Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

«Exo Moskvı»nın jurnalisti 10 milyon dolları mənimsəməkdə ittiham olunur


Vladimir Putin və Aleksei Venediktov
Vladimir Putin və Aleksei Venediktov
-


Müxalifətyönlü «Exo Moskvı» radiosunun tanınmış redaktoru, jurnalist Aleksei Venediktova qarşı polis araşdırması başlanıb. O, bir media sövdələşməsində milyonlarla dolları mənimsəməkdə şübhəli şəxs sayılır.

Moskva polisi «Sberbank»ın 2011-ci ildə «PublicPost» adlı yeni portalın maliyyələşdirilməsi üçün 20 milyon dollar investisiya yatırmasına dair müqaviləsini araşdıracağını bildirib.

Hazırda fəaliyyət göstərməyən «PublicPost» «Sberbank»la Venediktov və İnterfax dövlət xəbər agentliyinin işbirliyi əsasında yaradılmışdı.

Təhqiqata bu ilin əvvəllərində Yaşıllar Alyansı-Xalq Partiyasının lideri Oleg Mitvol-un müraciəti əsasında başlanıb. Onun bildirdiyinə görə, sözügedən 20 milyon dollar Venediktov-un sahibi olduğu firmaya ödənib.

Oleg Mitvol
Oleg Mitvol
«Sberbank»ın səhmdarlarından sayılan Mitvol iddia edir ki, sövdələşmə şübhəlidir və banka maliyyə ziyanı vurub.

O, jurnalisti «Sberbank»ın yatırdığı pulun yarısını mənimsəməkdə də günahlandırır.
Mitvol mayın 27-də «İzvestiya» qəzetinə bildirib ki, Venediktov 10 milyon dolları banket və ağlasığmaz maaşlara xərcləməklə göyə sovurub. O, bu məsələ üzrə cinayət işinə başlanmasını istəyib.

YAŞIL LİDER NƏYƏSƏ ÜMİD EDİR...

Vahid Rusiya Partiyasının parlamentdəki fraksiyasına rəhbərlik edən davakar millət vəkili Aleksandr Sidyakin də Mitvol-un çağırışını dəstəkləyib.

O deyib ki, «Sberbank»la Venediktov-un firması arasındakı müqavilənin araşdırılması üçün rəsmi qaydada prokurorluğa müraciət edib.

Orijinal reportaj və istifadəçi postları yayımlayan «PublicPost» 2013-cü ilin iyulunda gözlənilmədən fəaliyyətini dayandırıb.

«PublicPost»un o vaxtkı redaktoru Natalya Konradova özünün facebook səhifəsində saytın bağlanmasının siyasi səbəblərdən qaynaqlandığını və orada dərc olunmuş bir yazıya görə qisas alındığını yazıb.

Venediktov və «Sberbank» «PublicPost»un maliyyə işləri barədə ittihamlara cavab vermirlər.

Venediktov mayın 27-də «Yaşıl lider nəyəsə ümid edir. Ha-ha-ha» məzmunlu tvit mesajı da göndərib.

Lev Ponomarev
Lev Ponomarev
Jurnalistin tərəfdarları Venediktov-la bağlı araşdırmanı qərəzli sayırlar.

İnsan haqları fəalı Lev Ponomaryov bu təhqiqatı Kremlin media üzərinə get-gedə artan basqısı kimi pisləyib.

O, hələ Mitvol cinayət işinin açılması üçün ilk dəfə müraciət edən zaman – mart ayında yazırdı ki, «son dərəcə populyar «Exo Moskvı» radiosuna qarşı utanmaz və rəzil təqib başlanıb. Mən söz azadlığına və insan ləyaqətinə dəyər verən hər kəsi «Exo Moskvı» radiosu ilə açıq həmrəyliyə çağırıram».

Bəzi şayiələrə görə, mümkündür ki, Mitvol Venediktov-la şəxsi haqq-hesab çürüdür.

Onun Venediktov-a qarşı ittihamlarından iki gün əvvəl «Exo Moskvı» millət vəkilinin doktorluq dissertasiyasındakı plagiatdan geniş material yayımlamışdı.


Claire Bigg (AzadlıqRadiosu)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG