Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

«Hakimiyyət NİDA-çı məhbuslara əfv ərizəsi yazdırmağa girişdi»


NİDA-çı Bəxtiyar Quliyev

NİDA-çı Bəxtiyar Quliyev

-
İyunun 3-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«Azadlıq» qəzeti yazır ki, ilk müraciəti Bəxtiyar Quliyevdən aldılar.

Qəzet yazır ki, «əfv ərizəsinin və «etiraf bəyanatı»nın yazılması başqa NİDA-çı məhbusların da yaxınlarına, ailə üzvlərinə təklif olunub. Onları buna inandırmaq üçün ciddi səylər göstərilir.

Hətta NİDA-çı məhbusların valideynlərinin kollektiv müraciətini təşkil etməyə də təşəbbüslər olub. Lakin bu təşəbbüs ən azı indilik uğursuzluğa düçar olub.

Məlumatlar göstərir ki, qarşıdakı günlərdə də NİDA-çı dustaqlardan hansından mümkün olsa, bu cür əfv və etiraf ərizəsi almağa çalışılacaq».

RUSİYA SƏFİRİNDƏN RUSDİLLİ GƏNCLƏRƏ ÇAĞIRIŞ

Rusiya səfiri Azərbaycanda yaşayan rusdilli gənclərin ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postları tutmasının çox vacib olduğunu bəyan edib. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxoin Bakıda yaşayan rus icması ilə keçirilən görüşdə bildirib.

«Rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm postları tutması çox vacibdir. Bunun üçün Azərbaycan dilini və tarixini bilmək və Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunmaq lazımdır», - deyə səfir vurğulayıb.

Səfir Azərbaycanda yaşayan rus gənclərinin diaspor fəaliyyətində fəal iştirak etməsinin zəruri olduğunu qeyd edib. Doroxinin sözlərinə görə, Rusiya xaricdə yaşayan həmvətənlərə böyük diqqət ayırır və bununla bağlı Hökumət komissiyası yaradılıb. Komissiyaya xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Doroxin əmin edib ki, səfirlik bundan sonra da Azərbaycandakı rus diasporuna dəstək verəcək.

ƏFV FƏRMANI NECƏ VERİLİR?

«Bizim Yol» qəzeti yazır ki, ölkə başçısının mayın 26-da imzaladığı əfv sərəncamında siyasi və vicdan məhbusu hesab edilən bir çox şəxslərin azadlığa çıxacağı ilə bağlı əvvəldən informasiyalar yayılsa da, bu xəbərlər özünü doğrultmadı. «Hüquq müdafiəçilərinin prezidentə təqdim etdikləri siyahıda Əvəz Zeynallı, NİDA-çı gənclər, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı, İlqar Məmmədov, Tofiq Yaqublu və digərlərinin adları vardı.

Bəzi ekspertlər həmin şəxslərin qanunla əfvə düşmədiyini açıqlasalar da, hüquq müdafiəçilərinin rəyinə görə Prezidentin istənilən şəxsi - barəsində məhkəmə hökmü olub-olmamasından, hökmün apellyasiya məhkəməsində qüvvəyə minib-minməməsindən, cəzanın nəzərdə tutulmuş hissəsini çəkib-çəkməməsindən asılı olmayaraq - əfv etmək səlahiyyəti var.

Konstitusiyasının 109-cu (prezidentin səlahiyyətləri) maddəsinin 22-ci (əfv etmə) bəndi əsasında əfvetmə Prezidentin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə rəsmiləşdirilir».

TƏHSİL NAZİRLİYİNİN SABİQ İDARƏ RƏİSİNƏ QARŞI DƏLƏDUZLUQ EDİLİB

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı 100 min manatlıq dələduzluq edilib

Səbail Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İsaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.

Qeyd edək ki, İ. Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.

MƏN AZƏRBAYCANA DÖNƏCƏYƏM

Bunu «Yeni Müsavat» qəzetinə yolladığı müraciətində ABU-nun sabiq rektoru Elşad Abdullayev bildirib.

Elşad Abdullayev

Elşad Abdullayev

«Məni Fransada həbs edə bilməzlər» deyən sabiq ABU rektorunun sözlərinə görə, bu, qüvvədə olan Fransa qanunvericiliyinə görə mümkün deyil:

«Fransa demokratik bir dövlətdir. Nəinki Fransa, heç bir demokratik dövlət artıq bu adam oğurluğu və siyasi fırıldaqçılıqla məşğul olan, insan hüquqlarını kobud surətdə pozan hakimiyyətlə hesablaşmır».

E. Abdullayev müraciətində deyir ki, ölkəyə qayıdacaq:

«Fərqi yoxdur hansı mərhələdə, mütləq dönəcəyəm. Bir balaca imkan yaranan kimi mənim vətənə qayıdışımın qarşısını heç kəs ala bilməz».

ERMƏNİSTAN ORDUSUNUN GERİ ÇƏKİLMƏSİNƏ BAŞLAMALIDIR

«Azərbaycan» qəzeti yazır ki, İsveçrə prezidenti Didye Burkhalterlə birgə mətbuata bəyanatla çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı bildirib ki, danışıqlar zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub:
İlham Əliyev

İlham Əliyev

«Əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Dağlıq Qarabağ münaqişəsinə yönəltdik.

Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və belə də qalacaq.

Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib».

BAKININ MƏNZİL BAZARI: QİYMƏTLƏR NİYƏ OYNAYIR?

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin mayında mənzil bazarında apardığı monitorinqin nəticələrini elan edib. Təşkilatdan «Media forum» saytına verilən məlumata görə, monitorinq göstərir ki, ötən ay son 2 ildə ilk dəfə paytaxtda mənzillərin qiyməti əvvəlki aya nisbətən aşağı düşüb.

Aprel ayına nisbətən mayda qiymətlər 3.5 faizə yaxın azalıb. Bununla belə, bu ilin ilk 3 ayında bazarda müşahidə edilən qiymət artımları səbəbindən ötən ay əvvəlki ilin may ayına nisbətən qiymətlər 6 faizə yaxın yüksəlib.

İSİM ekspertlərinin təhlillərinə görə, bu ilin ilk aylarında əmlak bazarında müşahidə edilən psixoloji və eləcə də süni qiymət artımlarından sonra bazarda aktivliyin azalması müşahidə edilib.

Təşkilatın rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, həmin aylardakı qiymət artımlarına rəğmən paytaxtın mənzil bazarında tələbat ciddi artmayıb:

«Monitorinq göstərir ki, birinci rübdə Bakının 3-cü və 4-cü zonalarında yerləşən mənzillərə tələbatın artması müşahidə edilsə də, sonradan bu tendensiya durğunluqla əvəz edilib.

Belə ki, Bakıda aparılan söküntülər fonunda paytaxtın mənzil bazarına nağd pulların daxil olacağı gözlənilsə də, əmlak bazarında daha çox psixoloji təzyiq müşahidə edilib. Qiymətlərin artması bazara pulun daxil olması ilə müşahidə edilməyib. Nəticədə qiymət artımları may ayında azalma ilə əvəzlənib.

Paytaxtın mənzil bazarında müşahidə edilən süni qiymət artımları da may ayında xeyli zəifləyib. Bazarın bu ilin ilk 5 ayındakı mənzərəsi daha çox psixoloji və süni faktorlara əsaslanıb və praktik olaraq iqtisadi təsirlər nisbətən zəif olub: ilin əvvəlində 100 min manata təklif edilən mənzil 4 ayda 110 min manatadək yüksəlib, mayın yekunlarında 106 min manatadək azalıb. Deməli, may ayındakı durğunluq sadəcə artım tempinin qarşısını alıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG