Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Taksi sürücüləri prezidentdən kömək umurlar


Foto: Arxiv
Foto: Arxiv
-
«İNTER» MMC-dən şikayətçi olan bir qrup taksi icarəçisi prezidentə müraciət ünvanlayıb. İcarəçilərin bildirdiyinə görə, 2006-cı ildə bağlanan müqavilə şərtlərini MMC-nin pozması onları bu addımı atmağa vadar edib. Müqaviləyə əsasən, MMC icarəyə verdiyi «Fiat» markalı taksiləri 5 il sonra icarəçinin adına sənədləşdirməliymiş. Sürücülərin sözlərinə görə, 8 il keçsə də, avtomobillərin özəlləşdirilməsi bir yana, indi onları geri istəyirlər.

«DEYİRLƏR Kİ, YA YENƏ İCARƏHAQQI ÖDƏYİN, YA DA...»

Şikayətçilərdən Şükür Şahbazov AzadlıqRadiosuna bildirir ki, 2006-cı ildə sözügedən MMC-dən müqavilə ilə taksi götürüb. Onun sözlərinə görə, hər ay MMC-yə 494 manat icarəhaqqı ödənib. Amma müqavilə müddəti – 5 il bitəndən sonra MMC avtomobili onun adına sənədləşdirməkdən boyun qaçırıb:

«Üç ildir avtomobilləri adımıza sənədləşdirə bilmirik. Əslində, 2011-ci ildən dayandırmalıydıq icarəni. Bizə dedilər ki, bir il də işləyin, sənədləşdirmə apararıq. Bir il sonra yenə vermədilər. İndi də deyirlər ki, ya yenə icarəhaqqı ödəyin, ya da avtomobillər əlinizdən alınacaq. Bunların banka 6 milyon manat borcları var. Avtomobillərin sənədləri də bankda girovdur deyə, sənədləşmə apara bilmirlər. Deyirlər, işləyin, bankın borcunu qaytaraq, yoxsa bank avtomobilləri əlinizdən alacaq. Bu yolla 6 milyon borcu qaytarmaq olar? Vaxtında qaytarmayıblar, indi bizdən çıxarmaq istəyirlər».

«QARAJ MÜDİRİYYƏTİNİN BANKA BORCU VAR, BİZƏ NƏ DƏXLİ?»

Bir başqa şikayətçi Rəhman Hacıyev şikayətlərinə baxılmasa, etiraz aksiyasına başlayacaqlarını söyləyir:

«Beş ildir əziyyət çəkib maşın qazanmışıq, indi əlimizdən alırlar. Bankdan da adam göndəriblər ki, gedin maşınları yığın, gətirin. Qaraj müdiriyyətinin banka borcu var, bizə nə dəxli? Biz bankdan pul yeməmişik, əksinə, aparıb pul ödəmişik. Niyə əlimizdən alınmalıdır?».

MMC RƏHBƏRİ: «AVTOMOBİLLƏR ONLARA VERİLƏCƏK»


«İNTER» MMC-nin rəhbəri Fuad Abdullayev bildirdi ki, bankla məsələ yoluna qoyulandan sonra avtomobillər icarəçilərin adına sənədləşdiriləcək:

«Bu, bizlik deyil, bankın məsələsidir. Əvvəlki rəhbərliyin vaxtında olub.. Hələlik, bank həbs qoyub. Bankla birlikdə işləyirik. İki-üç ay ərzində məsələ həll olunmalıdır. Avtomobillər onlara veriləcək. Bəzi icarəçilərin də borcları var. Onlar da borclarını ödəməlidir».
XS
SM
MD
LG