Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09
-

"İndi bir şirkətdə ambardar kimi çalışıram. 5-6 ildir beləcə dolanıram".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şair İman Usuboğludur. (Onluqdakı şeirlərini oxu)


- İman bəy, siz 80-cı illər ədəbi nəslinin nümayəndəsisiniz, bu nəsil öz missiyasını yerinə yetirə bildimi? Orda kimlər vardı, siz kimlərlə yaxın idiniz bu 80-cı illər ədəbi nəslindən?

- Belə bir fikir var ki, 80-cı illər ədəbi nəsli itmiş nəsildir. Bəlkə də axtarsanız, onlardan təkcə mən qalmışam. Orda daha kimlər yox idi, Akif Səməd, Böyükxan Pərviz, Şaiq Vəli, o nəslin aparıcı qüvvəsi Eyvaz Əlləzoğlu idi.

Eyvaz mənim gördüyüm fenomenal bir şəxsiyyət idi, ona qədər elə savadlı və dərin mütaliəli birisinə rast gəlməmişdim. O nəslin indi silinib getməsinin səbəbi bazar iqtisadiyyatına adaptasiya oluna bilməməkləri idi, Eyvaz tərcümə mərkəzində işlədi, özünü ora vurdu, bura vurdu, min bir çətinliklə ailəsini dolandırmağa çalışdı, axırda həyatla ayaqlaşa bilmədi. Böyükxan Pərviz bəlkə on il issiz qaldı. Ümumiyyətlə, 80-cilərin ən böyük bədbəxtlikləri bu idi ki, keçid dövrünə düşdülər, işsizlik və maddi sıxıntıların məngənəsindən çıxa bilmədilər, tələf olub getdilər. Təsəvvür edirsən Şaiq Vəlini mənimlə üç dəfə on il, on il fasilə ilə ayrı-ayrı adamlar tanış etmişdilər. Hər dəfə də o məni unudurdu. Son dəfə onunla görüşəndə soruşdum ki, bu qədər vaxtda hardaydın, nə işlə məşğul olursan, dedi Rusiyadaydım, bazarda kartof satırdım. Bilmədim zarafatla deyir, ya gerçəklə.

- Bəs siz necə çıxdınız o illərdən. İndi nə işlə məşğul olursunuz?


- Mən ixtisasca kitabxanaçıyam, ilk dəfə 80-ci illərdə “Azərbaycan” jurnalında rəhmətlik İsa İsmayılzadə şeirlərimi çap etmişdi. Haqqımda yazılar yazmışdı. Bakıda on ilə yaxın Krupskaya adına kitabxananın müdiri işlədim, sonra kitabxanalarda maaş verilmədi, kitabxanalar bağlandı. Mən də gedib mühasibatlıq kursu bitirdim, müxtəlif yerlərdə mühasib, anbardar, təhlükəsizlik işçisi kimi işlədim. Sonra yenidən bir müddət işsiz qaldım. İndi bir şirkətdə ambardar kimi çalışıram. 5-6 ildir beləcə dolanıram.

- Bəs indiyə qədər şeirlər kitabınız çıxıbmı?

- Xeyr, kitab çıxartmağa artıq pulum yoxdur, həm də düz on ildir ki, şeir yazmıram. Səhər gün doğmamış evdən çıxıb, axşamın qaranlığında evə qayıdıram, çox yorğun oluram deyə yazmağa həvəsim qalmır.

- Şeiriniz “Bir ağ varaq açmadan” adlanır, Osmanlı türkləri haqqında bir bəndlə başlayır bu şeirin bir tarixçəsi varmı?

- O şeir belə idi

Əvvəllər bura,
Bakiya
Osmanlıdan
Nuru paşalar gələrdi,
Mürsəl paşalar....
İndi dönərsatan gələr,
Torqovı caddəsində gəzər,
Açıq köbəkləri seyr edər də,
Söylər:
Ah, şu Azeriler,
Azeriler....


Bilirsən, mən Ermənistanın Türkiyəylə 30 km-lik sərhədində doğulub böyümüşəm. Bizim evimizdə Azərbaycan radioları tutmasa da, Ərzurum radiosu tuturdu, bizim üçün o zamanlar bir Osmanlı mifi vardı. Belə şayiə vardı ki, Türkiyədə 300 ildir oğurluq olmur, türklər yalan danışmır, pis işlər görmür, dünyanın ən düzgün millətidir, amma sovet hakimiyyəti dağıldı, türklər Azərbaycana axışmağa başladılar. Amma biz bu dəfə Nuru Paşa, Mürsəl Paşa kimi sözübütöv, dürüst türklərlə deyil, tamam fərqli, pulgir və qadın düşkünü türkləri gördük. Bu şeir də o hadisələrdən yarandı.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG