18-ci maddəsi – «Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi» mətni də dəyişdirilib. Digər dövlətin vətəndaşlığının könüllü əldə olunması, Azərbaycan vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün zəruri məlumatları saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi vətəndaşlığın itirilməsinə səbəb ola bilər. Xaricdə yaşayan azərbaycanlılar tərəfindən yaradılmış və Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatının koordinatoru, hazırda Hollandiyada yaşayan Fikrət Hüseynli «Yeni Müsavat»a bildirib ki, qanuna edilməsi gözlənilən bu dəyişiklik kifayət qədər təhlükəli bir niyyətdən xəbər verir:

«Ona görə ki, bu gün Azərbaycan Respublikasının on minlərlə vətəndaşı müxtəlif xarici ölkələrdə yaşayır və onlar həmin ölkələrin qanunlarına uyğun olaraq bir sıra hallarda əcnəbi dövlətin vətəndaşlığını qəbul etməli olurlar».

NEFT FONDU NECƏ TALANIR?

«Azadlıq» qəzeti: Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 mlrd. dollar olub. Bu barədə ARDNF-nin illik hesabatında yer alan məlumatda bildirilir. Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36 faizi yığıma yönəlib. Hesabatda bildirilir ki, 2003-2013 illərdə ARDNF-dən dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib. İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblının fikrincə, NF-nin aktivlərinin belə sürətlə xərclənməsi bir neçə amil baxımından düzgün deyil. Bu birincisi, vəsaitlərin şəffaf və səmərəlilik əmsallarının aşağı olması baxımından yanlışdır. Digər tərəfdən isə hazırda müşahidə olunan neft gəlirlərinin idarəedilməsi ilə bağlı qəbul olunmuş qanunvericiliyə ziddir.

AĞALAROVLAR RUSİYANIN ƏN İRİ LAYİHƏSİNƏ İMZA ATDILAR

İyunun 4-də azərbaycanlı iş adamı Araz Ağalarova məxsus «Vegas Crocus City» ticarət və əyləncə mərkəzinin açılışı olub. «Qafqazinfo» xəbər verir ki, tikintisinə 2011-ci ilin sonlarından başlanılan ticarət kompleksinə qoyulan investisiyanın ümumi həcmi 12 milyard dollardır. Yeni Vegasın əsas investoru isə «Sberbank»dır ki, bu bank layihəyə ümumi vəsaitin 59 faizini qoyub.

Arxitektura baxımından Rokfeller Mərkəzinin eyni olan kompleks çoxsaylı reklam lövhələri ilə diqqət çəkir. Layihə öz miqyasına görə Rusiya bazarında birinci hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG