Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:59

"Yazar indiki dövrdə necə güldən-çiçəkdən, eşqdən-sevgidən yaza bilər?"


Vəfa Nağı
Vəfa Nağı
-

"Gənclər var ki, bir-iki şeirləri çıxır, sonra gedib AYB-yə üzv olurlar, gözləyirlər ki, onlara ev versinlər, təqaüd versinlər. Axı bizim bildiyimiz əsl gənc etirazçı olmalıdır".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz bu dəfə - Vəfa Nağıdır. (Onluqdakı şeirini oxu)


- Vəfa xanım, siz daha çox publisistik yazılarınızla tanınırsınız, sosial şəbəkələrdə yazılarınız müzakirəyə səbəb olur. Bu dəfə isə “Ədəbi Azadlıq” müsabiqəsinə şeirlə qoşulmusunuz. "Polkovnikə məktub yoxdur” şeiriniz həm də yəqin Markesin məşhur povestinə nəzirədir? Niyə məhz polkovnik?

- Xeyr, o şeirdəki polkovnik məchul bir polkovnikdir. Mən uşaq olanda nənəm özünü dik, hökmlü aparan qadınlar haqda deyirdi ki, “filankəsin qızı elə bil polkovnikdir”. Uşaqlıqdan mənim gözümdə polkovnik paqonları olan və hər bir qapını aça bilən bir rütbədir. Şeir də mənim uşaqlıq illərimə aid olduğu üçün, bu sözdən istifadə etməyi qərara aldım. Bu şeir mətin dayanmış bir insana ithaf edilir. Məktub həmin polkovnikə ünvanlanıb.

- Bu sizin ilk şeirinizdir?

- Mən məktəbdə oxuyanda çox şeir yazırdım, amma onları heç vaxt, heç kimə göstərmirdim, çünki utanırdım. İndi isə artıq yazılar yazıram, komplekslərimin hamısından azad olmuşam. Düşündüm ki, bu dəfə şeirlərimi gizlətməməliyəm, hətta müsabiqəyə göndərməliyəm. Bundan əvvəl yazdığım şeirləri heç yerdə yayınlamamışdım. Bu şeiri yazdım və elə oldu ki, musabiqənin elan edilməsi ilə mənim şeir yazmağım üst-üstə düşdü, ona görə müsabiqəyə yollamağı qərara aldım. Amma sırf müsabiqədə yer tutsun deyə yazmadım, çünki çox duyğusal bir şeirdir.
sağdan sola: Vəfa Nağı, müsabiqənin digər finalçıları Rüfət Əhmədzadə və Aqşin Evrən
sağdan sola: Vəfa Nağı, müsabiqənin digər finalçıları Rüfət Əhmədzadə və Aqşin Evrən


- Vəfa xanım, necə düşünürsünüz, bu günkü Azərbaycan oxucusu daha çox heca vəznində, yoxsa sərbəst vəzndə şeir tələb edir?

- Düşünmürəm ki, oxucular heca vəznində şeiri tələb edə. Sanki heca vəzni, ənənəvi şeir növləri oxucular üçün artıq yadlaşıb. Daha çox sərbəst vəzndə yazmaq və oxucuya təqdim etmək lazımdır. Onluqdakı heca şeirlərlərinin çoxu ilə tanış olsam da, düşünmürəm ki, bu məhz oxucunun gözlədiyi şeirlərdir. Mən özüm şəxsən heca vəznində şeirləri oxumuram, qarşıma çıxanda üstündən keçirəm. Ümumiyyətlə, şeir oxuyanda çalışıram ki, zövqümü korlayacaq şeylərdən uzaq durum.

- Vəfa xanım, Azərbaycandakı çağdaş ədəbi mühitdən razısanmı, bu mühit yazmağa nə dərəcədə stimul verir?

- Əlbəttə ki, razı deyiləm, qənaətbəxş deyil. Mən xüsusilə gənclərdən danışmaq istəyirəm. Gənclər var ki, bir-iki şeirləri çıxır, sonra gedib AYB-yə üzv olurlar, gözləyirlər ki, onlara ev versinlər, təqaüd versinlər. Axı bizim bildiyimiz əsl gənc etirazçı olmalıdır, özü də bu, ədəbiyyatla bağlı olan bir gəncdirsə, onun mütləq mövqeyi olmalıdır. Cəmiyyətdə indi baş verən proseslərdə yazar necə güldən-çiçəkdən, eşqdən-sevgidən yaza bilər? Yazıçı nə şiş yansın, nə kabab prinsipi ilə yaşaya bilməz.

Söhbətləşdi: Səadət Akifqızı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG