Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

«Biz olmasaydıq, uşaq öləcəkdi»


Əsgər Nurlan Əliyevin atasıPolad Əliyev

Əsgər Nurlan Əliyevin atasıPolad Əliyev

-
Hepatit B virusuna yoluxan əsgər Nurlan Əliyevin yaxınları hərbi hissə rəhbərliyinin cəzalandırılmasını tələb edirlər. Dayısı Talıb Əliyev AzadlıqRadiosuna deyir ki, Nurlanın bu xəstəliyə tutulmasına hərbi hissədəki baxımsızlıq, natəmizlik və həkim səhlənkarlığı səbəb olub:

Uşağı bu ilin yanvar ayında əsgərliyə yola saldıq. Karantini Gəncədə keçirdi, sonra Gədəbəyə göndərildi. Orada N saylı hərbi hissədə, döyüş bölgəsindəki postda xidmətə başladı. Bir müddət sonra burada xəstələnib, 40 dərəcə istiliklə həkimə müraciət edib.

Əsgər Nurlan Aliyev

Əsgər Nurlan Aliyev

Həkim ona reaksiya verməyib. Deyib ki, sən xəstə deyilsən, tənbəllikdən belə edirsən. Sonra uşağa xəstə-xəstə daş daşıtdırıblar. Bundan sonra məcbur olduq özümüz getdik Gədəbəyə. Tələb etdik ki, uşağı postdan aşağı endirib, hospitala yerləşdirsinlər.

Nəhayət, 10 gün sonra Şəmkirə müayinəyə göndərdilər. 3-4 gün orada qaldı, dava-dərman yazıb hərbi hissəyə göndərdilər ki, müalicəsini davam etdirsin. Burada isə, hərbi hissənin həkimi uşağı döyür, zorla dağa göndərir. Uşağın vəziyyəti yenidən ağırlaşır. Bu dəfə vəziyyətin ağır olduğunu başa düşüb, Gəncə hospitalına göndərirlər. Burada müayinə olunur, uşaqda hepatit B virusu aşkarlanır.

Demək, əgər biz olmasaydıq, uşaq öləcəkdi, adını da qoyacaqdılar ki, qızdırmadan öldü. Bir həkimin səhlənkarlığı ucbatından uşaq bir aydan artıqdır əziyyət çəkir.

- Əvvəllər Nurlanın səhhətindən hər hansı bir şikayəti olmuşdu?

- Heç bir xəstəliyi, şikayəti olmayıb. Əgər belə olsaydı, Astarada hərbi komissiyadan keçəndə müəyyən edilərdi. İndi uşaq öskürür, rəngi saralıb, böyrəkləri şişib. Həkimdən soruşanda deyirdi ki, siqaret çəkir, ona görə. Bütün əsgərlər siqaret çəkir. Demək, hamısı belə olmalıdır? Deyir ki, mülkidən gətirib bu xəstəliyi. Öz üzərlərindən götürüb, hərbi komissarlığın üstünə atırlar.

- Bakıya hospitala gətirəndən sonra onun əhvalında dəyişiklik olub?

- Hospitalda infeksiya şöbəsindədir. Şöbənin baş həkimindən çox razıyam. Deyir ki, hələlik, yoxlama gedir. Mən hərbi hissədəki həkimin cəzalandırılmasını tələb edirəm. Bunlar hamısı onun üzündən olub. Mənim uşağım necə sağlam idisə, eləcə də qaytarsınlar özümə. . Deyək ki, 2 ay müalicə olundu, yenə dağa aparacaqlar?

- Bundan sonra hansı addımları atmaq istəyirsiniz?

- Prezidentə, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanıma yazmışıq. Respublika və Hərbi prokurorluqlarına şikayətlə müraciət etmişik. Hələlik, cavab yoxdur. 10 gün də gözləyəcəyik. Olmasa, mətbuat konfransı keçirib, bütün dünyaya car çəkəcəyik.

AzadlıqRadiosu məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Nazirlikdən araşdırma aparıldıqdan sonra məlumat verəcəklərini bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG