Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02
-

Teymur müəllim isə istehza ilə Qəribin yekə cəmdəyinə, daz başına baxıb bir zamanlar onun qapısında bir qarın yemək üçün necə yaltaqlanmağını xatırlamışdı... Kövrəlmişdi... Bir kəlmə ilə “dağıl səni, dünya” demişdi.


Xuraman Hüseynzadə


BORC


İyun ayı gələndə yadıma bir hadisə düşür...

Sovet dağılandan sonra rayon əhli bazarda meyvə-tərəvəz, pal-paltar, öz həyətinin məhsulunu satmağı ayıb bilmirdi. Dolanmaq lazımıydı.

Coğrafiya müəllimi Sahibin dərsdən sonra qəssablıq etməsi də daha lağa qoyulmurdu. Sahib müəllim Avstraliyanın təbiətindən, Cənubi Amerikanın coğrafi mövqeyindən danışdığı vaxt kiminsə sinif qapısını döyüb “Sahib müəllim, sizdə qarın-bağırsaq, içalat var?” deməsini şagirdləri daha təəccüblə qarşılamırdı.

Vaxtilə vəzifədə olanlar, imkanlılar geri yanına qara gün üçün beşdən-üçdən atmamışdısa, əzab-əziyyətə məhkumdu. Bazarda satıcıların piştaxtalarının altına tökülmüş, bir yerə yığılmış tullantı kartofları gətirib evdə pirojki bişirtdirib satan Qır Abbas qəpik-qəpik yığdığı pulla böyük biznes qurmuşdu.

Keçən il rayona gedərkən yol kənarındakı ağ Lexusdan düşən Qır Abbası nəinki o vaxt uşaq olan mən, heç o vaxt ona salam verməyi ar bilən əmim də tanımamışdı.
Belə bir dövr idi.

Teymur müəllimə rayonda Qızıl Temir deyirdilər. Yox, yox!.. Qızıl alverçisi-filan deyildi Teymur müəllim. Xasiyyəti gözəl olduğuna, Yepiskop Miriel, Jan Valjan kimi əynindən-boğazından kəsib kasıb-kusuba əl tutduğuna görə bu adı vermişdilər ona. Teymur müəllim yekə bir vəzifənin sahibiydi.

Məsələn, Mütəllim kişi oğlunun 11 yaşına çatdığını, amma hələ sünnət olunmadığını deyib qəhərlənən günün səhəri Qızıl Temir ona oğlunu müsəlman etdirməsi üçün maddi kömək göstərmişdi. Harda bir toy, ağlaşma səsi eşitsəydi, özünü ora çatdırardı. Əyləşdiyi kreslonun həşəmətli olmasına baxmayaraq o, xalqın yanındaydı.
Fələyin çərxi tərsinə dönmüşdü. Qızıl Temir borca düşmüş, borcunu qaytarmaq üçün son ümid yeri olan 20 hektar ərazini icarə edib taxıl əkmişdi.

Qızıl-qırmızı bir iyun ayıydı. Gün adamın təpəsini deşirdi. Qızıl Temir qapısında bir daşın üstündə oturub baxırdı. Nəyə baxırdı??? Adamlara. Onlar indi “adamlar” yox, “borclular” statusunu daşıyırdı. Teymur müəllimə “Qızıl Temir” dedikləri vaxt onun qapısında quyruq bulayan, ac qarınlarını doyuran həmin kəslər indi taxılı daşımaq üçün növbəyə durmuşdular. Teymur müəllimdən, yaxud Qızıl Temirdən əsər-əlamət qalmamışdı. Bir vaxtlar siqareti dənə-dənə satan Eşşək Qərib, sahibi olduğu super-marketin fəhlələrinə belə bir əmr vermişdi:

- Əəə, bir əz cəld olun! Temir kişi, dur bunnara köməy elə dana, nəə oturmusan, tələsirəm axı!

Teymur müəllim isə istehza ilə Qəribin yekə cəmdəyinə, daz başına baxıb bir zamanlar onun qapısında bir qarın yemək üçün necə yaltaqlanmağını xatırlamışdı... Kövrəlmişdi... Bir kəlmə ilə “dağıl səni, dünya” demişdi.

Qapısında böyük bir dağa bənzəyən taxıl azaldıqca, Teymur müəllimin ümidi də azalırdı. Gözündə yanan çıraq öləziyirdi. Axşama yaxın borclular həmin “dağı” “şümladılar”.

Rəssam olsaydım yazının son epizodunun təsvirini yaradardım: Qapıda iri bir daşın üstündə oturmuş Teymur müəllim, baxışlarının son dayanacağı olan ovcundakı 3-4 qızılı sünbül dənəsi . Teymur müəllimin alnında puçurlayan tər damcıları, gözündən axan bir damla son ümid və ovcuna sığınmış “borc” zərrələri... Beyninə saplanmış bu sualı isə gərək həmin rəsmə baxan özü tapsın: “Görəsən balalarım nə yeyəcək?”

Yenə iyun ayıdır. Yenə taxıl zəmiləri dalğalanır... Teymur müəllimlər həmişə olacaq...

“Ədalət” qəzeti

Günün bütün mövzuları

XS
SM
MD
LG