Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

İmişlinin Xoşçobanlı kəndində ağac dartışması


-

İmişli rayonunun Xoşçobanlı kəndində İlqar Əhmədov adına orta məktəbin bağ sahəsindəki çoxillik ağaclar kəsilib. Bu barədə AzadlıqRadiosuna yaxın vaxtlaradək sözügedən təhsil ocağında təsərrüfat şöbəsinin müdiri çalışmış Vüqar Bağırov məlumat verib.

«KƏSİLMİŞ AĞACLAR DİREKTORUN HƏYƏTİNƏ BOŞALDILIB»

Onun sözlərinə görə, hadisə bu ilin martında baş versə də, hələ də təqsirkar şəxslər cəzalandırılmayıb:
«Sanki soyqırımın necə törədilməsini şagirdlərə əyani göstərmək üçün martın sonlarında məktəb direktoru bir neçə saatın içində 15-dək çoxillik iydə, söyüd və yulğunu məhv etdirib. Kəsilmiş ağacların oduncağı məktəbin qazanxanasında işləyən Ədhəm Mirzəyevin şəxsi traktoruna yüklənərək direktorun həyətinə boşaldılıb. O vaxtdan bəri şikayətlərim nəticə verməyib. Artıq dərslər də kəsilib, amma məktəbdəki araşdırma davam edir. Ən pisi də odur ki, torpaq şoranlaşdığından indən belə burada ağac yetişdirmək çətin məsələdir».

Ağacların direktorun göstərişi əsasında kəsilməsini məktəbdə gözətçi işləyən Zabit Nağıyev də təsdiqləyir. Bağban Kərim Zeynalovsa deyir ki, həmin gün tibbi müayinədən keçməkdən ötrü rayon mərkəzi xəstəxanasında olub.

«RUSİYA SƏFİRLİYİNƏ ŞİKAYƏT EDƏCƏYƏM»

AzadlıqRadiosuna danışan Xoşçobanlı kənd tam orta məktəbinin direktoru Seyfəlməlik Talıbov ağacların kəsilməsini təsdiqləsə də, bu hadisənin 3 il əvvəl baş verdiyini iddia edir:
«Həmin vaxt direktor vəzifəsini elə şikayətçi Vüqar Bağırovun atası icra edib. Kəsilmiş ağacların 40-50 santimetrlik boyu qalmışdı. Mən həmin kötükləri çıxartdırmışam. Təmizlənmiş sahədə mədəni ağaclar əkmək, su kanalı çəkmək istəyirdim. Bu adam məndən hər yerə şikayət edib. İndi prokurorluqdayam, buradan çıxıb ekologiya idarəsinə gedəcəyəm. Mən Dərbənddə doğulmuşam, gəlmə olduğuma görə ayrı-seçkiliyə məruz qalmışam. Heç bir yerdə eşitməsələr, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə şikayət edəcəyəm».

MƏKTƏB DİREKTORU CƏRİMƏLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi idarəsinin rəisi Nəvaşir Bəşirov məktəbdəki araşdırmanın başa çatdırıldığını bildirir: «Məktəbin bağ sahəsinə baxış keçirilib və bütün əlaqədar şəxslərdən izahat alınıb. Xoşçobanlı kənd tam orta məktəbinin direktoru Seyfəlməlik Talıbov törətdiyi inzibati xətaya görə cərimələnib».
XS
SM
MD
LG