Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə dəymədən çap edilir.


Simran Qədim


SONUNCU PİLLƏ



Öskürə-öskürə bloka girdi, ağır hərəkətlərlə əlini qaldırıb liftin düyməsini basdı.

Ürəyində saydığı saniyələr sürətlə irəliləyir, ancaq qarşısında dayandığı qapılar açılmaq bilmirdi.

Qəflətən onu bürüyən qorxu hissinin içində bir daha düyməyə toxundu. “Yəqin ki, indi açılar. Axı niyə də açılmasın?! İndi açılacaq... bu dəqiqə açılacaq...”. Tayların aralanacağına ümid etsə də, istədiyi şey olmadı. Altı ay əvvəlki təmirdən sonra problem yaratmayan lift növbəti dəfə işə düşməmişdi...

Yetmiş yaşını üç gün öncə ailəsi ilə bir yerdə keçirən Teymur kişi əsəbi şəkildə əlini cibinə salıb siqaretini çıxartdı. Amma siqaret çəkməklə nə əsəbləri sakitləşəcək, nə də lift işləyəcəkdi.

Elə bunu bildiyi üçün də fikrini dəyişib siqaret qutusunu təzədən cibinə qoydu. Daha sonra dərindən köks ötürüb həvəssizcəsinə pilləkənə doğru addımladı, gözlərini pillələrə zillədi.

Liftin işləməməyi Teymur kişinin canına sanki vəlvələ salmışdı. Elə bil nədənsə qorxur, nədənsə çəkinirdi.

“Bu qoca yaşımda sağ-salamat yuxarı qalxmağa gücüm çatarmı?” - öz-özünə verdiyi sual ona yersiz göründü. “Əgər altı ay əvvəl lift işləməyəndə beşinci mərtəbəyə qalxa bilmişdimsə, niyə də indi qalxa bilməyim ki?!”. Mənasızlığını anlaya-anlaya yenidən dönüb liftə tərəf getdi, bir neçə dəfə düyməyə basdı. Şübhəsiz, qarşısında donub qalan qapılar açılmadı.

Teymur kişinin narahatlığına səbəb olan məqam var idi. Belə ki, son zamanlar səhhətində yaranan müxtəlif problemlər onu heysizləşdirmiş, bir xeyli haldan salmışdı. Hazırda altı ay əvvəlki kimi uzun müddət ayaq üstə dura, yorulmadan evindən avtobus dayanacağına qədər gedə, saatlarla masa arxasında otura bilmirdi. Axır vaxtlar isə ötən illərlə müqayisədə daha tez-tez qocalıb əldən düşdüyünü, həyatdan köçməkdə gecikdiyini deyir, aradabir də kövrələrək ağlamsınırdı. Bu cür vəziyyətlərdə yaxınları təmtəraqlı cümlələrlə ona təsəlli verməyə çalışır, hələ gümrahlığını qoruyub saxladığını söyləyirdilər.

Liftin işləməyəcəyinə əmin olan qoca boş dayanmağın heç bir əhəmiyyət daşımadığı qənaətinə gəlib yavaş-yavaş pilləkənlə yuxarı qalxmağa başladı. İlk altı pilləni geridə qoyduqdan sonra isə ani olaraq dayanıb nəfəsini dərdi. “Bəlkə indi təkrar-təkrar basdığım həmin düyməyə bir də bassam açılmaq istəməyən qapılar yerindən tərpənər? Bəlkə həmin düyməyə yaxşı basmadım? Ola bilərmi ki, elə buna görə də lift gəlmədi?” - Teymur kişi növbəti dəfə köks ötürdü. “Əlbəttə, yox! Mən lənətə gəlmiş liftin düyməsini gör neçə dəfə basdım!”.

Qoca yenə də ayaqlarına güc verdi, amma tez də dayanmalı oldu. Bir uşaq durmuşdu onun qarşısında. Azyaşlı, kiçik bir uşaq... dörd-beş pillə yuxarıdan donuq nəzərlərini ona zilləmişdi. Qabağına çıxan seyrək saçlı, orta boylu, cılız bədənli qocaya baxıb niyəsə qaşlarını çatmışdı.

- Salam... gəl... gəl, ay bala... gəl sənin üzündən öpüm... sən kimin oğlusan?...
Teymur kişi gülümsəyərək əllərini uzatdı. Ancaq məktəb yaşına çatmayan bu uşaq nə yerindən tərpəndi, nə də bir söz dedi. Görəsən niyə, hansı səbəbdən donub qalmışdı?

- Nə olub?.. Niyə belə kefsizsən?..

Oğlan xoş münasibətə cavab kimi aşağı düşüb qocanın qucağına atılmaq əvəzinə qaşlarının düyününü daha da sıxlaşdırdı. Onun bu hərəkəti Teymur kişinin sözsüz ki, təəccübünə səbəb olmuşdu.

Lakin üzündəki həlim, mülayim cizgiləri dəyişmədi, əksinə indi daha çox gülümsünür, daha mülayim nəzərlərlə oğlanı süzürdü.

Oğlan isə sanki qocanı eşitmir, elə yapışıb qaldığı pillədəcə tərpənmədən dayanırdı. Onun mənalı-mənalı baxan qonur gözləri, sifətindəki cizgilərlə uyuşmayan dik burnu, bilinməyən səbəblərə görə büzüşdürülmüş incə dodaqları var idi. Özündə həm mehribanlığı, həm kədəri, həm də səmimiliyi cəmləyən bu sifət irəliləyən saniyələr boyunca yaratdığı ifadələri dəyişmədi ki, dəyişmədi.

Teymur kişi ağır hərəkətlərlə daha iki pillə qalxdı və:

- Gəl... gəl görüm kim sənin xətrinə dəyib, bala, - deyə nəvazişlə dilləndi.

Uşaq isə yenə də qocaya fikir vermədi. Görmürmüş, eşitmirmiş kimi... Kənara çəkilib kiçik ayaqları üçün böyük olan pillələrlə aşağı düşməyə başladı. Qocanın yanından ötüb keçdi, amma ona baxmadı, ona yaxın gəlmədi.

“Yəqin məni tanımadığından yaxınlaşmaq istəmir”.

Qoca düşüncəli halda növbəti pilləni geridə qoydu. Bu anda... bu anda bədənindən şiddətli bir cərəyan keçdiyini hiss etdi. Onu diksindirən, onu qorxudan bir cərəyan... Tez arxaya döndü. Uşaq hamıdan – valideynlərindən, nənəsindən, babasından xəbərsiz evdən çıxmış ola bilərdi. Əgər belə idisə, mütləq onu dayandırmalı, özünü həyətə atmasına icazə verməməliydi.

Teymur kişinin baxışları həyəcanla uşağı axtardı. Lakin ilk anda nə qədər inanılmaz görünsə də, oğlan yoxa çıxmışdı. Axı bir anlıq qocanın nəzərlərindən yayınan uşaq hara getmişdi? Bəlkə artıq aşağı düşüb? Bir anın içində azyaşlı uşağın onu gözləyən bu pillələrin öhdəsindən gəlməsi qətiyyən inandırıcı deyildi. Deməli, Teymur kişi özünü itirmiş və ötüb-keçən 5-10, bəlkə də 15-20 saniyəni 1-2 saniyə olaraq qavramışdı. Ola da bilsin ki, bəzi səbəblərə görə, məsələn, şəkərinin qalxması nəticəsində hallüsinasiya görmüşdü.

Qoca ağlında hansısa çaşqınlığın yaranmasına inanmaq istəmirdi. Qətiyyən istəmirdi...

“Çox yorulmuşam. Yəqin şəkərim qalxıb. Əslində elə bir şey yoxdur. Bəzən cavanlar da bu cür hallarla üzləşir” - təsəlliverici fikirlərlə özünü sakitləşdirməyə çalışdı. Sonra yavaş-yavaş pillələri geridə qoymağa davam etdi. Bir... iki... üç... artıq bədəni bayaqkına nisbətən ona ağır gəlir, ayaqları sözündən çıxmağa başlayırdı.

Qoca qeyri-ixtiyari olaraq altı ay əvvəli - yenə pilləkənlərlə yuxarı qalxmağını gözünün önünə gətirdi. O vaxtdan bu vaxta səhhətində xeyli dəyişiklik olmuşdu. Altı ay əvvəl üçüncü-dördüncü mərtəbədə keçirdiyi yorğunluq hissini indi hələ heç ikinci mərtəbəyə çatmamış keçirməsi ötən zamanın onun xeyrinə işləmədiyini deyirdi. Digər tərəfdən, axırıncı həftə ərzində tez-tez qan təzyiqi yüksəlir, yeriyəndə kəskin təngnəfəslik yaranır, bəzən də başı fırlanırdı.

İkinci mərtəbəyə çatanda bir anlıq dayanıb nəfəsini dərdi. Az sonra növbəti addımlarını atmaq istəyəndə isə elə bayaqkı kimi dörd-beş pillə yuxarıda donub qalan bir uşaq gördü. Yeniyetmə yaşlarında... birinci mərtəbədə rastlaşdığı oğlana çox oxşayırdı. Əlbəttə ki, qoca onu görüb səksəndi. Yenə ağlının çaşdığını düşündü. Amma yox, həqiqət idi.

- Gəl... gəl düş aşağı... qardaşın səni gözləyir...

Birinci mərtəbədəki hadisəni şişirtdiyi qənaətinə gəldi. “Uşaqdı, yəqin tez yerindən atlanıb, mən də görə bilməmişəm” deyə üstündən keçdi.

- Qardaşını niyə tək buraxmısan, bala?... Yaxşı... eybi yox... get... get... yəqin indi bayırda səni gözləyir...

Yeniyetmə elə birinci mərtəbədəki azyaşlı kimi sanki qarşısında duran adamı eşitmirdi. Elə onun kimi də qaşlarını çatmışdı. Bu uşağın bayaqkı oğlandan yaşca böyük olmasından başqa bir fərqi də var idı. Həm mehribanlığın, həm kədərin, həm də səmimiliyin nəzərə çarpdığı üz cizgilərində kədər nədənsə daha çox qabarmışdı.

- Eşitmirsən məni?! – Teymur kişi bir qədər acıqlı səslə dilləndi. Sonra da sifətini büzüşdürdü.

Oğlan isə tarım çəkilmiş yaydan çıxan ox kimi yerindən götürülüb sürətlə aşağı düşməyə başladı. Heç nə anlamırdı qoca. Axı bütün bunlar nə deməkdir? Arxaya çevrilib yeniyetmənin dalınca baxır, hər iki qardaşdakı laqeyd münasibətin səbəbini tapmaq istəyirdi. Uşaqlar onun qəlbində sözlə ifadə edilə bilməyən qəribə hisslər oyatmışdı.

“Görəsən niyə belə qəmgin idilər?” – qoca düşündü.

Onların bir neçə saniyə sakitcə dayanmaları, sonra isə gözlənilmədən sanki rastlaşdıqları qocadan qorxaraq irəli atılmaları çoxlu suallar doğururdu. Teymur kişi də bu suallara cavab tapmağa çalışır, lakin bir şey əmələ gətirə bilmirdi. Uşaqların gözlərində açıq-aydın, rahatca sezilən dərin kədərin səbəbi nədə idi? Bəlkə qabaqlarına çıxan yaşlı adamın pillələri çətinliklə qalxmasını görür və ona acıyırdılar? Fikirləşirdilər ki, hər ömür sona çatacaq, hamı bax bu qoca kimi əldən düşəcək. Yoxsa qardaşlar hansısa sarsıntı keçirmiş, ya bəlkə bir-birləri ilə dalaşmışdılar? Əslində qoca fərziyyələrinin mənasız, yersiz olduğunu dərk edirdi.

“Yəqin mən səhv düşünürəm, yəqin uşaqların gözlərində duyduğum ifadələri dəyərindən artıq qiymətləndirirəm. Gərək onların heç nə demədən məndən qaçmalarını yersiz şişirtməyəm”.

Teymur kişi bütün bədənini bürüyən soyuq tərin içində üçüncü mərtəbəyə çatdı. Yenə də dörd-beş pillə yuxarıda bir oğlan dayanmışdı. Qoca bu dəfə nə diksindi, nə də təəccübləndi. Hər şeyi əvvəlcədən hiss etmişdi sanki. Təqribən iyirmi yaşlarında olan bir gəncin, eyni ilə birinci və ikinci mərtəbədəki uşaqlara bənzəyən bir gəncin qarşısına çıxacağını hardan bilə bilərdi? Sözsüz ki, heç yerdən. Amma ürəyinə dammışdı. Yenə də həmin qəmqin, təsirli nəzərlər ona baxırdı.

- Salam.

Teymur kişi əlavə bir söz demədən pillələri geridə qoymaqda davam etdi. Bu oğlanın sifətindəki cizgilər digərləri ilə müqayisədə daha kədərli, daha qəmli görünür, hətta gözlərinin yaşardığı açıq-aydın duyulurdu.

“Hər üç qardaşın hansısa dərdi var. Onlar niyə belə hala düşüblər?”

Birdən gənc oğlan qardaşları kimi qəflətən yerindən tərpənib irəli atıldı, qocanın yanından sürətlə ötüb getdi. Teymur kişi isə ona fikir vermir, təngnəfəs halda yuxarı qalxırdı.

“Deyəsən, buralarda gücüm tükənəcək və mən yerə yıxılacam. Deyəsən, üstümə-üstümə gələn pilləkənlər məni öldürəcək”.

Qoca tərpənmək istəməyən ayaqlarını işləməyə məcbur edir, durub nəfəsini dərmək haqda heç fikirləşmirdi. O, hər növbəti pilləni çıxanda görürdü ki, həm sol qolunda, həm də sinəsində yaranan ağrı hissi yavaş-yavaş çoxalır.

“Təki bir azca da dözüm, təki evimə çatım!”.

İndi onun ən böyük arzusu beşinci mərtəbəyə sağ-salamat qalxmaq, evinə girib hərəkətsizlikdən bezənədək çarpayısında uzanmaq idi. Bu dəqiqə qoca nəinki saatlarla, hətta günlərlə heç yerə tərpənmədən uzanıqlı qalsa belə yorğunluğunun bədənindən çıxmayacağını, axır vaxtlar xeyli zəifləmiş ürəyinin bəlkə də, dözməyib partlayacağını düşünürdü.

Teymur kişi dördüncü mərtəbəyə çatanda artıq o qədər yorulmuş, o qədər halsızlaşmışdı ki, heç nəyə fikir vermirdi. Bir neçə pillə yuxarıda donub qalan 40-45 yaşlarındakı adama da, onun ağlamaqdan qızarmış gözlərinə də. Ani olaraq dayansa yıxıla biləcəyindən qorxur, zamanla yarışırmış kimi bütün gücünü toplayıb durmadan pillələri arxada qoyurdu.

“Mən bunu edə biləcəm! Mən beşinci mərtəbəyə sağ-salamat çatacam!”.

Teymur kişi bədəninin gah sağa, gah da sola tərəf meyl etdiyini, onu əhatələyən mühitin nizamsız şəkildə başına fırlandığını duyur, ancaq yenə də dayanmırdı.
“Az qalıb. Evə çatım dincələrəm. Təki evə çatım!”

Qoca nəfəsinin demək olar ki, tamamilə kəsilməsinə baxmayaraq, get-gedə “hündürləşən” pillələrin öhdəsindən gəlirdi. Dayanmırdı... durmurdu...
“Budur... çatmışam, artıq çatmışam!”
Nəhayət, bitmək bilməyən pillələrin hamısı arxada qaldı. Teymur kişi beşinci mərtəbəyə gəlib çıxmışdı. Qapıya yaxınlaşdı, zəngi vurdu. Və bu anda... və bu anda sanki kimsə onun ürəyinə kəskin bir bıçaq zərbəsi endirdi.
“Onsuz da çatmışam, onsuz da evimə çatmışam!”.

Teymur kişi şiddətli ağrının təsirindən müvazinətini itirib yerə yıxıldı. İndi o, ağır hərəkətlərlə aşağı düşən qocanı görmürdü...

Günün bütün mövzuları

XS
SM
MD
LG