Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:13
-

"Mənə elə gəlir ki, mətnləri mən yazmıram, onlar əvvəlcədən xəyalımdakı hansısa lövhədə hazır olurlar".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. Həmsöhbətimiz Mübariz Örəndir. (Onluqdakı hekayəsini oxu)


- Mübariz bəy, bildiyimə görə, ədəbiyyatda yeni-yeni tanınırsınız, bir neçə hekayəniz var, bəs necə oldu hekayə yazdınız?

- Mən ixtisasca inşaat mühəndisiyəm. Gənc yaşlarımdan Rusiyada neft sənayesi mühəndisi və sahibkar kimi çalışmışam. Həyatımın 15-20 ilini Rusiyada keçirmişəm. Lakin içimdəki Azərbaycan həsrəti məni ölkəyə geri qayıtmağa vadar etdi. Azərbaycana gəldikdən sonra ilk hekayəm “Göy qurşağı”nı yazıb “Ədəbi Azadlıq” müsabiqəsinə göndərdim. Hekayəm onluğa düşdü və mən anladım ki, ədəbiyyatla ciddi məşğul olmalıyam. Həmin il Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinə daxil oldum. Bir ildir ki, orda təhsil alıram.

- İndiyədək cəmi bir neçə hekayəniz çıxıb, bunun səbəbi nədir, gec-gecmi yazırsınız, yoxsa vaxtınız olmur?

- İndiyə kimi altı hekayəm çıxıb, hamısını da “Oxu zalı”na yollamışam. Məsələ ordadır ki, mətnlə bağlı özümə müəyyən bir ölçü qoymuşam, o ölçüdən aşağı düşə bilmərəm. Hər mətnin üzərində günlərcə, aylarca çalışıram. Mənə elə gəlir ki, mətnləri mən yazmıram, onlar əvvəlcədən xəyalımdakı hansısa lövhədə hazır olurlar. Çalışıram öz lövhəmi tapıb dəqiq görə bilim. Günlərlə mətnimi düşünürəm, ən ideal formanı tapıb yazıram. Məsəlçün, mənim “Balıq gülüşü” hekayəm var, onun bircə sözünü də dəyişə bilmərəm, dəqiq bilirəm ki, o əvvəldən beləcə yaradılmış mətn olub, mən, sadəcə, onu tapmışam. Yaxud, indi müsabiqəyə yolladığım “Oğru” hekayəmin üzərində düz bir ay işləmişəm, tez-tez özümü tələsdirirdim ki, müsabiqəyə çatdıra biləm. (ardı aşağıda)
Mübariz Örən (sağda) və Namiq Hüseynli

Mübariz Örən (sağda) və Namiq Hüseynli



- Rusiyada yaşayanda da yazırdınız?

- Xeyr, indi ona təəssüflənirəm ki, çox şeylər gördüm, çox mərhələlər keçdim, başım çox bəlalar çəkdi, amma qeydlər aparmadım deyə, indi yaddaşı təzələyib yazmaq çətin gəlir mənə. Qeydiyyat başqa şeydir, orda xırdalıqlar yada düşür, hər xırdalıq özü ilə başqa bir hadisəni yada salır. Həm də dəqiq bildiyim hadisələri yazmaq istərdim. Mənim hekayələrimdəki, hadisələrin əksəriyyəti nə vaxtsa mütləq ya mənim, ya da başqasının başına gəlmiş hadisələrdir, istəyirəm özüm inandığım hadisələri yazım ki, başqaları da inansın.

Onu da deyim ki, istər məktəb illərində, istər Rusiyada yaşadığım dövrlərdə içimdə çox dərin bir ədəbiyyat yanğısı olub. Azərbaycana gələndən sonra artıq ikinci ildir ki, ədəbiyyata çox ciddi bağlanmışam, qorxuram ki, bu artıq hobbidən keçib, həyat tərzimə çevrilib. Hiss edirəm ki, ədəbiyyat bir ərazidir, mən də onun sakiniyəm.

- Amma bu necə sakinlikdir, insan əvvəldən ədəbiyyat aləminin sakini olur, o istək anadangəlmə yaranır, yoxsa sonradan yaranır?

- Məncə birinci haldır, mən nə vaxtsa ədəbiyyatdan qopub getmişəm və qayıdanda görmüşəm ki, mən elə buranın qopuğuyam. İndi ədəbiyyatda özümü elə hiss edirəm ki, elə bil balığı suya geri qaytarıblar. İndi iki paralel həyat yaşayıram, biri yazıçılıq həyatıdır, biri gündəlik iş həyatım. Sizə açığını deyim, iş həyatıma qayıdanda özümü çox diskomfort hiss edirəm, əsəbiləşirəm, həmişə ədəbiyyata, ədəbi mühitə can atıram. İnanırsınız elə olur günlərlə içimdə talatümlər, narahatlıqlar baş verir, hekayəmi yazana qədər o narahatlıq məndən əl çəkmir. Get-gedə anladım ki, ədəbiyyat adama ruh sakitliyi verir, elə bilirəm doğmalarımın yanındayam, özümü rahat hiss edirəm burda.

- “Ədəbi Azadlıq” müsabiqəsindən nə gözləyirsiniz? Müsabiqələr sizə nə verir?


- “Ədəbi Azadlıq” mənim Azərbaycanda ciddiliyinə inandığım tək müsabiqədir. Keçən ilki nəticələrdən sonra qərara aldım ki, burda münsiflər şəffafdırlar. Bəlkə keçən il bu qədər iddialı deyildim, amma bu il iddiam var və qaliblərdən biri olacağımı gözləyirəm. Müsabiqə məni yazmağa həvəsləndirir.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG