Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

Avropanın seçimi: ya qızınmaq ya yemək - Mətbuat icmalı


Oxfam Polşada etiraz aksiyası keçirir
Oxfam Polşada etiraz aksiyası keçirir
Oxfam təşkilatı G7 sammtinə xəbərdarlıq edir ki, enerjinin və ərzağın qiyməti qalxacaq. Ukraynalıların yarıdan azı Qərbin iqtisadi yardımına razıdır. Dünyada Rusiyaya münasibət pisləşir. Vostok batalyonu mübarizənin yeni mərhələsidir.

Dünya mediası bu gün nədən yazır?


ENERJİ, ƏRZAQ BAHALANACAQ

Dünyanın 100 ölkəsində kasıblıq, ədalətsizlik kimi problemləri öyrənən, 13-dən çox təşkilatın konfederasiyası olan Oxfam iyunun 4-5-ində keçirilməli Böyük 7-lik sammitinə müraciət edir ki, Avropanın çox çətin seçimi ola bilər: ya isinmək ya yemək.

Oxfam yazır ki, siyasi problemlər enerji qiymətləri böhranı yarada bilər, iqlim dəyişikliyi isə ərzağın idxal qiymətlərini qaldırır.
Avropa enerjidə Rusiyadan asılıdır. Ərzağın idxalında isə Avropa hava şəraitindən asılı olan ölkələrdən asılıdır.

Orta hesabla hər bir Avropa ölkəsi bir ildə Rusiyanın neft və qaz şirkətlərinə hər vətəndaşının enerji ehtiyacına görə 250 avro ödəyir. Keçən il Avropa Birliyi enerji idxalına 400 milyard avro verib. Oxfamın ehtimalına görə, bu xərc 2030-cu ilə 500 milyard avroya qalxacaq.

Eyni qayda ilə, Avropa Birliyi kənardan bir ildə 100 milyard avroluq ərzaq alır. Bu ərzağın 72 faizi hava şəraitindən asılı olan ölkələrdən gəlir.

RUSİYAYA MÜNASİBƏT PİSLƏŞİR

BBC –nin Dünya Xidmətinin sifarişi ilə 24 ölkədə aparılmış sorğu Rusiyaya münasibətin pisləşdiyini göstərib.

Dünyanın ən inkişaf etmiş ölkələrindən tutmuş, İran, İsrail, Cənubi Afrika, Braziliya, Cənubi Koreya kimi ölkələrinəcən bütün dünyanı əhatə edən sorğuda Rusiyaya mənfi münasibəti rəyi sorşulanların 45 faizi bildirib. Rusiyanın dünya proseslərinə nüfuzunu müsbət hesab edənlər isə 31 faiz olub.

İnkişaf etmiş ölkələrdən ən müsbət münasibət Almaniyayadır – 60 faiz.

HAVAYI YARDIMA İNANMIRLAR

ABŞ-ın Pew Araşdırma Mərkəzinin Ukraynada keçirdiyi sorğuya görə, Qərbin iqtisadi köməyini almağa razı olan ukraynalılar əhalinin yarısından azdır – 45 faiz. 28 faiz isə hesab edir ki, bu köməyi rədd etmək lazımdır.

Ukraynanın qərbində Qərb köməyinə 60 faiz “hə” deyir, 18 faiz rədd edir.
Ölkənin şərqində Qərb köməyinə 33 faiz razıdır, 36 faiz bu köməyi istəmir.

Ukraynalıların fikrincə, Qərb yardımının əvəzində bahalanma başlanacaq və sərt qənaət rejiminə keçməli olacaqlar.

Ancaq gənc ukraynalıların yarıdan çoxu - 53 faizi belə olacağı halda belə, Qərb yardımına razıdır.

VOSTOK BATALYONU

Financial Times qəzeti yazır ki, özünü Xalq Respublikası elan edən Donetskin baş naziri Aleksandr Borodai Vostok batalyonu haqda məlumat verir. O deyir ki, adı eyni olsa da, bu,1999-cu ildə Rusiya kəşfiyyatı QRU-nun dəstəyi ilə Çeçenistanda vuruşan Vostok batalyonu deyil.

Bununla belə, burda çeçenlər və Rusiyanın cənub regionlarından olanlar çoxdur.
Borodai özü Rusiya vətəndaşıdır, Vostok batalyonunun dəstəyi ilə baş nazir olub. Borodainin ətrafında olanların ya qafqazlı adı ya da ləqəbi var. Qəzet yazır ki, daha yaxşı silahlanmış və təşkil olunmuş Vostok batalyonu Donetskdə 3 aydır ki, başlanmış üsyanın yeni mərhələyə keçdiyini göstərir.

AVROPA İNTRİQALARI

Avropanın növbəti lideri Christine Lagarde ola bilər. Bunu Times qəzeti yazır. Qəzetə sızan məlumata görə, Almaniya kansleri Merkel üzünü məhz Lagarde-a çevirir. Merkel Fransa prezidenti Hollande ilə danışıqlarda deyib ki, Beynəlxalq Valyuta Fondunun prezidenti olan Lagarde Avropa Komissiyasının növbəti sədri olmağa namizəd kimi nəzərdən keçirilməlidir.

Bu məlumatda maraqlı olan odur ki, Avropa Birliyi rəsmiləri açıq bəyanatlarında Lüksemburqun keçmiş baş naziri Jean-Claude Junckerin bu vəzifəyə namizəd olduğunu bildirirdilər. Qəzet yazır ki, Merkelin özü də iki gün qabaq deyirdi ki, o, Junckeri inandırcaq ki, bu vəzifəyə razı olsun.

Lagarde-ın namizədliyinin əleyhinə, nə qədər qəribə səslənsə də, Fransa çıxa bilər. Halbuki Lagarde fransızdır. Ancaq məsələ burasındadır ki, Fransa prezidenti Hollande sosialst partiyasındandır. O, özünün siyasi rəqibi olan Lagardenin Avropa Komissiyasının sədri olmasını çətin ki, istəyə. Çünki bundan sonra Lagarde Fransa prezidentliyi iddiasına düşə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG