Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51
-

«Azərbaycanın son iqtisadi inkişaf göstəriciləri ümidvericidir».

Beynəlxalq Valyuta Fondunun (BVF) Ali Şurası Fondun nizamnaməsinin 4-cü maddəsini müzakirə edərkən belə qənaətə gəlib.

BVF-nin dördüncü maddəsi üzv ölkələrlə ikitərəfli məsləhətləşmələr keçirilməsini nəzərdə tutur.

Fondun bu münasibətlə yaydığı məlumatda deyilir ki, 2013-cü ildə Azərbaycanda neft istehsalının sabitləşdirilməsi, qeyri-neft sahələrindəki 10 faizlik artım Ümumdaxili Məhsulun (ÜDM) 5,8 faiz artımına imkan yaradıb.

Məlumatda inflyasiyanın aşağı səviyyədə qalması (2,4%) qeyd olunur və bildirilir ki, bu səviyyə ərzaq məhsullarının nisbətən aşağı qiymətləri və milli valyutanın sabitliyinin saxlanması hesabına təmin edilib. Neftin qiymətinin yüksək qalması da Azərbaycan iqtisadiyyatının artımına müsbət təsir göstərib.

BVF-nin açıqlamasında Azərbaycan banklarında sabitliyin davam etməsi də vurğulanır.
Bununla yanaşı, ilkin məlumatlar göstərir ki, 2013-cü ildə qeyri-neft sahəsinə düşən ÜDM-də kəsir 2012-ci ilin səviyyəsində – elan edilmiş hədəfdən aşağıda qalıb.

SON NAİLİYYƏTLƏR ÖLKƏNİ DİNAMİK BAZARA ÇEVİRƏ BİLƏR

BVF-nin məlumatında bu da bildirilir ki, islahatların yardımıyla neftdənkənar özəl sektorda artım sürsə, yaxın və orta müddətdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri ümidverici görünər.

Sənəddə qeyd olunur ki, hökumətin son nailiyyətləri ölkənin dinamik bazara çevirə bilər. Məlumatda son qaz sazişlərinin Azərbaycanın Avropa üçün strateji qaz təchizatçısına çevrilmək şanslarını artırdığı da vurğulanır.

BVF qeyd edir ki, investorların Azərbaycana etimadı yüksək olaraq qaldığından, hökumət idarəetmə və biznes mühitinin yaxşılaşdırılması üçün bu məqamdan yararlanmalıdır.

BVF-in yekun qeydlərində deyilir ki, hakimiyyət «e-hökumət» və «ASAN» xidmətin tətbiqi ilə kiçikmiqyaslı korrupsiyanın qarşısının alınmasında irəliləyişə nail ola bilib.

BVF Azərbaycan hökumətinə irimiqyaslı korrupsiya ilə mübarizəyə, biznes mühitində rəsmi və qeyri-rəsmi maneələrin aradan qaldırılmasına və hüququn aliliyinin təminatına diqqət yetirməyi tövsiyə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG