Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37
-

"Həmişə deyirəm ki, mənim həyat yoldaşım kimi birisinin həyatımda olması mənim şeirlə məşğul olmağım üçün şansımdır."


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz Xəyalə Sevildir. (Onluqdakı şeirini oxu)


- Xəyalə xanım, bu il “Bətnimdə böyüyən adam” şeiri ilə “Ədəbi Azadlıq” müsabiqəsinin şeir onluğuna düşübsünüz, lütfən bizə bir qədər şeirinizin tarixçəsindən danışın, necə oldu ki, bu şeirlə müsabiqədə iştirak etdiniz?

- Mən iki övlad anasıyam və oğlum dünyaya gəlməzdən əvvəl insanın bətnində böyüyən uşaq, bu uşağın necə möcüzəvi bir varlıq olması ilə bağlı düşünmüşdüm, övladım dünyaya gəldikdən sonra isə həmin hisslərimi şeirlə yazdım. İndiyə kimi “Ədəbi Azadlıq” müsabiqəsinin varlığından xəbərsiz olmuşam. Ailəvi dostumuz şair Qalib Şəfahət mənə müsabiqəyə şeir yollamağı təklif etdi, şeirim iyirmiliyə, sonra isə onluğa düşəndə mənə xəbər verdi. Bilmədim buna sevinim, yoxsa necə davranım, həqiqətən fərqli bir hissdir.

- Ancaq şeirmi yazırsınız?

- Xeyr, şeirlə bərabər, həm də hekayələr yazıram, ancaq onların sayı çox azdır. Mən ixtisasca müəlliməyəm, ancaq ixtisasım üzrə hələlik çalışmıram, şeirlə düz doqquz yaşımdan məşğul olmağa başlamışam, indi isə 29 yaşım var. Tam əminliklə deyə bilərəm ki, mənə şeir yazmaq qabiliyyəti genetik olaraq babamdan keçib, mənim babam çox gözəl şeirlər yazardı və həmişə mənə deyərdi ki, gün gələcək sən şeirlərinlə hətta Azərbaycanın da sərhəddlərini keçəcəksən. Beləliklə, ilk kitabım 15 yaşımdaykən “Səni sevdiyimi bilməyəcəksən” adı ilə çıxdı, onun ardınca ikinci kitabım “Bəxtimə çıxan adam” kitabım çap olundu. 2010-cu ildən AYB-nin üzvüyəm, 2012-ci ildə prezident təqaüdçüsü olmuşam. Gənc ədiblər məktəbinin ilk yetirmələrindən biriyəm. Sonuncu kitabımın adı “Daş”dır.

- Qadın şairə olmaq, ailə xətrinə, ictimaiyyət xətrinə özünə senzura qoymağa gətirib çıxarmır ki? Bu halda qadın hara qədər özünü ifadə edə bilər?

- Həmişə deyirəm ki, mənim həyat yoldaşım kimi birisinin həyatımda olması mənim şeirlə məşğul olmağım üçün şansımdır. Mən yoldaşıma bir neçə şeir həsr etmişəm. Hər bir şeir yazan xanımın belə yoldaşı olmalıdır ki, ona stimul versin, biz bir-birimizin ürəyini bilirik deyə, mənim özümə hansısa qadağa qoymağıma səbəb qalmır. Əksər vaxtlarda şeirimin ilk oxucusu həyat yoldaşım olur və mən bilirəm ki, şeirdə hara qədər getmək doğrudur, həmişə əxlaq və mənəviyyat çərçivəsində hərəkət edirəm. Mən ümumiyyətlə sərbəst, sərhədsiz adamam. Şeir yazanda tam azad oluram. Bizim gənc yazarlar nədənsə azadlığı başqa cür başa düşürlər, qaydaları pozaraq irəliyə atılırlar. Mənsə istəmirəm ki, nələrəsə görə bir yerə çatım, istəyirəm çatdığım zirvədə vicdan rahatlığı ilə deyim ki, məni bu yerə şeirlərim çatdırıb.

- “Ədəbi Azadlıq” müsabiqəsindən nə gözləyirsiniz? Öz səsinizi kimə veribsiniz?


- Bu müsabiqədən ya birinci yeri tutmaq, ya da heç yer tutmamaq istəyirəm. Yəni ikinci, üçüncü yerlər mənim ürəyimcə deyil. Çünki, şeirimi yazanda onun hansı səviyyədə olduğunu dəqiq bilirdim. Müsabiqədəki iştirakçıların çoxunu yaxından tanımıram, təkcə Elşən Əzimi müsabiqədən kənarda tanıyıram, onun kitabından “Tənhalıq simfoniyası” adlı bir şeir oxumuşdum ki, o şeiri o qədər bəyənmişdim ki, şeirə bağlanmışdım. Buna görə də öz səsimi Elşən Əzimə verdim.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG