Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

Uzanacaq əllərim düşdüyün yerə qədər


Lalə Məhərrəmli

Lalə Məhərrəmli

-


“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Lalə Məhərrəmlidən şeirlər



Lalə Məhərrəmli


BİR OVUC ÜMİD


Tutma mərhəmətimdən...
yapışma səbrimdən.
Qorxma, burax əllərini
rahat-rahat düş gözümdən.
Sən ki məni tanıyırsan.
Uzanacaq əllərim
düşdüyün yerə qədər.
Sən dayanma davam et..
Düş... düşə bildiyin qədər...
elə düş ki çatmasın əlim sənə.
Tərləyib ovuclarım.
Sürüşərsən, əlimdən də düşərsən.
Gəl tələsmə tutmağa.
İcazə ver əllərimdə
bir ovuc ümid qalsın.
Səni nə vaxtsa yenidən qaldırmağa...
Gözlərimə qaytarmağa.



GƏLƏCƏKDƏN QORXANLARA

Budur artıq topladım hər şeyi.
Ruhumun boşluqlarına yerləşdirdim
günahlarımı,
savablarımı,
doğrularımı,
yalanlarımı.
Gələn günlərimə gedirəm.
İndi hiss edirəm.
Toplandıqca yüngülləşirəm.
Demək belə olurmuş.
İtirdikcə,
unutduqca,
dağıtdıqca
parça-parça böyüyərmiş boşluqlar.
Boşluqlar necə də ağırmışlar.
Gedirəm... o qədər sual var ağlımda..
Qorxularım şübhələrimə sarılıb zarıyır qoynumda..
Amma ümidlərim... ümidlərim var haa... onlar nə şirin layla deyirlər...
necə də qayğıkeşdirlər.
Onlar öyrədirlər mənə gələcəyə daşımağı bütün yaralarımı, ağrılarımı.
Şirinlərimi, acılarımı. Bir də layla deyib susdurduqları mürgülü qorxularımı.
Bir də əllərindən tutub sürüyəcəm gələcəyə uşaqlığımı.
Mən azmı sürünmüşəm ona doğru?.. gecələr yatağımdan qaçıb yatağına getmişəm oğrun-oğrun.
Əllərimizi vurub bir-birinə oyunlar oynamışıq.
Dalaşmışıq, barışmışıq.
Cığallıq yoxdur artıq danışmışıq.
İkimiz də toplanmışıq gələn günlərə getmək üçün.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG