Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:55
-

"Əgər hisslərim mənə rahatlıq verməyəndə ağlasam, daha şeirə ehtiyac qalmaz. Amma hər dəfə də ağlamaq olmur, ona görə də neqativ hisslərimin məhsulu kimi şeirlərim doğulur".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz bu dəfə - Nigar An. (Onluqdakı şeirlərini oxu)


- Nigar, sən ikinci ildir ki, “Ədəbi Azadlıq” müsabiqəsində iştirak edirsən və onluğa düşürsən. Bu müsabiqələrdən nə gözləyirsən? Sənə nə verir?

- Bəli, mən ikinci dəfədir müsabiqədə iştirak edirəm, keçən il də onluğa düşmüşdüm. Elə bil pis öyrənmişəm, bu il onluğa düşmək gözlənilən idi deyə elə də sevinmədim. Bilirsən, kənardan baxıram iştirakçılar çoxu deyir ki, mən belə iddialıyam, belə birinci yeri gözləyirəm-filan, bu mənə çatmır. Ədəbi müsabiqədə necə iddia göstərmək olar, burda ki, hərə öz hisslərini ortaya qoyur, bir adamın hissləri o birininkindən necə daha üstün ola bilər? Bu səbəbdən mənim müsabiqədə heç bir iddiam yoxdur. Sadəcə şeirimi yolladım ki, münsiflərin münasibətini görüm, onu da gördüm.

- Ədəbiyyatla nə dərəcədə peşəkar məşğulsan. Şeirin sənin üçün nə əhəmiyyəti var?

- Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyuram, ixtisasca tənqidçiyəm. Şeir mənim üçün ancaq və ancaq öz hisslərimin ağırlığından qurtulmaq üçün bir vasitədir. Əgər hisslərim mənə rahatlıq verməyəndə ağlasam, daha şeirə ehtiyac qalmaz. Amma hər dəfə də ağlamaq olmur, ona görə də neqativ hisslərimin məhsulu kimi şeirlərim doğulur. İstənilən neqativ ictimai hadisə, istənilən ehtiyac içində adam məni duyğulandıra bilir. Nigar An

Nigar An



- Amma iki ildir ki, “Ədəbi Azadlığa” göndərdiyin şeirlər heyvanların ehtiyaclarından bəhs edir.

- Bəli, heyvanlar da insanlar kimi ehtiyac içində ola bilirlər, hətta heyvanlar insandan daha gücsüz, şüursuz olduqları üçün onların mərhəmətə ehtiyacı böyükdür. Müsabiqədəki şeiri yazarkən küçədə qarşıma çıxan bir pişiyin halını görmüşdüm, dayanıb onu sığallamışdım və bu bir şeirə başlanğıc vermişdi.

- Tənqidçi kimi “Ədəbi Azadlıq” müsabiqəsindəki şeir onluğuna düşən şeirlərə necə qiymət verərdin. Səsvermədə sən öz səsini kimə verdin?


- Onluqdakı bütün şeirləri bir neçə dəfə oxudum. Elşən Əzimin “Başı kəsilən adam” şeiri çox xoşuma gəlmişdi. Orda bir cümlə var. Deyir:

Elə mən də cəlladam,
Toyuq başı kəsmişəm,
Quzu başı kəsmişəm.
Ürəyimdə nə qədər
Arzu başı kəsmişəm.


Xəyalə Sevilin, Esmira Məhiqızının, Lalə Məhərrəmlinin şeiri yaxşı idi. Vəfa Nağının şeiri maraqlı idi, amma ordakı ideya öz tapıntısı olmadığı üçün bir qədər maraqsız gəldi mənə, gərək o şeir bir qədər redaktə olunaydı.

O ki qaldı mənim öz seçimimə, mən Aqşin Evrənin şeirinə səs verdim. Orda dərin fəlsəfə var ki, hər kəs onu anlaya bilmir. Ümumiyyətlə, Aqşini parlaq poetik istedadı olan birisi sayıram.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG