Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

Nərmin Kamalın yeni yazısı

-

Bizim maarifçilərin fikrincə, elmin hörmətə minməsi üçün şair susmalıdır.

Yazıçının hörmətə minməsi üçün müğənni susmalıdır...



Nərmin Kamal


BİR STUL VAR, KİM OTURMALIDIR?


Bizdə bir yasxananın qabağında dayanırsan, görürsən çadırdan çıxan adamlar ayaqqabılarının üst-üstə düşüb qaldığını görəndə götürüb onların uclarını üç dəfə bir-birinə vururlar.

Yemək yeyəndən sonra süfrənin ucunu qatlayırlar, uşaq dombalaq aşanda deyirlər, qonaq gələcək, bir sözü iki adam eyni vaxtda tələffüz eləsə, deyirlər, “haçan sevinəcəm?”, iki arvadın arasından keçəndə üç dəfə tüpürürlər.

Bəzən peyğəmbər peyda olur, gənc qızlar gedib ona könüllü arvadlıq edirlər, yaşlı qadınlar Almaniyadan onun malikanəsinə qutu-qutu “paraşok” daşıyırlar.

Maarifçi yazarlar çoxlu məqalə yazıb tənqid edirlər, onları dəyişdirməyə çalışırlar, onları sağlam zəkaya dəvət edirlər. Yaxşı da edirlər.

Amma o biri tərəfdən, çağdaş Qərb düşüncəsi bu mövhumatçı adamlara cəmiyyətin rəngarəngliyi kimi baxır, onların inanc hüquqlarını qoruyur.

Hər cür mövhumatçıya, ayaqqabısına sitayiş edənə hörmət edir. Hamının vahid doğru yolda, sağlam düşüncəylə, zəkanın gücülə yaşamağa məcbur olunmasını düzgün hesab etmir.

Yəni: Bizə düşən vəzifə təhsil verməkdir, sonrakı seçimlərinə qarışmırıq insanların. Elmə, Sənayeyə, Zəkaya fokuslanan 20-ci əsrdə hamını elmə çağırdıq, axırı nə oldu ki; dəhşətli müharibələr. İndi də qoy hamı özünü ifadə etsin, hərə özünü öz yoluyla xoşbəxt hiss etsin.



İnsan bu rəngarəng münasibətə heyrət edir. Kim istəyirsə, 2 yaşında uşağının başına hicab bağlasın, kim istəyirsə, tavanından sallanan çilçırağa sitayiş etsin, onlara maarifləndirilməli olan mövhumatçılar yox, cəmiyyətin rəngarəngliyi kimi baxmaq tərəfdarıdır çağdaş Qərb düşüncəsi.

Görünür, cəmiyyətin bünövrəsinə, yuxarıdan verilən sağlam impulslara və təhsilə o qədər arxayındırlar ki, bu vəziyyətin aşıb-daşmayacağına əmindirlər.

Bizim maarifçilərsə onlar qədər dözümlü yanaşmırlar bu peyğəmbərlərə. Müdaxilə edirlər. Vəziyyətin aşıb-daşacağından narahat olurlar. Bir növ təhsili əvəz edirlər. Çünki cəmiyyətin bünövrəsinə, yuxarıdan verilən sağlam impulslara, təhsilə arxayın deyillər.

Bizim maarifçilərin fikrincə, bir peyğəmbər peyda olubsa, o, bir alimin yerini tutur. Bir müğənni bir yazıçının yerini tutur. Bir şair də bir alimin yerini tutur. Elmin hörmətə minməsi üçün şair susmalıdır. Yazıçının hörmətə minməsi üçün müğənni susmalıdır.

Bir dağ aşmasa, bir dərə dolmaz. Ölkədə bir özəl şeir müsabiqəsi keçirilirsə, o, elm müsabiqəsinin yerini tutur.

Yəni qərbli intellektuallar “Həm, həm də” düşünürlər, azərbaycanlı intellektuallar “Ya, ya da”. Bir dənə stul var, biri qalxmalıdır ki, o biri adam otursun.

Mənəvi və maddi resurslarımız məhduddur, nəinki hər cür, hətta iki qonağı (poeziya və elm) eyni vaxtda eyni diqqətlə qəbul edə bilmirik.

Mühacir yazıçı Banin yazırdı ki, elə bil xoşbəxtlik yer üzünə bir miqdar verilir, məndə olmayanda deməli qardaşımdadır, onda deyilsə, qonşumdadır, sürüşüb yenə mənə gələcək.

Hamı eyni vaxtda istədiyi payı ala və razı qala bilmir. Əgər şairlər xoşbəxtdirsə, onda alimlər xoşbəxt deyillər. Tamaşaçı varsa, oxucu yoxdur. Şeir varsa, elm yoxdur. Birinin kresloya yerləşməsi üçün o biri kənara çəkilməlidir.

Baxırsan Qərb ölkələrinə, yaxud elə qonşularımıza, o ölkələrdə mahnı və roman, şeir və elm bizdə olduğu qədər düşmən sayılmır bir-birinə. Yalnız şeir məsələsində bilirəm bu səbəbi.

Həmin ölkələrdə poeziyanın bizim ölkədəki ümumi poeziya ovqatı ilə fundamental bir fərqi var. Orada şeir də elm kimi ətraf aləmin müşahidəsindən başlanır.

Elm əvvəlcə müşahidə edir, müşahidədən sonra ehtimal irəli sürür, o ehtimalın lehinə, əleyhinə sübutlar toplayır, eksperiment aparır...

Ən dəyərli şeirlər də elm kimi ətrafı müşahidə etməkdən başlayır, müşahidədən sonra şair naməlum əraziyə girir, müşahidəçi müşahidə elədiyinin bədii təsirinə məruz qalır. Müşahidəyə əsaslanan poeziya üstün poeziyadır. Pəncərəni örtüb yalnız öz daxili hisslərindən danışan şair uğursuz şairdir.

Ümumiyyətlə, kimin hansı sahədə olmasının fərqi yoxdur, “pəncərəni açıq qoymaq” çox vacib məsələdir. Heç bir sahədə fəaliyyət göstərməsən belə, bu sənin üçün vacibdir. Bir də görürsən, səni düşündürən, həll edə bilmədiyin məsələləri küçədəki adamlar necə həll edirlər. Biz bir stulda oturmaq üstündə şeirlə elmi, romanla mahnını savaşdırırıq, onlar – başqa adamlar ortaya iki stul qoyurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG