Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Salyanda istintaqı düyünə düşmüş ölüm hadisəsi


Arxiv fotosu
Arxiv fotosu
“Qızımı öldürüb sonra asıblar, cinayətin üstünün açılmasında kömək edin”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Salyanın Aşağı Noxudlu kənd sakini Şirinbəyim Eyvazova yazıb.

Onun sözlərinə görə, bu il aprelin 2-də qızı Afət Cəfərovanın asılmış meyiti Salyanın Aşağı Noxudlu kəndində yaşadığı evində tapılıb:

"MEYİTƏ BAŞQA PALTAR GEYİNDİRİLMİŞDİ"

“Bir ana kimi deyirəm ki, qızımın özünə qəsd etməsi versiyası ilə razı deyiləm. Qızımın 2 qız nəvəsi var. Bir qızı Pedaqoji Universitetin axırıncı kursunda, oğlu Şirvan şəhərində texnikumda oxuyur. Qızım zəhmətkeş, fiziki cəhətdən sağlam bir qadın idi. Kənd orta məktəbində xadimə işləyirdi, təsərrüfatla məşğul olurdu. Həyat yoldaşı ilə münasibətləri pis idi. Ölməmişdən 5-10 dəqiqə əvvəl nəvəmə zəng edib, deyib ki, “atan məni öldürmək istəyir”.

Ananın deməsinə görə, qızının meyitinin üzərində xəsarət izləri olub:

“Qızımın asıldığı yerdə ayağının altında stul olmayıb. Boynuna bağlı olan ip sürüşkən deyildi. Düyünlənmiş halda idi. Onun asıldığı yer qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən adam özünü necə asa bilərdi? Onun ölüsünü görəndə dəhşətə gəldim. Əynindəki paltar gündəlik geydiyi paltar deyildi və başının arxa sağ tərəfi qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilib. İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və düymələri qırılmış xalat maddi sübut kimi hadisə yerindən götürülməyib. Bu haqda daha məlumatlı, onun ölümündən qabaq zəng etdiyi kiçik qızıdır. Ancaq o, ata qohumlarının təsiri və qorxusu altında olduğu üçün həqiqəti söyləyə bilmir. Mərhumun meyiti yarılaraq daxili müayinə olunmadan basdırılıb”.

EKSHUMASİYA KEÇİRİLİB

Şirinbəyim Eyvazova yazır ki, eyniməzmunlu məktubu baş prokurora da göndərib, hələ cavab almayıb.

Salyan rayon prokurorluğundan “Qaynar xətt”ə bildiriblər ki, Aşağı Noxudlu kənd sakini Şirinbəyim Eyvazovanın ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şirinbəyim Eyvazovanın şübhəli bildiyi bütün şəxslər istintaqa dəvət olunaraq ifadələri alınıb. Hətta ananın tələbi ilə bir dəfə meyitin ekshumasiyası da keçirilib. İstintaq davam etdiyi üçün prokurorluqdan əlavə məlumat verilməyib.
XS
SM
MD
LG