Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:26

«Məmməd Əmin bəy... İstiqlal uğrunda hər şeyini - ailəsini, səhhətini, həyatını fəda etdi»


M.Ə. Rəsulzadə

M.Ə. Rəsulzadə

-
(«Ən böyük bayram»ın 96-cı ildönümünə həsr olunur)

Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb. AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi alim Aydın Balayevə üz tutur.

(III hissə)
- Aydın bəy, üzr istəyirəm, deyirsiniz ki, «ayrı-ayrı dövrlərdə M.Ə. Rəsulzadənin ünvanına əsassız tənqidlərlə çıxış edən şəxslərin əksəriyyətinin Azərbaycan istiqlalı ideyasına sadiqliyini şübhə altına almaq üçün bizim heç bir əsasımız yoxdur». Amma mən sizin kitablarınızı oxuyanda şok keçirdim. Hətta ...qəzəbimdən ağladım. Sovet KQB-sinin Azərbaycan istiqlalını yaşadanlara qarşı mövqeyini anlamaq olar... amma indiyədək adına verilişlər həsr etdiyimiz Xəlil bəy Xasməmmədlinin, Nağı bəy Şeyxzamanlının, Şəfi bəy Rüstəmbəylinin, Xosrov bəy Sultanovun... milli davanı əngəlləyən hərəkətlərini necə bağışlamaq olar?! Bəlkə mən yanılıram? Elə isə, lütfən bu adını çəkdiyim şəxslərin 20-30-cu illərdə Rəsulzadəyə qarşı hansı mövqe sərgilədiklərini bir-bir sadalayın. Qoy, oxucularımız özləri qərar çıxarsınlar...

- İlk növbədə nəzərə almaq lazımdır ki, siyasətlə bir qayda olaraq ambisiyalı adamlar məşğul olur. Bu mənada Azərbaycan mühacirətinin öndə gedən simaları da istisna təşkil etmir. Onlardan istisnasız olaraq hər biri məhz özünü Azərbaycanı rus işğalından xilas edərək, üçrəngli bayrağı yenidən Vətən göylərində yüksəldəcək «ağ atlı oğlan» qismində görürdü. Bu da mühacirət daxilində liderlik uğrunda mübarizəni alovlandıran ən mühüm amillərdən biri idi.

İkincisi, yaddan çıxarmayaq ki, Azərbaycan mühacirətinə başçılıq edən şəxslər bir çox hallarda bir-birlərinə zidd mövqelərdə duran siyasi və ideoloji cərəyanların nümayəndələri idilər. Və təbiidir ki, onlar üçün «Azərbaycan istiqlalı» ideyası müxtəlif məzmun kəsb edirdi. Məsələn, Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu ərzində «Müsavat»a qarşı sərt müxalif mövqedə dayanmış «İttihad»ın nümayəndəsi idi. İttihadçılar isə gələcək müstəqil Azərbaycanı dünyəvi bir dövlət kimi deyil, şəriət qanunları ilə idarə olunan dövlət kimi görürdülər. Həmin siyasi-ideoloji fikir ayrılıqları bütün kəskinliyi ilə mühacirətdə də özünü büruzə verirdi və mühacirət daxilində mübarizənin mütəmadi olaraq kəskinləşməsini şərtləndirirdi.

Üçüncüsü, bu haqda çox vaxt açıq danışılmasa da, hər halda faktdır ki, böyük siyasəti külli miqdarda maliyyə vəsaiti olmadan təsəvvür etmək belə mümkün deyildir. M.Ə. Rəsulzadənin opponentlərini qıcıqlandıran başlıca amillərdən biri də bu idi ki, avropalı sponsorlar Azərbaycan mühacirətinin fəaliyyəti üçün ayırdıqları vəsaitin qarantı kimi yalnız Məmməd Əmin bəyi qəbul edirdilər. Bu baxımdan mühacirət daxilindəki çəkişmələr həm də həmin maliyyə kanallarına nəzarət etmək uğrunda mübarizənin təzahürü idi. Və opponentləri Məmməd Əmin bəyi bu «status»dan məhrum etmək üçün ən çirkin üsullardan belə istifadə etməkdən çəkinmirdilər.

Doğrudur, M.Ə. Rəsulzadəyə qarşı duran müxaliflər arasında bərabərlik işarəsi qoymaq ədalətsizlik olardı. Məsələn, Ceyhun bəy Hacıbəyli və ya Mir Yaqub Mehdiyev müəyyən dövrlərdə Məmməd Əmin bəyə qarşı müxalifətdə olsalar da, heç vaxt şəxsiyyətə keçməmiş, siyasi mübarizəni müəyyən ədəb-ərkan çərçivəsində aparmışlar. Əksinə, Şəfi bəy Rüstəmbəylinin 1934-cü ildə nəşr etdirdiyi «Yıxılan bütlər» kitabında Məmməd Əmin bəyin o zaman artıq dünyalarını dəyişmiş valideynlərinin ünvanına səsləndirdiyi həqarət və təhqirləri nəinki heç bir siyasi xadimə, hətta sıravi azərbaycanlı kişisinə belə bağışlamaq olmaz.

Azərbaycan mühacirəti daxilində 20-30-cu illərdə müxtəlif şəxslər tərəfindən M.Ə. Rəsulzadəyə qarşı aparılan mübarizənin təfərrüatlarına gəlincə isə, bunları sadəcə olaraq sadalamaq belə xeyli vaxt aparardı. Ona görə də, bu barədə daha geniş məlumat almaq istəyənlərə son dövrlərdə M.Ə. Rəsulzadə haqqında Bakıda və Moskvada nəşr olunmuş çoxsaylı tədqiqatlara müraciət etməyi məsləhət görərdim. Burada isə yalnız onu qeyd etmək istərdim ki, həmin dövrdə Məmməd Əmin bəy təkcə sovet rejiminə qarşı deyil, həm də bir neçə cəbhədə mühacirət daxilindəki opponentlərinə qarşı mübarizə aparmalı olmuşdur... Özü də gücünün, bacarığının, imkanlarının xeyli hissəsini məhz mühacirət daxilindəki müxaliflərin destruktiv fəaliyyətinin acı nəticələrinin aradan qaldırılmasına sərf etməli olmuşdur...

Lakin mən yenə də öz fikrimdə qalıram ki, hətta M.Ə. Rəsulzadəyə qarşı həqiqətən də böyük haqsızlıqlara yol vermiş mühacirlərə münasibətdə müəyyən dərəcədə dözümlü olmaq gərəkdir. Unutmayaq ki, onlar çox ağır şəraitdə mübarizə aparmalı olurdular. Və onlar o zaman çoxlarının məğlubedilməz hesab etdiyi sovet rejimi ilə kəllə-kəlləyə gəlməkdən çəkinməmişlər.
- O şəxslərin hər hansı birinin sovetlər tərəfindən ələ alındığını təsdiqləyən bir sənəd var, yoxsa hər şey gümanlara əsaslanır?
M.Ə.Rəsulzadə

M.Ə.Rəsulzadə

- Azərbaycan siyasi mühacirlərindən hər hansı birinin bolşeviklər tərəfindən ələ alındığını qəti olaraq təsdiqləyən sənədlər yalnız sovet xüsusi xidmət orqanlarının arxivlərində ola bilər. Təəssüf ki, həmin arxivlər bu gün də tədqiqatçılar üçün əlçatmaz olaraq qalır. İndilikdə isə ayrı-ayrı mühacirlərin sovet xəfiyyəsi tərəfindən ələ alındığını güman etməyə əsas verən yalnız dolayı sübutlar mövcuddur. Həmin sübutlara əsaslanaraq, hansısa mühaciri birmənalı şəkildə satqınlıqda ittiham etməyi heç bir normal tədqiqatçı özünə rəva bilməz. Amma bu bir faktdır ki, mühacirət daxilində sovet xüsusi xidmət orqanlarının geniş şəbəkəsi mövcud idi.
- Və bütün bunlardan sonra Rəsulzadə Türkiyədən getməyə məcbur edildi. Məhz edildi! Bu xəbəri Azərbaycan kommunistləri necə qarşıladılar və Türkiyədəki qrup buna necə reaksiya verdi?

- Bir fakta diqqət yetirmək lazımdır ki, Məmməd Əmin bəy həmin dövrdə Türkiyədən deportasiya olunmuş yeganə azərbaycanlı mühacir idi. Bu isə heç şübhəsiz ki, onun Azərbaycan davasında tutduğu güzəştsiz və barışmaz mövqeyi ilə bağlı idi. Bu baxımdan Türkiyə Milli Əmniyyət Hizmətinin (Milli təhlükəsizlik xidməti) rəhbəri Şükrü Əlinin həmin qurumun İstanbul şöbəsinin başçısına göndərdiyi 29 dekabr 1929-ci il tarixli konfidensial məktub xüsusi maraq kəsb edir. Həmin sənəddə Şükrü Əli açıq şəkildə göstərir ki, «ruslarla dostluğun qorunub saxlanması naminə hökumət M.Ə. Rəsulzadənin və onun silahdaşlarının ölkə ərazisində açıq fəaliyyətinə yol verə bilməz». Və xəbərdarlıq olunur ki, M.Ə. Rəsulzadənin bu cür fəaliyyətdən əl çəkmədiyi təqdirdə o, Türkiyə hüdudlarından kənara çıxarılacaq. Məktubda həmçinin o da qeyd olunur ki, azərbaycanlı mühacirlər yalnız «gizli fəaliyyətlə» məşğul ola bilərlər. Azərbaycan davası müəyyən açıq fəaliyyət tələb etdiyi üçün Məmməd Əmin bəy təbii ki, həmin şərtlərlə razılaşa bilməzdi. Bu səbəbdən də, Türkiyədən deportasiya olundu və Azərbaycan mühacirətinin bu ölkədəki bütün mətbu orqanları qapadıldı. Onu da qeyd etmək gərəkdir ki, türk rəsmilərinin bu addımı atmağa təhrik olunmasında bəzi azərbaycanlı mühacirlərin Türkiyənin xüsusi xidmət orqanlarına mütəmadi olaraq göndərdikləri «donos»lar da az rol oynamamışdır...

Gözlənildiyi kimi, M.Ə. Rəsulzadənin Türkiyədən deportasiya olunması Azərbaycanın kommunist rəhbərliyi tərəfindən böyük razılıq və sevinc hissilə qarşılandı. 1932-ci ilin əvvəlində XX Ümumbakı partiya konfransında çıxış edən AKP(b) Mərkəzi Komitəsinin katibi A. Sultanov Türkiyə hökumətinin bu qərarından məmnunluğunu gizlətməyərək bildirmişdi: «Müsavatçılar xarici ölkələrdə bizim əleyhimizə ciddi mübarizə aparırlar. Lakin onlara yeni zərbə vurulmuşdur. İstanbulda Məmməd Əmin Rəsulzadənin ümumi redaktəsi altında çıxan mətbu orqanları - «Odlu yurd», «Azəri Türk», «Bildiriş» kimi məcmuələr və Türküstan mühacirlərinin orqanı olan «Yeni Türküstan» bağlanmışdır».

Şübhəsiz ki, Türkiyə hakimiyyət orqanlarının bu qərarı Azərbaycan mühacirəti üçün çox ağrılı idi, çünki onun sonrakı fəaliyyəti üçün ciddi çətinliklər yaradırdı. Ən acınacaqlısı isə bu idi ki, Azərbaycan mühacirəti üçün bütün bu problemlər qardaş Türkiyə iqtidarının əli ilə yaradılırdı. Bununla əlaqədar M.Ə. Rəsulzadə 1932-ci il yanvarın əvvəlində yazırdı: «Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən «Odlu yurd», «Azəri Türk», «Bildiriş», «Yeni Türküstan» məcmuə və qəzetləri qapanmışdır. Xeyr, ola bilməz! Mümkün deyil! Psixoloji, məntiqi bir inkar! Fəqət, nə yazıq ki, fakt göz qabağındadır. Həqiqət bütün çılpaqlığı ilə mövcud... Acı reallıq. Bizi heyrətə salan bu həqiqətə indi düşmən sevinir. 10 ildən bəri İstanbulda yüksələn Azərbaycan səsini kəsmək üçün əllərindən gələn heç nəyi əsirgəməyən, bu məqsədə çatmaq üçün qəzetləri, demarşları, iftiraları, hiylə və intriqaları ilə durmadan çalışan bolşeviklər - ruslar nə qədər məmnundurlar».

Lakin belə zərbələrlə M.Ə. Rəsulzadəni ruhdan salmaq qeyri-mümkün idi. Əksinə, hər belə sınaqdan sonra o, daha böyük iradə və qətiyyətlə vətəndən uzaqlarda Azərbaycan davasını davam etdirirdi. Dəyişən isə yalnız həmin mübarizənin məkanı idi. Bu dəfə o, istiqlal mücadiləsini Türkiyə hüdudlarından kənarda, Avropada davam etdirməli oldu. M.Ə. Rəsulzadə imkanı daxilində mümkün olan hər şeyi etdi ki, Azərbaycan mühacirətinin mətbu orqanlarının qapadılması ilə bağlı bolşeviklərin keçirdiyi məmnunluq hissinin ömrü çox da uzun olmasın.

M.Ə.Rəsulzadənin dəfni, 1955-ci il Ankara

M.Ə.Rəsulzadənin dəfni, 1955-ci il Ankara

Artıq 1932-ci il yanvarın 10-da Berlində «İstiqlal» qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin elə ilk sayında M.Ə.Rəsulzadənin «Kısılmayan bir səs» adlı məqaləsi dərc olunmuşdu. Həmin məqalədə o, Türkiyə iqtidarının son addımlarını «gənc Azərbaycan milliyyətçiliyinın səsini boğmaq» cəhdi kimi qiymətləndirirdi. Eyni zamanda, M.Ə. Rəsulzadə qeyd edirdi ki, Ankaranın bu tip taktiki gedişləri ucbatından «Azərbaycan milli hərəkatının səsi kısık qala bilməz. Berlində çıxan bu qəzet («İstiqlal» nəzərdə tutulur – A.B.) , İstanbulda qapanan qəzet və məcmuələrin gördükləri vəzifəni davam etdirmək niyyətindədir».

M.Ə. Rəsulzadənin Türkiyədən deportasiya olunması faktından məmnunluğunu gizlətməyən bəzi azərbaycanlı mühacirlərin sevinci də uzun çəkmədi. Onlar güman edirdilər ki, M.Ə. Rəsulzadəni Türkiyədən uzaqlaşdırmaqla Azərbaycan siyasi mühacirətində liderlik mövqelərini ələ keçirə biləcəklər. Lakin çox tezliklə yanıldıqlarını başa düşdülər. O zaman Azərbaycan mühacirətinin əsas dəstəkləyicisi olan Avropa dövlətləri M.Ə. Rəsulzadəni mühacirətin qeyd-şərtsiz lideri kimi qəbul etməkdə davam edirdilər. Və bu sahədə M.Ə. Rəsulzadə ilə rəqabətə girə biləcək ikinci bir fiqur mühacirət daxilində yox idi.
— «Rəsulzadə «yad ellərdə» Azərbaycan davasını necə sürdürdü» sualının qısa cavabı necə olardı?

- Fikrimcə, bu sualın ən lakonik və eyni zamanda, ən dolğun cavabını tatar mühacirətinin öncüllərindən biri olan Abdulla Taymas M.Ə. Rəsulzadənin dəfn mərasimində söylədiyi nitqində vermişdir: «Məmməd Əmin bəy bütün şüurlu həyatını Azərbaycanın istiqlal mübarizəsinə həsr etdi. Bu mübarizə uğrunda o, hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət, həyatını fəda etdi».

Həyatı boyu verdiyi bütün bu qurbanların əvəzində «mükafatı» isə doğma xalqının susqunluğu və biganəliyi oldu. Belə ki, M.Ə. Rəsulzadənin vəfat etdiyi 1955-ci ilin mart günlərində Ankaraya Argentinadan tutmuş İrana və Avropa dövlətlərinə kimi dünyanın ən müxtəlif ölkələrindən çoxsaylı başsağlığı teleqramları gəlirdi. Bu teleqramların müəllifləri müxtəlif milli və dini mənsubiyyətə, fərqli siyasi əqidə və ideoloji görüşlərə malik insanlar idi. Yalnız azadlığı və istiqlalı uğrunda mücadiləyə bütün şüurlu həyatını həsr etdiyi onun doğma vətəni - Azərbaycan susurdu...

Görünür, həyatını doğma vətəninin xoşbəxtlik və firavanlığı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan türklərinin onsuz da azsaylı nümayəndələrinin istisnasız olaraq hamısının taleyi belədir. Bu bir tarixi faktdır və onu nə gizlətmək, nə inkar etmək, nə də bəzilərinin etdiyi kimi zəmanənin ayağına yazmaq olmaz...

Buna baxmayaraq, əgər Azərbaycan türkləri nə vaxtsa öz ifrat etinasızlıq, yaltaqlıq, konformizm, prinsipsizlik və biganəliklərinə görə uca Tanrı qarşısında məhkəməyə çəkilsələr, düşünürəm ki, onlara bəraət vermək üçün təkcə Məmməd Əmin Rəsulzadə həyatı yetər. O, öz həyatı və fəaliyyəti ilə doğma xalqının yuxarıda sadalanan və sadalanmayan saysız-hesabsız günahlarını artıqlaması ilə yuyub...
Aydın Balayevlə müsahibə davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG