Keçid linkləri

Təcili xəbərlər

Fransanın Azərbaycandan öyrənmək istədiyi demokratiya...


Konstitusiyaya dəyişikliyə etiraz olaraq Bakıda fəallar mitinq keçirirlər. 24 dekabr 2008
Konstitusiyaya dəyişikliyə etiraz olaraq Bakıda fəallar mitinq keçirirlər. 24 dekabr 2008
.
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00
Direct-ə keçid

ƏGƏR SEÇKİ VARSA...

Türkiyədə Gəzi hadisələrinin ildönümünü qeyd etməyə imkan vermədilər.

Bir il əvvəl “Türkiyə baharına imkan verməyəcəyik!” deyən baş nazir Recep Tayyip Erdoğan indi də bildirdi ki, təhlükəsizlik qüvvələrinə etirazların qarşısını almaq üçün bütün təlimatlar verilib və onlar bunun üçün “A-dan Z-dək” hər şeyi edəcəklər.

Təcrübəli skeptik burada etiraz edərək deyər ki, cəmi iki ay bundan əvvəl bu ölkədə möhtəşəm bələdiyyə seçkiləri keçirilmişdi və elə bu səbəbdən də hansısa etiraz aksiyasına ehtiyac varmı?

Elə bizim də məqsədimiz Gəzi hadisələrindən deyil, ümumiyyətlə demokratiyadan yazmaqdır. Ona görə də qayıdaq bizim skeptik oxucunun güman edilə bilən sualına. Nə demək olar?

Dinc etirazlara həmişə imkan vermək lazımdır. Ən azı ona görə ki, toplaşmaq, nümayiş keçirmək hüququ da seçki hüququ kimi fundamental hüquqlardan biridir.

Həm də indi dünya belə bir liberal prinsiplə idarə olunur ki, demokratiya çoxluğun insan haqları ilə məhdudlaşan hakimiyyətidir.

Ola bilər ki, çoxluğu ölkədəki vəziyyət qane etsin, amma həmin çoxluq azlığın bu gerçəkliyi qəbul etməmək hüququ ilə hesablaşmalıdır.

İKİ DEMOKRATİYA TİPİ...

Məhz bu səbəbdən demokratiyaları iki qrupa bölürlər: totalitar və liberal demokratiyalar. Totalitar demokratiyalarda vurğu həmişə çoxluğun iradəsinə edilir, daha çox seçki hüququ nəzərə alınır.

Amma liberal demokratiyalar özündə çoxluğun məhdud hakimiyyətini ehtiva edir. Və bu məhdudiyyət də insan haqları ilə müəyyən olunur.
...indi dünya belə bir liberal prinsiplə idarə olunur ki, demokratiya çoxluğun insan haqları ilə məhdudlaşan hakimiyyətidir.


Əvvəldə misal gətirdiyimiz Türkiyə totalitar demokratiya ölkəsidir, hərçənd Avropa Birliyinə üzv olmaq üçün hər şeyi etməyə hazır kimi görünür. Məsələ də elə bundadır ki, olmur, yalnız görünür.

Fəqət, elə ölkələr var ki, onlar hətta totalitar demokratiya təsnifatına belə uyğun gəlmirlər. Məsələn, Qafqazlarda yalnız Gürcüstanı heç olmasa totalitar demokratiya ölkələrinə aid etmək olar. Digər ölkələr isə...

Amma yazının bu hissəsinə keçməmişdən əvvəl bir daha irəlidəki suala qayıdaq: əgər seçki varsa etirazlara ehtiyac varmı? Məsələ də bundadır ki, var.

İNSANLAR SAYIQLIĞI İTİRƏNDƏ...

Ona görə ki, demokratiya məhz etiraz edən vətəndaşların sayıqlığı əsasında mövcud olur. Bilmirik, bu, nə qədər doğrudur, amma eşitdiyimizə görə, hətta bəzi ölkələrdə insanların sayıqlığını yoxlamaq üçün qanunlara anti-demokratik düzəlişlər edirlər.
Dünyada heç kim inanmaz ki, nəzarətsiz, hesabatsız hakimiyyət demokratiya hüdudlarında qalsın.


İndi Azərbaycanda dövlət rəsmiləri tez-tez deyir ki, ölkədə demokratiya hökm sürür. Amma dərhal da sual yaranır: nəyin hesabına?

Ölkədə müstəqil QHT şəbəkəsi demək olar ki, qalmayıb, qəzetlər bərbad gündədir, radio-televiziyalar tamamilə dövlətin nəzarətindədir, siyasi partiyalar hətta öz tədbirlərini keçirə bilmir, müstəqil məhkəmə, parlament, azad və ədalətli seçki yoxdur. Amma deyirlər ki, demokratiya var!

Doğrudanmı, Azərbaycanda hakimiyyət demokratiyaya o qədər vurğundur, ona o qədər aşiqdir ki, heç bir tələb olmadığı halda, heç bir nəzarətin olmadığı bir halda “demokratiya yolu ilə” gedir? İnandırıcı görünürmü? Dünyada heç kim inanmaz ki, nəzarətsiz, hesabatsız hakimiyyət demokratiya hüdudlarında qalsın.

HƏTTA ABŞ-DA MÜMKÜN DEYİLSƏ...

Bu, hətta ABŞ-da mümkün deyil. Məgər bu ölkədə belə bəzi siyasətçilərin, dövlət qurumlarının demokratiya hüdudlarından kənara çıxmağa cəhd etməsi haqda azmı eşitmişik? Onlarla belə misal sadalamaq olar. Özü də ABŞ-da. Elə bir ölkədəki ictimai nəzarətin nəhəng bir şəbəkəsi var!
Məlum olur ki, hətta Fransa da ictimai nəzarətin ən yaxşı halda rüşeymlərinin mövcud olduğu Azərbaycanın təcrübəsini öyrənməyə can atır. Təsəvvür edirsinizmi?


Məgər 37-ci prezident Ricard Nixon-u istefa verməyə məcbur edən məşhur siyasi qalmaqalı insanlar unudubmu?

Di gəl, məlum olur ki, hətta Fransa da ictimai nəzarətin ən yaxşı halda rüşeymlərinin mövcud olduğu Azərbaycanın təcrübəsini öyrənməyə can atır. Təsəvvür edirsinizmi?

Burada əsrin əvvəlindən də bir misalı xatırlatmaq istərdik. Deyilənə görə, Türkiyə prezidenti Mustafa Kamal Atatürk Əli bəy Hüseynzadəyə parlamentin üzvü olmağı təklif edibmiş. Amma Əli bəy Hüseynzadə razı olmayıb, deyib ki, tək partiyalı parlamentin üzvü ola bilməz...

Deməli, insanlar hətta əsrin əvvəlində fərqindəymiş ki, tək partiyalı parlament demokratik ola bilməz, ən başlıcası isə o, demokratiyanın təminatçısı statusunda çıxış edə bilməz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG