Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Deyirlər ha, qadın zəif, zərif, xeyirxahdı. Yalandı!


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

Nolsun ki, polisdir, təxmin edirəm ki, onun da bir heysiyyəti var.

Çünki mənim bu kiçik müxalifliyimdən sonra polisdə bir oyanma baş verdi sanki. Etiraz etdi: "İstəyirsən general ol, istəyirsən prezident ol....ol ...ol...ol”.



Aytən Nəsibbəyli


BİZİ TƏK BURAXMAYIN!


Milorad Paviçin dili ilə desək, maraqlı hadisələr məhz onu nəql edə bilənlərin başına gəlir. Başıma elə bir iş gəlib ki, ümid edirəm, bunu nəql edə biləcəm.

Əslində bu barədə çox yazılıb, ancaq adamı narahat edən elə odur ki, bu haqda belə çox yazılmasına və müzakirələrə baxmayaraq, hələ də üzqızardıcı hadisələr baş verir və hadisələrin baş vermə sayında nəinki bir azalma baş verib, hətta artma müşahidə olunur.

Çünki məlum sistem hələ də bir qrup insanların harınlaşması yolunda cidd-cəhdlə çalışır və bu, onlarda alınır da. İndi isə gələk baş verən hadisəyə.

Məsələ çox sadədir. 28 Mayda Milli Bank tərəfdə keçiddən istifadə etməyib yolu keçdiyimə görə cərimələnmişəm. Amma tələsməyin.

Sadəcə, bu hissəsi sadə idi. Elə polis mənə cərimə yazanda hündürboy, enlikürək, yekəqarın bir oğlan illər əvvəl cütləşdiyi dişisi və yavrusu ilə bizə yaxınlaşıb polisin qolundan yavaşca tutdu və özündən əmin bir səslə dedi: “Mən kapitanam. Keçiddən keçməyəcəm. Yolu belə keçəcəm” (Qeyd edim ki, həmin şəxs mülki geyimdə idi).

Çox təəssüf ki, tələsdim. Polisin ilk reaksiyası təxmin edilən olsa da, yenə də öz gözlərimlə görmək istəyərdim.

Kapitan özündən əmin danışırdı, elə mən də elə etdim. Çox aydın şəkildə dedim:”Necə yəni kapitanam, belə keçəcəm? Onda mən də kosmonavtam, uçacam. Keçmək yoxdu, onda mənə də cərimə yazılmayacaq”.

Nolsun ki, polisdir, təxmin edirəm ki, onun da bir heysiyyəti var.

Çünki mənim bu kiçik müxalifliyimdən sonra polisdə bir oyanma baş verdi sanki. Etiraz etdi:”İstəyirsən general ol, istəyirsən prezident ol....ol ...ol...ol”. Polisin səsinə başqa polislər də gəldi, onlar da etiraz etdi, “yox”dedilər, “olmaz”dedilər, qanundan danışdılar, falan, filan.

Millət tamaşaya yığıldı. Amma sonda noldu?

Gözlənilən oldu. Kapitan o yolu keçdi. Bir cüt göz olaydı, “kapitan” dediyimizin yanında dişisi və yavrusu ilə qarnını qabağa verə-verə “qalibəm” deyərək yolu keçməyinə tamaşa edəydi.

Bir insan nə qədər ucuzlaşa biləcəyini bariz şəkildə ancaq belə sübut edə bilərdi ki, onu da etdi.

Bəs sonda noldu?

Təbii, əsəbiləşən, sındırılan polis hirsini kimdənsə çıxmalı idi. Yığışıb düşdülər orada dayanan bir cavan oğlanın üstünə:”Nə baxırsan, qaqa? Nolub? Nəyə dayanmısan burada? Bəs bilmirsən, məcəllənin filan, filan maddəsinə görə burada dayanmaq olmaz?”.

Zəncir belədir, müdir müavini, müavin işçini, fəhləni, fəhlə də evdə onun yolunu gözləyəni, hamı özündən zəifi alçaltmalıdır.

“Görəsən, o polislər, ya da kapitan “Mirzə Səfər” hekayəsini oxuyub? Oxumayıbsa, heç, oxusaydı, bu gün o kapitan o yolu keçərdimi?” - deyə düşündüm bir anlıq. Ancaq bu cür tiplər bir hekayəylə düzələn də deyil, bilirəm. Sadəcə bir anlıq ümid idi.

Kapitan kiçik qalibiyyətlərin adamı idi, bu, aydındır. Əminəm ki, onun bu qədər israr etməyinin səbəbi də özünü dişisinin gözündə təsdiq etmək idi. Özünü həyatda təsdiq edə bilməyənlər adətən belə kiçik qələbələrlə ovunurlar.

Əgər mən qəza nəticəsində belə bir adamla ailə qursaydım, o an yerə girmək üçün nələrdən vaz keçməzdim. Ancaq qəhrəmanımızın dişisi necə zövq alırdı ərinin zəfərindən bir görəydiniz.

Deyirlər ha, qadın zəif, zərif, xeyirxahdı. Bir qadın olaraq deyirəm, külliyən yalandı. İnanmayın. Bu elə qadınlar tərəfindən uydurulmuş, yerinə görə çox məharətlə istifadə edilən bir taktikadır. Zəif, xeyirxah qadın heç vaxt orada gülməzdi. Zəif, xeyirxah qadın heç vaxt mən Allaha inanmayan adamın azadlığı üçün səs vermərəm, qoy ölsün, deməzdi. Zəif, xeyirxah qadın bir körpə uşağı göm-göy göyərənəcən döyüb soyuqda saxlamazdı və bu misallar N qədərdi, təəssüf ki.

Bu cütlüyə gəldikdə isə onlar ömür boyu düzəlməyəcək. Heç onları dəyişməyə nə həvəsimiz, nə də gücümüz var indidən sonra. Mən sadəcə onlar yolu keçəndə arxadan o uzunsaçlı balaca, şirin qıza baxdım və düşündüm” Heç olmasa, onu xilas etmək mümkün olaydı”.

Məqsəd, sadəcə, bir cütlüyü, insan psixologiyasını və ya eqosunu açmaq deyildi, təbii. Baş verən hadisənin bu boyutu da var, o heç. Ancaq maraqlıdır ki, hər şey 5-10 dəqiqə içində baş verdi və hətta bütün həyatları, düşüncələri dayaz şeylərin cəmindən ibarət olanlar belə bu beş dəqiqə ərzində necə bir ölkədə yaşadıqlarını bütün çılpaqlığı ilə dərk etdi.

Və işin tək faydalı yanı da budur.

Adi bir polislə kapitan arasında olan bu qanunsuzlugu gördükdən sonra dövlətin, hakimiyyətin daha yüksək rütbəli məmurları arasında hansı səviyyədə, hansı səpkidə qanunsuz hallar baş verir, di gəl, təssəvvür et və döz.

Bəli, kapitan o yolu keçdi. Çünki bu yol onun və polislərin yoludur. Mənsə keçə bilmədim. Nə yaxşı da keçə bilmədim, istəsəm də bu, alınmaz artıq. Cəriməni isə tez bir zamanda ödəyəcəm və kapitanın, polisin yoluyla getməmək üçün həyatboyu cidd-cəhdlə çalışanlara qoşulacam.

Bizi tək buraxmayın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG