Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

İsa Qəmbər: «Əliyevdən də qəddar dövlət başçıları var, amma onların zindanında bu qədər məhbus yoxdur»


İsa Qəmbər

İsa Qəmbər

-

«Rəsulzadə başda olmaqla, Azərbaycanın ən böyük ziyalıları, mütəxəssisləri bir araya gəlib dövlət qurublar. Dünyada millətin öz dövlətini qurması üçün o xalqın öndə getməyi bacaranları, intellektual insanları, cəsarətli adamları olmalıdır. Cümhuriyyətin bərpası onu göstərdi ki, bu, təsadüfi, bir neçə adamın şəxsi istəyi deyildi, millətin niyyəti, iradəsi idi».

Bunu mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ilə əlaqədar Novxanıda keçirilən tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib.

«ƏLİYEVDƏN DƏ QƏDDAR DÖVLƏT BAŞÇILARI VAR...»

İsa Qəmbər çıxışında deyir ki, bu gün mübarizənin önündə yeni nəsil gedir: «Bu gün bizim yüzlərlə qardaşımız zindandadır, onların arasında eləsi var ki, müstəqilliyin bərpasından sonra doğulub, amma ölkəsi müstəqilliyimizi qorumaqla yanaşı, xalqın hürriyyəti uğrunda mübarizə aparır. Əgər bu gün zindanlarda yüzlərlə qardaşımız, dostumuz əziyyət çəkirsə, bu təkcə Əliyev rejiminin qəddarlığından irəli gəlmir, bu həm də xalqımızın mübarizliyindən irəli gəlir, öz dəyərləri uğrunda mübarizədən heç vaxt geri çəkilməyəcəyindən xəbər verir. Postsovet məkanında Əliyevdən daha qəddar dövlət başçıları var, amma onların zindanında bu qədər məhbus yoxdur. Bu onu göstərir ki, xalqımız bu repressiyaya, əzab-əziyyətə baxmayaraq, öz mübarizəsini davam etdirir».

«HEYKƏLƏ YARAŞAN ÖLKƏ»

İsa Qəmbər çıxışında ölkədə Rəsulzadənin heykəlinin yalnız bir-iki yerdə olmasına toxunub:

«Bəzi yerlərdə Azərbaycan TV-lərin ekranının küncündə Heydər Əliyevin şəklini yerləşdirməsi müzakirə olunur. Məndən də soruşdular ki, Rəsulzadənin Novxanı və Zaqataladan başqa heç yerdə heykəli yoxdur. Dedim ki, ölkədə bu qədər haqsızlıq, korrupsiya, rüşvət baş verdiyi, insanlara zülm verildiyi bir vaxtda Rəsulzadənin heykəllərinin qoyulması onun ruhuna hörmətsizlikdir. Belə haqsızlıq, korrupsiya, rüşvətin tüğyan etdiyi bir ölkəyə elə Heydər Əliyevin heykəlləri yaraşır. Rəsulzadənin heykəlləri bizim ürəyimizdədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG