Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

BP-nin keçmiş rəhbəri Rusiyaya homoseksualların göndərilməsinə çağırıb


Lord Browne

Lord Browne

-
Neft və qaz nəhənginə uzun müddət rəhbərlik etmiş John Browne belə bir ideyanı Britaniyada hər ilin may-iyun aylarında keçirilən Hay Ədəbiyyat və İncəsənət Festivalında verdiyi müsahibədə səsləndirib.

O deyib ki, BP və digər iri şirkətlər Rusiyaya və homoseksuallığın sıxışdırıldığı başqa ölkələrə daha çox özlərinin homoseksual əməkdaşlarını göndərməklə şəxsi nümunə göstərməlidir.

Hazırda şist qazı ilə məşğul olan Caudrilla şirkətinə başçılıq edən Lord Browne bildirib ki, Rusiyanın homoseksuallara münasibətini yalnız belə vasitələrlə dəyişmək olar.

“The Daily Telegraph” yazır ki BP-yə 12 il rəhbərlik etmiş Lord Browne 2007-ci ildə “geyliyi barədə məlumat mətbuata sızandan sonra” vəzifəsindən getməli olub.

John Browne əlavə edib ki, BP homoseksual işçiləri Rusiya kimi ölkələrə göndərdikdə, həm də bunun riskli bir iş olduğu nəzərə alınmalıdır.

QORXU ALTINDA YAŞAMAĞA DƏYMƏZ

“Homoseksuallar öz cinsi oriyentasiyalarını nə zaman açıq bildirməlidirlər” sualına Lord Browne “məncə mümkün qədər tez” cavabını verib.

“Bu qədər qorxu-hürkü ilə yaşamağına dəyməz” – deyib John Browne. Keçmiş BP rəhbəri iri şirkətlərə işə qəbul olunan homoseksualları özləri barədə məlumatı dərhal açmağa çağırır.

“Əgər mən vaxtında bu qədər qapalı adam olmasaydım, hələ o zamanlar daha xoşbəxt ola bilərdim” – deyib John Browne.

ŞÜŞƏ DOLABDA

Lord Browne Hay Festivalına özünün “Şüşə dolab: Etiraf yaxşı biznesdir” (The Glass Closet: Why Coming Out is Good Business) kitabını təqdim etmək üçün qatılıb.

Bu kitabda müəllif həyatının “The Mail on Sunday” qəzetinin 2007-ci ildə onun geyliyini “faş” etdiyi dövründəki epizodundan yazır.

Həmin vaxt məlumatın yayılmasının qarşısını almağa çalışan BP rəhbəri məqalənin çapını dayandırmaq üçün məhkəmə qarşısında vəsatət qaldırmış, lakin bu prosesi uduzmuş və vəzifəsindən getməli olmuşdu.

Qəzetdə dərc olunmuş məqalədə John Browne-nun homoseksual fahişə oğlanla cinsi əlaqəsindən söhbət gedirdi.

ANAM BİLİRDİ, LAKİN ÜZƏ VURMURDU

O, “Şüşə dolab” kitabında öz homoseksuallığını gizlətməyə hələ uşaq vaxtlarından necə məcbur olduğundan da yazır.

Onun anası İkinci Dünya Müharibəsində Osventsim ölüm düşərgəsindən möcüzə ilə sağ çıxmışdı.

“Anam bilirdi ki, fərqli olmaq heç də həmişə yaxşı ideya deyil. O bilirdi ki, çətin zəmanələrdə azlıqları gözümçıxdıya salırlar” – yazır müəllif – “məncə anam mənim geyliyimi bilirdi, lakin bunu heç vaxt üzə vurmazdı. O, axmaq adam deyildi”.

Cənab Browne deyib ki, o yalnız 2000-ci ildə anası vəfat etdikdən sonra ilk dəfə kişi ilə cinsi əlaqədə olub.

OXUNMAZ OLMAQ NƏDİR?

Bununla belə, Lord Browne bunu da qeyd edir ki, seksual oriyentasiyasını gizlətmək ona daha ehtiyatlı və daha “oxunmaz” olmaq imkanı verib və bu, onun biznesdəki uğurunu təmin edib.

“Oxunmaz” olmaq danışıqlar zamanı güclü amildir, - yazır Browne, - Sən başqalarına sənin nə düşündüyünü bilmək imkanı verməməlisən”.

O yazır ki, BP-yə yüzlərlə oğlan uşağı kimi gəlmişdi və əslində bir il müddətində şəxsi həyatına vaxt qalmırdı. Yalnız bundan sonra o, “özü kimi insanlar”la ünsiyyətə girə bilib.

“ƏSL KİŞİYƏ O QƏDƏR BƏNZƏYİRDİM Kİ...”

“Mən özümün ilk gey klubuma gələndə nazik zolaqlı kostyumda idim və əsl kişiyə o qədər bənzəyirdim ki, qapıçı məndən düz üç dəfə “buranın gey klubu olduğunu” bilib-bilmədiyimi xəbər aldı” – deyilir kitabda.

Müəllif qeyd edir ki, bütün bunlara baxmayaraq, peşəkar fəaliyyəti zamanı kiminsə onun homoseksual oldğunu başa düşməsinə imkan verməyib və bir növ özünü James Bond kimi aparıb.

HOMOSEKSUAL BAŞ NAZİR ARZUSUNDA

John Browne bildirir ki, bir çox nəhəng şirkətlərin başında homoseksuallar dayanır və 500 şirkətin heç birinə homoseksualın guya rəhbərlik etmədiyi barədə məlumatlara inanmır.

O deyib ki, bir çox şirkət rəhbərləri hələ də “şüşə dolab”dadırlar.

Cənab Browne açıqlayıb ki, ömrünün qalan hissəsində Britaniyada ilk homoseksual baş naziri görməyi arzulayır.

Lord Browne BP-ni planetin ikinci nəhəng neft korporasiyasına çevirməyi bacardığına görə “Günəş kralı” ayaması qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG