Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11
Ukraynada dəyərlərin davası gedir. Deyilənlər düz çıxsa, Qətərdə futbol üzrə dünya kuboku yarışları dərhal ləğv olunmalıdır. Çin ABŞ-a cavab qaytarır. Tacikistanda ziyalılara “millətin beyini yox, peyini deyən” redaktoru və saytı cəzalandırırlar.

Dünya mediası bu gün nədən yazır?

DƏYƏRLƏRİN DAVASI

“Avropada Şərqlə Qərb dəyərlərinin davası gedir”. Bu, Washington Post qəzetinin fikridir.

Ukraynada yeni prezident seçilən Petro Poroshenko elan edir ki, “müharibəyə və xaosa son qoymaqdan başqa” həm də Ukraynaya “Avropa dəyərlərini gətirmək” istəyir.

Qəzet yazır ki, ola bilsin, Avropa dəyərləri Ukrayna üçün ən vacib istəkdir.

1989-cu ildə Polşa da indi Ukraynada olduğu kimi maliyyə fəlakəti yaşayırdı.
Ancaq polşalılardan soruşanda ki, onların istədiyi nədir? – onların əsas cavabı bu olurdu ki, “normal ölkə qurmaq”.

23 il sonra Polşa və digər Şərqi Avropa ölkələti Qərbi Avropa ölkələri səviyyəsində varlı olmayıb. Ancaq onların Qərbi Avropa ölkələrindəkinə oxşar siyasi sistemləri, iqtisadiyyatları, təhlükəsizlikləri var. Şərqi Avropa ölkələrində rifah, istənilən halda, 23 il əvvəldəkindən yuxarıdır.

QƏTƏRDƏ FUTBOL KUBOKUNUN FİNALI LƏĞV OLUNSUN?


Guardian qəzeti yazır ki, Braziliyada futbol üzrə dünya birinciliyinə bir həftə qalmış beynəlxalq futbol federasiyası FİFA öz tarixində ən dərin böhranı yaşayır. Səbəb Qətərdə 8 ildən sonra keçirilməli dünya birinciliyidir. Keçən ay FİFA prezidenti Blatter Qətərdə dünya kubokunun finalını keçirməyi “səhv” adlandırdı. Ancaq indi məlum olur ki, bu, sadəcə səhv və ya ziddiyyətli qərar deyil.

Qəzet yazır ki, Qətərdə birincilik keçirmək qərarından iki mühüm narahatlıq var. Birincisi, rüşvət və korrupsiyadır. Guardian detallara toxunmadan yazır ki, Britaniyanın Sunday Times qəzetinin əlindəki faktlar yoxlanıb, dəqiqliyi sübut olunsa, Qətərdə dünya birinciliyi dərhal ləğv olunmalıdır. Çünki FİFA qaydalarına görə, dünya birinciliyinin ev sahibliyi satın alına bilməz, istənilən pul ödənişi və ya hədiyyə qadağandır.

Guardianın müxbiri yazır ki, ikinci narahatlıq Qətərdə dünya birinciliyinə hazırlığın necə aparılmasıdır. Müxbir aprel ayında Qətərdə olub və miqratnt fəhlələrin vəziyyəti ilə bağlı çoxsaylı tənqidləri yerində yoxlamaq istəyib. Orda stadion tikintisində çalışan keniyalı işçi deyir ki, 5 ildir, öz ölkəsinə gedib, öz uşağını görə bilmir, çünki Qətərdə tikintinin rəhbəri onun pasportunu əlindən alıb və ona deyib ki, ya ev ya iş. Qəzet yazır ki, Qətərdə stadion tikintilərindən belə şikayətlər saysız-hesabsızdır.

RUS PULLARINI DÜZGÜN XƏRCLƏMİR


Wall Street Journal qəzeti yazır ki, Abxaziyanın prezidenti Aleksandr Ankvab istefaya göndərildi.

Səbəb, geniş yayılan fikrə görə, Rusiyadan Abxaziyaya gələn pulların hökumət tərəfindən dağıdılmasıdır.

Qəzet xatırladır ki, Abxaziya büdcəsinin 70 faizi Rusiyadan gəlir.

ÇİN ABŞ-A CAVAB QAYTARIR

ABŞ-ın Avropada Rusiya ilə, Asiyada isə Çinlə problemləri yaranır. Wall Street Journal yazır ki, Pekinin səsini kəskin ucaltmağı Asiya regionunda ABŞ-ın nüfuzunun zəiflədiyini göstərir.

Shangri-La konfransında ABŞ müdafiə naziri Chuck Hagel Çini tənqid edəndə ki, Cənubi Çin dənizində Çin mübahisəli sularda neft quyusu qazmaqla sabitliyi pozur, təkbaşına hərəkət edir, Çin bunu cavabsız qoymayıb. Şin ordusunun baş qərargah rəisinin müavini, general-leytenant Vang Guanzhong deyib ki, Hagelin çıxışı “hegemoniya ilə, hədələmə və qorxutma ilə doludur”. Çin generalı hesab edir ki, bu, Çinə qarşı provokativ hərəkətlərin tərkib hissəsidir.

Başqa Çin hərbçisi, genral-mayor Zhu Chenghu isə deyib ki, “amerikalılar indi çox mühüm strateji səhv edirlər. Əgər amerikalılar Çini düşmən görsələr, Çin mütləq düşmən olacaq”.

Qəzet yazır ki, Çin özünü Asiyada ən güclü qüvvə sayır, ən azı burda özünü ABŞ-a bərabər hesab edir.

Qəzet təhlilçilərə istinadla yazır ki, bu son baş verənlər regionda strateji rəqabətin kəskin güclənməyini göstərir.

Düzdür, Çinin regiondakı hərbi gücü hazırda ABŞ-ın hərbi gücü ilə müqayisə olunan deyil. Ancaq Çinin raket sistemlərinə və kəşfiyyata investisiyaları müəyyən vaxtdan sonra bu iki ölkənin regiondakı gücünü təxminən bərabərləşdirə bilər.

ZİYALILAR ƏSƏBİLƏŞİB

Tacikistan məhkəməsi “Asia Plus” xəbər saytını cəzalandırıb və 6 min dollar məbləğində cərimə edib. Məhkəmə “Asia Plus”un şərəf və ləyaqəti təhqir etdiyini bildirir.

Human Rights Watch yazır ki, Tacikistanın tanınmış şairi Bozor Sobir ölkə prezidenti İmomaili Rahmonu tərifləyən məqalə yazıb və ziyalıları prezident ərafında birləşməyə çağırırdı.

Asia Plusun redaktoru Olga Tutubalina bu yazıya “Ziyalıar haqda qeyri-ziyalı” adında məqalə ilə cavab verib. Tutubalina “prezidentin ətrafında birləşmək” fikrini, Sobirin “Tacikistanda siyasi partiyalar lazım olandan çoxdur” fikrini tənqid edir . Tutubalina məqalənin əvvəlində isə Leninə aid olunan sözləri sitat gətirib ki, “ziyalılar millətin beyini yox, peyinidir.”

Məqalədə heç bir ziyalının adı çəkilmir. Ancaq məqalə çıxandan sonra Tacikistanın 5 təşkilatı- Yazıçılar Birliyi, Bəstəkarlar Birliyi, Elmlər Akademiyası, Aktyorlar Birliyi və Arxitektorlar Birliyi Tutubalinanı məhkəməyə verib. Redaktor ziyalılar kimi geniş sosial qrupa “mənəvi və fiziki ziyan” vurmaqda ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG