Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

ABŞ-da Azərbaycan üçün lobbiçiliyi Fətullah Gülənin adamları edir (mətbuat icmalı)


Vaşinqtonda lobbiçilik məqsədi ilə təşkil olunmuş gecələrdən biri

Vaşinqtonda lobbiçilik məqsədi ilə təşkil olunmuş gecələrdən biri

-

Bakı fəthullahçı hərəkatla birləşərək ABŞ-da Azərbaycan üçün əhəmiyyəti olmayan millət vəkillərini niyə ələ almağa çalışır?

Britaniyalı jurnalist Rosie Gray məşhur BuzzFeed saytında dərc olunmuş son məqaləsinə belə bir sualla başlayıb.

Jurnalist yazır ki, Azərbaycan özünün neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə vaizi və Texas qubernatoru Rick Perry-nin bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.

Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Bunların əksəriyyəti Xocalı soyqırımı ilə bağlı ümumən dəstək və ya tanıma bildirən qətnamələrdir. Fethullah Gülen 2012

Fethullah Gülen 2012

Müəllif qeyd edir ki, bu qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət vəkilləri bir qayda olaraq “Turquoise Council for Americans and Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda keçirdiyi konfransda iştirak ediblər.

Məqalədə qeyd olunur ki, Hyustonda qeydiyyatdan keçmiş bu təşkilat ABŞ-da könüllü sürgündə olan və hazlırda Türkiyə hökuməti ilə qarşıdurmaya çıxmış Fethullah Gülen-nin Hizmet hərəkatı ilə bağlıdır.

Rosie Gray yazır ki, Azərbaycanda insan haqlarını pozmaqda olan rejim Yuta, Nyu Meksiko, Tennesi, Kanzas, Cənubi Dakota, Missuri, Arkanzas, İndiana, Oklahoma, Texas, Arizona, Pensilvaniya, Missisipi, İllinoys, Qərbi Virciniya, Vayominq və Havay ştatlarında qaldırılmış təşəbbüsləri təbliğat kimi istifadə edir.
2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Bunların əksəriyyəti Xocalı ilə bağlı ümumi dəstək, və ya tanıma bildirən qətnamələrdir.


Hərçənd bu qətnamələrin səsverməni aşa bilməyənləri də olur.

“Bu ay insan haqlarının müdafiəsi üzrə aparıcı qurum olan Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini qəbul etmiş Azərbaycan rəhbərliyi ölkə daxilində müxalifət fəallarına yeni hücuma keçib.

Təkcə ötən ay 8 gənc 6 ildən 8 ilədək azadlıqdan məhrum edilib. Human Rights Watch təşkilatının verdiyi məlumata görə, Facebook-da hakimiyyəti tənqid etmiş daha 5 nəfərin mühakiməsi davam edir”.

Lobbiçiliyə sovrulan milyonlar Vaşinqtonda lobbiçiliklə məşğul olanlardan biri Nəqliyyat Nazirinin oğlu, Anar Məmmədovdur.

Vaşinqtonda lobbiçiliklə məşğul olanlardan biri Nəqliyyat Nazirinin oğlu, Anar Məmmədovdur.

Rosie Gray yazır ki, “Sunlight Foundation təşkilatının məlumatına görə, məhz bu imicini yaxşılaşdırmaq üçün Azərbaycan təkcə ötən il lobbiçiliyə 2,3 milyon dollar sərf edərək ABŞ-da ən çox pul xərcləyən 10 ölkədən birinə çevrilib”.
Məqalədə deyilir ki, Azərbaycan ABŞ-da lobbiçilik fəaliyyətini əsasən üç qurum vasitəsilə həyata keçirir: ABŞ-dakı səfirlik, nisbətən yeni yaradılmış Azərbaycan Amerika Alyansı (Azerbaijan America Alliance) və Vaşinqtonda ofis açmış SOCAR – dövlət neft şirkəti:
“Azərbaycan Amerika Alyansına nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir. Bu həmin Anar Məmmədovdur ki, deyilənlərə görə Qəbələdəki restoranlardan birində saxlanan ayının kəsilib qızardılması üçün 1 milyon dollar xərcləyib”.

Oliqarx balalarının fenomeni

Ekspertlər bildirirlər ki, belə təşkilatlara adətən Azərbaycan elitasının övladları rəhbərlik edirlər, Cənubi Qafqaz üzrə tanınmış analitik Tom de Waal-ın fikrincə isə “oliqarx balalarının xaricdə lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib”.

Adının çəkilməsini istəməyən bir Azərbaycan eksperti isə bildirib ki, bu Alyans Məmmədovların rejim üçün əhəmiyyətini vurğulamaq məqsədilə yaradılıb.
...oliqarx balalarının xaricdə lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib.


Məqalədə qeyd olunur ki, SOCAR ABŞ millət vəkilləri ilə əlaqəni Vaşinqtonda mənzillənmiş Robert + White şirkəti vasitəsilə yaradır. Onların ötən ilin may ayında Bakıya səfərini də SOCAR maliyyələşdirib. Bir sıra konqresmenlərin və Obama administrasiyasının keçmiş üzvlərinin də qatıldğı nümayəndə heyətinə Bakıda dəbdəbəli ziyafətlər, bahalı hədiyyələr verilib.

Rosie Gray yazır ki, bəzən qətnamələrlə azərbaycanlılar arasındaklı bağlılıq birbaşa olur. Məsələn, Tennesi ştatının millət vəkili Joe Towns 2013-cü ilin mayında Bakıda olduqdan sonra Azərbaycanla bağlı qətnamə layihəsi təqdim edib. Yerli media isə diqqəti onun Hyustonda bir ovuc azərbaycanlı və türkdən kampaniya ianəsi kimi 10 min dollar aldığına çəkib.

“Towns onu Azərbaycana aid qətnaməni yazmağa məhz həmin pulun ilhamlandırdığını inkar edir”.

Qubernator bacısı

Məqalədə deyilir ki, Turquoise Council for Americans and Eurasians təşkilatına fəthullahçı hərəkatın davamçılarından Kemal Öksüz rəhbərlik edir. O eyni zamanda SOCAR tərəfindən maliyyələşdirilən və Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur. Təşkilatın xəzinədarı SOCAR-ın Vaşinqton filialının rəhbəri Rauf Məmmədovdur.

Bu da qeyd olunur ki, Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülen məktəblərinin tikintisini maliyyələşdirib.

Jurnalist qubernator bacısı ilə də telefon əlaqəsi qurub. Xanım Jones bildirib ki, onun alyansdakı rolu mərasim xarakteri daşıyır və o bu qrupla Bakıya səfəri əsnasında tanış olub. Jones deyib kİ, qrupun digər üzvləri haqqında heç bir məlumata malik deyil.

Təmənnasız təmənna

Cənab Öksüz fəaliyyətində heç bir qanunsuzluq olmadığını iddia edib. O deyir ki, təşkilatın fəaliyyəti Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir.

Bununla belə, Kemal Öksüzün də təşkilində iştirak etdiyi səfərlər Amerikada ciddi suallar doğurmağa başlayıb.
Vaşinqtonda bir sıra rəsmilər bu cür səfərlərin etik normalarla zidd olmasından narahatlıqlıq bildirirlər.


Məsələn Havayda yerli media millət vəkillərinin niyə məhz Bakıya səfərdən sonra qanunvericilik təşəbbüsü qaldırdıqları barədə suallar verir.

Vaşinqtonda bir sıra rəsmilər bu cür səfərlərin etik normalarla zidd olmasından narahatlıqlıq bildirirlər.

Jurnalist yazır ki, Bakıya səfər etmiş millət vəkillərinin demək olar, hamısı bu məqalə ilə bağlı suallara cavab verməkdən imtina ediblər.

Laqeyd yekdillik

Yeni Meksiko ştatının senatoru Jerry Ortiz y Pino BuzzFeed saytına müsahibəsində deyib ki, o Xocalı barədə memorandumu Türkiyə icmasının və “möhtərəm Azərbaycan konsulunun” xahişi ilə təqdim edib.

O deyib ki, özü və həmkarları Azərbaycana 2012-ci ildə səfər ediblər.

Senator bildirib ki, “Azərbaycan özünün ABŞ-dakı imicini bərpa etmək və ABŞ hökumətinə və Amerika xalqına dəstəkçi olduğunu nümayiş etdirmək istəyir”.

Ortiz y Pino deyib ki, ştatda söhbətin nədən getdiyi çoxlarına bəlli deyildi və Bakıya səfər etməyən qanunvericilərin əksəriyyəti təəbbüsü laqeyd qarşılayıblar və qətnamə yekdilliklə qəbul olunub.

Dörd avtobus millət vəkili

Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.
Azərbaycan özünün ABŞ-dakı imicini bərpa etmək və ABŞ hökumətinə və Amerika xalqına dəstəkçi olduğunu nümayiş etdirmək istəyir.


Təşkilatın nümayəndəsi deyib ki, Bakıya bütün Amerikadan dörd avtobus siyasətçi gedir. Dave Zwonitzer deyir ki, səfər üçün pulun kim tərəfindən ödəndiyini bilmirdi və bu onun narahatlığına səbəb olmuşdu.

Cənab Zwonitzer deyir ki, onun və həmkarlarının yerli qanunvericilik orqanına təqdim etməli olduqları qətnamənin standart mətnini də elə həmin Mosaic Foundation verib:
“Doğrudur, biz bir cümləni dəyişdik, lakin qətnamə onsuz da keçmədi. İndi onlar buna bənzər başqa bir təşəbbüsü 2015-ci ilin sessiyası üçün hazırlayırlar.

Neft şirkətləri 10 günlük pulsuz səfərləri təmənnasız təşkil etmirlər.”

Erməni lobbiçilərinin nümunəsi

Ekspertlər bildirirlər ki, azərbaycanlılar bu sayaq fəaliyyətlə ABŞ-dakı erməni lobbiçilərlə yarışmaq və vətəndəki boslarına bir iş gördüklərini göstərmək üçün məşğul olurlar.

“Onlar bir növ Amerika-erməni qruplarının Kaliforniyada etdiklərindən nümunə götürürlər” – deyir ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich.

O deyir ki, ermənilər də Ermənistan və Dağlıq Qarabağın adından dəfələrlə müxtəlif qətnamələr hazırlayıblar.

Amerikada mənzillənmiş müxalifətyönlü “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” təşkilatının prezidenti Elmar Şaxtaxtinski deyib ki, bunlar “dövlət səviyyəsində bu heç bir xeyri olmayan işdir. Onlar Əliyevə nə isə bir iş gördüklərini nümayiş etdirməyə çalışırlar”.
Roise Gray yazır ki, bütün bunlar Azərbaycanın insan hüquqlarının acınacaqlı vəziyyətinə görə tənqidlərə tuş olduğu vaxtda baş verir.

Jurnalist yazır ki, ən kəskin tənqidlərdən birini də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar aprel ayında Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan Konvensiyası zamanı elə bu məqalədə söhbəti gedən və Bakıya pulsuz səfərlər etmiş siyasətçilərin qarşısında səsləndirib.

Şərhləri göstər

XS
SM
MD
LG