Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

Gənc fəal Orxan Eyyubzadəyə cinayət işi açılıb


Orxan Eyyubzadə
Orxan Eyyubzadə
-

NİDA-çılara çıxarılan hökmə etiraz olaraq keçirilən aksiya zamanı saxlanaraq, 20 günlük həbs cəzası alan Orxan Eyyubzadə barəsində cinayət işi açılıb. Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur. Mayın 27-də cəzası başa çatdığından o, azadlığa buraxılmalı idi.

Orxan Eyyubzadə NİDA-çılara çıxarılan hökmə etirazla bağlı mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında keçirilən aksiyada saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

İki gün əvvəl gənc fəalın anası AzadlıqRadiosuna oğluna cinayət işi açılacağını bildirsə də, onun həbsdən azad olunacağına ümidli olduqlarından bu məlumatın yayılmamasını istəmişdi.

Orxan Eyyubzadə Ukraynada təhsil alır.

Vəkil Əsabəli Mustafayev «Yeni Müsavat» qəzetinə müsahibəsində həbsin siyasi sifariş olduğunu deyib: «İstintaq sənədlərinə baxanda insanı dəhşət bürüyür. Heç bir sübut yoxdur. 19 yaşlı gəncin həyatı üzərində oyun oynayırlar. İnsafı olan heç kəs belə qərar verməzdi. 3 gün ərzində apellyasiya şikayətimizi verəcəyik. Apellyasiya hökmü qüvvədə saxlasa, Avropa Məhkəməsinə qədər gedəcəyik».

NİDA-çıların aksiyası zamanı 5 nəfər sutkalıq həbs cəzası alıb, onlardan 3-ü artıq buraxılıb, 30 sutka alan Kəmalı Bənənyarlının isə gələn həftə azadlığa çıxacağı gözlənilir.
XS
SM
MD
LG