Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Azərbaycan öz qonşularından hələ də geridə...


Rasim Garaca (sağda) və Qurban Ələkbərov

Rasim Garaca (sağda) və Qurban Ələkbərov

-

Rasim Qaracanın Almaniya təəssüratları:


Tərcümə və tərcüməçi anlayışı bəlkə də bir çoxları üçün ictimai fəaliyyətin ən ucqar sahələrindən biri kimi görünə bilər.

Ancaq, ən azından Almaniyanın təcrübəsində biz bunun belə olmadığını görürük.

Tərcüməçilər müvafiq sənədləri hazırlayaraq burada özünün tərcümə fəaliyyətini gerçəkləşdirə bilər, bu zaman onun bütün xərcləri Translation House Looren tərəfindən qarşılanır və üstəlik 1400 avro qonorar da alır.

Azərbaycan Alman ədəbiyyatının ana dilinə tərcüməsi sahəsində qonşularımızdan ciddi şəkildə geri qalır.

Təəssüf ki, Afaq xanım da yeni təyinatıyla bağlı müsahibəsində bu barədə bir söz deməyib.



Rasim Qaraca


FREİBURG İZLƏNİMLƏRİM


(“Tərcümənin və tərcüməçi fəaliyyətinin dəstəklənməsi”nə dair konfransdan notlar. 16-19 may, 2014)


Freiburga, Almaniyanın bu ekoloji paytaxtı sayılan bu şəhərə (əhalisinin sayı cəmi 250 000 nəfər) səfərimdən izlənimlərimi oxucularla bölüşmək istəyirəm.

Almaniya Goethe-İnstitutunun təşkil etdiyi və Şərqi Avropa ölkələrini əhatə edən konfransın mövzusu “Tərcümənin və tərcüməçi fəaliyyətinin dəstəklənməsi”ndən ibarət idi.

3 gün davam edən konfransa Rusiya, Belorus, Ukrayna, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Ermənistan və Gürcüstandan naşirlər və tərcüməçilər dəvət edilmişdi.

Bizim ölkəmizi mən və Almaniyada yaşayan tərcüməçi Qurban Ələkbərov təmsil edirdi. (ardı aşağıda) Freiburg

Freiburg



Habelə konfransın işində Almaniyadan və İsveçrədən olan naşirlər, tərcüməçilər və müxtəlif mədəniyyət fondlarının təmsilçiləri iştirak edirdilər.

Məruzələr və müzakirə edilən məsələlər əsasən aşağıdakılardan ibarət idi:

“Alman ədəbiyyatı sizin ölkədə: tərcümə və çap üçün kitabların seçilməsi meyarları və şərtləri”,

“Alman naşirlərin sizin ölkədəki nəşriyyatlarla əməkdaşlığı. Zurkap və Hanzer nəşriyyatlarının müəllif haqları menecerlərinin məruzəsi”,

"Alman ədəbiyyatının Şərqi və Mərkəzi Avropada yayılması: təcrübələr, çətinliklər və perspektivlər”,

“Tərcüməçi və Nəşriyyat əlaqələri: Alman təcrübəsi”,

“Müasir Alman ədəbiyyatı” (məruzəçi Lotar Müller, “Süddeutsche Zeitung” qəzeti),

“Goethe İnstitutunun Mərkəzi və Şərqi Avropa ölkələrindəki naşirlərlə və tərcüməçilərlə əməkdaşlığı”,

“Tərcümə qrantları: nəşriyyatların maraqları və ehtiyacları. Tərcüməçilərin maraqları və ehtiyacları”,

“Tərcüməyə qrant verən Alman və İsveçrə təşkilatlarının təqdimatı”.

3 gün ərzində bu və bənzəri məsələlər ətrafında dəyirmi masalar təşkil edildi, habelə Almaniyada və İsveçrədə mövcud olan Tərcüməçi Evlərinin nümayəndələri tərcüməçilər üçün yaradılan imkanlar haqqında məlumatla verdilər. (ardı aşağıda)
Konfransdan görüntü, Freiburg

Konfransdan görüntü, Freiburg


Burada əks olunan mövzulardan da göründüyü kimi, konfrans tərcüməylə bağlı yetəri qədər professional bir proqramla təşkil olunmuşdu. Konfransdan əldə etdiyim bilkləri Azərbaycanda mövcud olan başqa nəşriyyatlar və tərcüməçilərlə paylaşmanın faydalı olacağını düşünürəm.

İstər Goethe İnstitutunun, istərsə də Avropada mövcud olan digər mədəniyyət fondlarının öz ədəbiyyatlarının tərcüməsi və nəşri sahəsində çox rahat imkanlar yaratdığını və bu imkanlardan istifadə etmənin hər bir nəşriyyatın və tərcüməçinin haqqı olduğunu vurğulamaq istəyirəm.

Goethe İnstitutu hər il almanca yazılmış ədəbi əsərlərin tərcüməsinə ümumi olaraq 450 000 avro büdcə ayırır. İnstitutun statistikasına əsasən alınmış qrantların sayına görə Azərbaycan Orta Asiya ölkələrindən də geridə qalır. Gürcüstan hər il, orta hesabla 5 layihə, Ermənistan 1 layihə, Azərbaycan isə iki ildə 1 layihə qazanır.

Bu statistika İsveçrə təşkilatının açıqlamasında da təqribən eynidir. Dolayısıyla, Azərbaycan Alman ədəbiyyatının ana dilinə tərcüməsi sahəsində qonşularımızdan ciddi şəkildə geri qalır.

Ümumən Almaniya təcrübəsində tərcümələr və tərcüməçilərlə bağlı məsələlər standartlaşıb. Tərcüməçilərə verilən dəyərin miqyasını Translation House Looren – Loren Tərcümə Evi timsalında görə bilərik.

İsveçrədə fəaliyyət göstərən Translation House Looren təkcə alman dilindən və ya alman dilinə deyil, hər hansı bir dildən hər hansı bir dilə tərcümə edən tərcüməçilərin üzünə açıqdır. Tərcüməçilər müvafiq sənədləri hazırlayaraq burada özünün tərcümə fəaliyyətini gerçəkləşdirə bilər, bu zaman onun bütün xərcləri Translation House Looren tərəfindən qarşılanır və üstəlik 1400 avro qonorar da alır. Bütün bunlar haqqında Tərcümə Evinin rəhbəri Monica Mutti məlumat verir.

İstər Almaniyada istərsə də başqa Avropa ölkələrində (hər bir Avropa ölkəsində) tərcüməni və tərcüməçini dəstəkləyən fondlar və tərcüməçi evləri vardır. Oxuculara maraqlı görünəcək bir faktı burada, dərin qibtə hissilə gətirmək istəyirəm. Avropa standartlarına uyğun belə bir tərcüməni və tərcüməçini dəstəkləyən fond qonşu Gürcüstan Respublikasında artıq 3 ildir ki fəaliyyət göstərir. Və bu ildən etibarən Gürcüstan hökuməti Tbilisi şəhərindəki 19-cu əsrə aid tarixi binalardan birini gürcü ədəbiyyatından tərcümələr edən əcnəbi tərcüməçilərin ixtiyarına verib.

Bu barədə Tərcümə Evinin direktoru Natalia Lomourinin foto və video materiallarla geniş təqdimatı əsl şok effekti yaradır. Bu, kasıb və balaca Gürcüstanın böyük nailiyyətidir.

Maraqlıdır ki, Freiburgda konfransın keçirildiyi günlərdə Afaq Məsudun Nazirlər kabineti yanında yaradılmış Tərcümə Mərkəzinin direktoru təyin edilməsi haqqında xəbəri internetdən oxudum. Belə bir qurumun nə demək olduğunu hələlik tam təsəvvür etmirəm və Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi sahəsində hər hansı bir proqramı həyata keçirib-keçirməyəcəyi haqqında məlumatım yoxdur.

Təəssüf ki, Afaq xanım da yeni təyinatıyla bağlı müsahibəsində bu barədə bir söz deməyib. Yeni yaradılan bu qurum məncə, daha çox, bizim dildən deyil, bizim dilə olacaq tərcümələrlə bağlıdır. Ancaq, əksinə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Avropa standartlarına uyğun, xarici naşirləri və tərcüməçiləri təşviq edən Tərcümə Mərkəzinin yaradılmasına böyük ehtiyac var. Belə bir qurumun yaradılması həqiqətən bir mədəniyyət faktı olardı.

Tərcümə və tərcüməçi anlayışı bəlkə də bir çoxları üçün ictimai fəaliyyətin ən ucqar sahələrindən biri kimi görünə bilər. Ancaq, ən azından Almaniyanın təcrübəsində biz bunun belə olmadığını görürük.

Günün bütün mövzuları

XS
SM
MD
LG