Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

“Taxtabitilər üçün ariya" yazan qız. Onu yaxından tanıyaq


Jalə Əsgərova
Jalə Əsgərova
-

"Mən müsabiqə vasitəsilə keçən ilki hekayəmin qüsurunu öyrənə bildim, əslində necə yazmaq lazım olduğunu yəqin etdim".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. Həmsöhbətimiz Jalə Əsgərovadır. (Onluqdakı hekayəsini oxu)


- Jalə xanım, “Ədəbi Azadlığın” bu ilki hekayə onluğunda xeyli sayda müəllif ədəbiyyatçı peşəsindən uzaq olan, lakin içində yazmaq həvəsi olan kəslərdir, bəs siz necə, ədəbiyyata nə qədər yaxınsınız?

- Mən Xarici Dillər Universitetini bitirmişəm, ədəbiyyatın əsasını da dil təşkil etdiyi üçün, deyə bilərəm ki, çox yaxınam. Ümumiyyətlə, 7-8 yaşlarımdan şeirlər yazıram. Ədəbiyyata həmişə həyatımın ciddi bir tərəfi kimi baxmışam. Ailəli olmağıma, iki övladım olmağına baxmayaraq, daim oxuyuram, öz üzərimdə işləyirəm, araşdırmalar aparıram.

- Bəs hekayə yazmağa necə maraq yarandı, neçə müddətdir yazırsınız?

- Həmişə ədəbi mühiti izləmişəm, amma mənim ilk dəfə hekayə yazmağım keçən il Azad Fikir Universitetində Rasim Qaracanın müasir ədəbiyyatımızla bağlı mühazirəsini dinlədikdən sonra oldu. Bu məni xeyli təsirləndirmişdi və “Ədəbi Azadlıq” üçün ilk hekayəmi beləcə yazdım. Bundan başqa Həmid Herisçinin nəsrinin vurğunuyam mən. Şeirdə isə Səlim Babullaoğlunun fəlsəfi, metafizik fikirlərindən təsirlənmişəm. Mənim ilk dəfə yazmağıma, mətbuata çıxmağıma Rəbiqə Nazimqızı böyük dəstək verib, bu dəstəyə görə ona minnətdaram.

- Bəs bu ilki “Ədəbi Azadlıq” müsabiqəsindəki hekayəniz necə ortaya çıxdı? Hekayə nədən bəhs edir?

- Bilirsiniz, keçən il mənim hekayəm iyirmiliyə düşməmişdi, heç bu ilki qədər iddiam da yox idi. Bu il isə hekayəmi yazdım və həmişəki kimi ilk oxucum olan həyat yoldaşıma verdim, o, hekayəni oxuyandan dərhal sonra dedi ki, bu hekayəni müsabiqəyə yollamaq lazımdır. Həyat yoldaşımın zövqünə inandığım üçün hekayəmi “Ədəbi Azadlığa” yollamağa qərar verdim. Mənim hekayəm - “Taxtabitilər üçün ariya”da magik-realizm, qismən də mistisizimin izləri var. Çünki bu hekayəni yazarkən Qabriel Qarsiya Markesdən təsirlənmişdim. O mənim ən çox sevdiyim yazardır. Hekayəmi yazmazdan öncə ağlıma bir səhnə düşmüşdü, bir uşaq günəşi daşlayır. Bu səhnəni unutmamaq üçün oturub bir-iki cümləylə noutbukumda qeyd etmişdim. Günlər sonra hekayəyə yenidən qayıtdım və hekayənin planını hazırladım, o plan əsasında hekayəni yazdım. Bu hekayədə bir ailə faciəsi əsasında ümumilikdə dünyəvi problemlərdən bəhs olunur. Orda içkinin törətdiyi fəsadlar, qadın sədaqətsizliyi var. Mən yazanda təkcə bizim cəmiyyəti nəzərdə tutmuram, çalışıram beynəlmiləl mövzuları işləyim. Çünki bizim yazarlar çoxdan bütün dünya üçün maraqlı olan mövzularda yazmalıydılar, biz xeyli gecikmişik.
Namiq Hüseynli
Namiq Hüseynli


- Bu il birinci dəfədir onluğa düşübsüz, sizcə, müsabiqə yazarlara nə verir, siz özünüz kimlərə səs verdiniz?

- Mən onluğa düşəndə hədsiz sevinmişdim. Bu elə qalibiyyətə bərabərdir. Onluğa düşəndən sonra, artıq hekayəmi üçlükdə də görürəm. Bu qalibiyyətdən sonra qərar vermişəm ki, nəsr sahəsində işimi davam etdirməliyəm. Müsabiqə mənim üçün bu yolda tranplin rolunu oynayıb. Bizim indi tanıdığımız Fərid Hüseyn, Könül Həsənqulu, Şəhriyar Del Gerani bu müsabiqədən çıxıblar. Belə deyək, müsabiqə vasitəsilə onlar bir dəhlizdən keçib, ədəbiyyat cameəsinə düşüblər. Bundan əlavə mən müsabiqə vasitəsilə keçən ilki hekayəmin qüsurunu öyrənə bildim, əslində necə yazmaq lazım olduğunu yəqin etdim. Məsəlçün, keçən il müsabiqədə “Şampun”“Tablo” hekayələri vardı ki, onlarda dərin təsir gücü sezilirdi. Anladım ki, hekayənin güclü tərəflərindən biri bədii təsvir vasitələridir, təsir gücüdür.

Səsverməyə gəlincə onluqdakı digər qadın yazar Hədiyyə Şəfaqətə səs verdim, onluqda iki qadın yazar olduğumuz üçün, qərara aldım ki, qadın həmrəyliyi göstərmək lazımdır. Bundan əlavə İlham Əkbərlinin hekayəsi mənim üçün çox fərqli texnika və yazı tərzi ilə işlənmiş, fəlsəfi, ancaq sadə şəkildə yazılmış bir mətn kimi gəldi və ən bəyəndiyim hekayə hələlik odur. Şəhriyar del Geraninin də hekayəsini bəyəndim, amma orda vulqar kəlmələrə və dialekt sözlərinə çox yer verilib deyə, fikrimcə, oxucunun zövqünə pis təsir edir bu. Bilirsiniz, biz yazarlar da ziyalılarıq və oxucuya nümunə olmalıyıq, hörmətlə yanaşmalıyıq.

- Axı yazar necə ziyalı ola bilər ki, ziyalı heç kəsdən maddi baxımdan asılı olmayan birisidir. Bizim ölkədə isə yazarlar kitablarının satışı ilə dolana bilmədikləri üçün, hardasa işləməyə məcburdurlar və onu da bilirsiniz ki, bizdə yazarlar öz mövqelərini bilərəkdən, ya bilməyərəkdən işlədikləri yerlə eyniləşdirirlər.

- Bilirsiniz, mən inanıram ki, bizim ziyalılarımız sadəcə bir müddətlik bu durumdadırlar və əvvəl-axır bizdə də müstəqil ziyalı təbəqəsi yaranacaq. Belə ziyalı təbəqəsinin yaranması üçün ya ölkədə inqilab olacaq, ya hakimiyyət islahatlar edəcək. Həmçinin mən tez-tez eşidirəm ki, kitab təqdimatları olur, bəzən özüm də orda iştirak edirəm, bu təqdimatlara çoxlu adamlar qatılır. Deməli, ölkədə kitaba olan maraq artıb. Kitablar satılır, sadəcə kitabların yalnızca paytaxtda satılması və təbliğatının zəif olması yazarların əl-qolunu bağlayır. İnanıram ki, yaxın 4-5 ildə bu problem həll oluncaq.

Söhbətləşdi: Namiq Hüseynov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG