Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Seymur Baycan. Miskinlər öz həşərat həyatlarına davam edirlər


Seymur Baycan
Seymur Baycan
-

Sonda məlum olacaq ki, bu kəndlilərin evində doğrudan da yeməyə və içməyə hər şey varmış. Sən havayı yerə onlara acıyırsan...


Seymur Baycan


YEDDİ SAMURAY


"Yeddi samuray" filminə kinoteatrda atamla baxmışam.

Adamlar filmi həm komediya, həm də davalı film kimi başa düşmüşdülər. Kino qurtaranda adamlar kinoteatrdan bayıra çıxanda məktəb yoldaşımı gördüm. O da dedi: "Ən gülməlisi dəli samuray idi".

Onunla tam razı idim. Elə mənim özümü də daha çox dəli samuray güldürmüşdü. O dəli samuray ki, kəndlilərə döyüşməyi, silahdan istifadə etməyi, quldurlardan özünü qorumağı öyrədir.

O dəli samuray ki, kəndliləri digər samuraylardan daha yaxşı tanıyırdı. Bu kəndlilər vuruşmağı necə lazımdır bacaran, qəddar, amansız quldurların qarşısına çıxmalı idilər.

Kənardan kəndlilərin uşaqları bu mənzərəyə, yəni dəli samurayın kəndlilərə təlim keçməsinə baxır və bərkdən gülüşürlər.

Onları gözləyən faciədən, dəhşətlərdən xəbərləri olmadan. Bilmirlər ki, əgər quldurlar gəlsələr, onları qılıncla doğrayacaqlar, qadınları zorlayacaqlar, bütün var-dövlətlərini əllərindən alacaqlar.

Atam "Yeddi samuray" filminin çox ciddi bir film olduğunu bilmədən bu dünyadan köçdü. O, öləndə heç bu haqqda düşünməmişdi də. Nəyinə lazım idi bilsin ki, "Yeddi samuray" komediyadı, yoxsa faciə? Yəqin ki, film də artıq yadından çıxmışdı.

Bu haqda çox fikirləşmişəm: hansı yaxşıdır, kim daha xoşbəxtdir - "Yeddi samuray" filmini komediya kimi qəbul edib, bu dünyadan köçmək, yoxsa sonradan "Yeddi samuray" filminin çox dəhşətli film olduğunu anlamaq.

Necə ki, minlərlə, onminlərlə, yüz minlərlə insan Çexov, Tolstoy, Viktor Hüqo, Sveyq, Balzak, Dostoyevski kimi yazıçıların varlığından xəbər tutmadan, əsərlərini oxumadan yeyirlər, içirlər, evlənirlər, övlad, nəvə-nəticə sahibi olurlar və sonra da bu dünyadan köçürlər.

Belə olduğu halda Volterin sualı qarşısında qalırıq - hansı yaxşıdır, bilib bədbəxt olmaq, yoxsa bilməyib xoşbəxt olmaq?

Əlbəttə, bu sual adamı tez-tez yaxalayır. Ən kiçik məişət problemlərinin qarşısında aciz qalarkən, maddi problemlər insan şəxsiyyətini alçaldarkən, Herman Hessenin "biz meşşan həyatına nifrət edərək meşşanların evində kirayədə yaşamağa məhkumuq",- sözlərinin həqiqi ağırlığını bütün hüceyrələrimlə hiss edərkən avam, gönüqalın, Çexovdan, Tolstoydan, Hüqodan xəbərsiz xoşbəxt yaşayan adamlara paxıllığım tutub.

Onlardan biri olmaq istəmişəm. Lakin özüm-özümlə baş-başa qalanda demişəm, yox. Əgər bir daha seçim etmək imkanım olsaydı, bilməyib xoşbəxt olmaqdansa, yenə də bilib bədbəxt olmağı seçərdim.

Tanıdığım qız bir nəfəri sevib öz həyatını darmadağın etmişdi. Həmişə deyərdi: "Bir qram da peşman deyiləm. Yenə dünyaya gəlsəm, "uf" demədən yenə onu sevərdim".

O qıza baxanda Don Kixotun Sançoya dediyi sözləri xatırlayırdım: "Bu dünyada hərə öz yolu ilə gedir və heç kim getdiyi yola görə başqalarına minnət qoymalı deyil".

Əsl sevgi də elə budur. Qarşılıqsız. Təmənna güdmədən. Təmənnalı münasibət heç vaxt səmimi ola bilməz.

Atam kimi "Yeddi samuray"ın komediya olduğunu qəbul edərək, "Yeddi samuray"ın çox ciddi bir film olduğunu bilmədən bu dünyadan köçmək istəməzdim.

Zatən çox asanlıqla belə ola bilərdi. Çox asanlıqla atamın həyatını təkrar edə bilərdim. Ənənənin olmadığı bir ölkədə kiminsə az-çox fərqlənməsi sırf təsadüflərin nəticəsidir. Belə düşünürəm, qoy, başqaları bu təsadüfə tale adı qoysunlar.

Son vaxtlar dəli samurayı tez-tez xatırlayıram. Nə qədər eqoistcəsinə səslənsə də (zatən çox eqoist və şöhrətpərəst adam olduğumu gizlətmirəm. Açıq deyirəm, çox eqoist və şöhrətpərəst adamam) dəli samuraya bənzədiyimi görürəm. Dəli samurayın gördüyü işi təkrarlamaqdayam.

Ömründə bir dəfə silah tutmamış kəndlilərə döyüşməyi öyrətməliyik ki, qəddar və amansız quldurlardan kəndi qoruyaq. İlahi, kimlərlə kimin qarşısına çıxmalıyıq? Neçə cəbhədə döyüş aparmalısan?

Siyasi hakimiyyət bir tərəfdən, mentalitet bir tərəfdən, cəhalət bir tərəfdən, maddi çətinlik bir tərəfdən, çaqqal və paxıllar ordusu da digər tərəfdən. Üstəlik, onları gözləyən faciədən xəbərsiz uşaq-muşaqlar bu prosesə kənardan baxıb gülüşürlər.

Sonda məlum olacaq ki, bu kəndlilərin evində doğrudan da yeməyə və içməyə hər şey varmış. Sən havayı yerə onlara acıyırsan. Sən ölüb gedəcəksən, onlar isə heç nə olamış kimi öz düyülərini əkəcəklər, öz həyatlarına davam edəcəklər.

Həmişə belə olub. Davada sağlam adamlar məhv olur, miskinlər isə öz həşərat həyatlarına davam edirlər. Çünki həşəratlar ölmürlər.

Ölmək nədi, sürətlə artırlar. Yumurtalarını hara gəldi qoyurlar.

Murdarlıq, anti-sanitariya nə qədər artırsa, həşaratların çoxalması üçün daha münbit şərait yaranır.

"Reytinq"
XS
SM
MD
LG