Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:55

Putin Şahzadə Charles-ın bənzətməsini «qəbuledilməz» adlandırdı


Vladimir Putin

Vladimir Putin

-

Britaniya vəliəhdinə birbaşa müraciətində Rusiya prezidenti Vladimir Putin deyib ki, şahzadənin onu Hitler-ə bənzətməsi monarxlara yaraşan hərəkət deyil.

Putin-in bu bəyanatından bir neçə gün əvvəl Uels Şahzadəsinin Kanadaya səfəri zamanı şəxsi söhbətlərindən birində Rusiya prezidentini Hitler-ə bənzətməsi haqqında xəbərlər yayılmışdı.

Press Association agentliyinin baş icraçı direktoru Clive Marshall Rusiya prezidentindən bu bənzətməyə münasibətini soruşmuşdu.

«YAXŞI BİR RUS MƏSƏLİ»

«Bu mənim yadıma yaxşı bir atalar sözünü salır, hirslənirsənsə, deməli, haqlı deyilsən», Putin cavab vermişdi.

Şahzadə Charles

Şahzadə Charles

Bunun ardınca isə Rusiya prezidenti şahzadəyə mesaj göndərmişdi: «Mənim sözlərimi şahzadə Charles-a çatdırın. O, bizim ölkəmizdə bir neçə dəfə olub və belə bir müqayisə aparıbsa, bu, yolverilməzdir və əminəm ki, bir nəzakət sahibi olan şəxs kimi o bunu yaxşı başa düşür».

«Mən onunla və kraliça ailəsinin başqa üzvləri ilə şəxsən görüşmüşəm, monarxlar belə hərəkət etmirlər. Lakin biz son bir neçə ildə elə şeylər görmüşük ki, bunlar daha məni təəccübləndirmir», deyə Putin əlavə edib.

QDANSK VƏ KRIM

Məlumata görə, Uels şahzadəsi Putin barədə fikirlərini Kanadada muzey işinin könüllülərindən biri, 78 yaşlı Marianne Ferguson-la söhbəti zamanı bildirib.

Xanım Ferguson şahzadəyə yəhudi ailəsinin faşistlər tərəfindən işğal olunmuş Qdansk şəhərindən necə qaçdıqları barədə danışırmış və bu zaman şahzadə almanların hərəkətini Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqı ilə müqayisə edib.
Vladimir Putin bildirib ki, o, öz hərəkətlərini onun haqqında deyilənlər yox, Rusiya xalqının marağı əsasında həyata keçirir. O, Böyük Britaniyanın simasında Qərbə müraciət edərək bildirib ki, Rusiya beynəlxalq qanunlara və normalara uyğun addımlar atır.

MOSKVANIN DA «QIRMIZI XƏTLƏRİ» VAR

David Cameron

David Cameron

Britaniya ilə Rusiya arasındakı münasibətlər bundan əvvəl də gərginləşməyə başlamışdı. Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların ən qızğın təşəbbüskarı kimi məhz London çıxış edirdi. Baş nazir David Cameron xəbərdarlıq etmişdi ki, Moskva Ukraynadakı gərginliyi azaltmaq istəməsə, Britaniya Rusiya ilə «uzunmüddətli və fərqli münasibətlər» qurmağa hazırdır.

Hərçənd Putin deyib ki, Moskva və London arasındakı fikir ixtilafının uzun sürməyəcəyinə əmindir və əgər Britaniya özünün «milli maraqlarından» çıxış etsə, Rusiya «yaxşı əməkdaşlığa» qayıtmağa ümid edir.

Vladimir Putin həmçinin Krımın ilhaqına haqq qazandıraraq bildirib ki, Rusiyanın dözümü üçün qırmızı xətlər var və Krım bu qırmızı xətlərdən biri olub: «Kim qarantiya verə bilərdi ki, Ukrayna sabah NATO-ya qoşulmayacaq və əgər Krım xalqı Rusiyaya birləşməyə səs verməsəydi, orada raketdən müdafiə sistemləri qurulmayacaqdı».

MÜHARİBƏNİN YARALARI

Britaniya mətbuatı diqqəti belə bir məqama çəkir ki, Uels şahzadəsi və Vladimir Putin iyunun 6-da İkinci Dünya Müharibəsində Fransaya desant çıxarılmasının 70 illiyinə həsr olunmuş mərasimin iştirakçıları olacaqlar.

«The Daily Telegraph» yazır ki, mətbuat bu iki fiqurun həmin tədbirdə necə görüşəcəklərini diqqətdə saxlayacaq.

Qəzet yazır ki, Putinin Hitlerlə müqayisə olunması faşistlərlə mübarizədə 26 milyon sovet vətəndaşı itirmiş Moskva üçün xüsusilə ağır təəssürat buraxıb.

Ötən cümə axşamı Rusiyanın Londondakı səfirinin müavini Vladimir Putinin narazılığını bildirmək üçün Britaniya Xarici İşlər Nazirliyinə gəlib.

Putinin rəsmi sözçüsü Dmitry Peskov isə şahzadəni «tarixi bilməməkdə» qınayıb.

«MONARX AİLƏSİ ƏVVƏLCƏ ÖZÜNƏ BAXSIN»

Mətbuat yazır ki, Britaniya monarx ailəsinə qarşı əks-hücumda Rusiyanın dövlət mediası da iştirak edir.

Rusiyanın ingilisdilli «Russia Today» kanalı şahzadənin atası və kraliçanın əri Philip-in faşist Almaniyası ilə müharibədən əvvəlki münasibətlərinə həsr olunmuş xüsusi süjet yayımlayıb.

Süjetdə bildirilirdi ki, kraliça ailəsi Rusiya prezidentini tənqid etməzdən əvvəl özünün faşistlərlə əlaqələrini yada salmalı idi.

Ukrayna xəritəsini çəkən gənc Krım, Donetsk və Luqanskı qırmızı ilə boyayır

Ukrayna xəritəsini çəkən gənc Krım, Donetsk və Luqanskı qırmızı ilə boyayır

Verilişin aparıcısı, siyasi məsələlər üzrə müxbir Anissa Naouai deyib ki, «faşistlərlə müqayisə olunmağa ən layiqli olan elə monarx ailəsinin özüdür».

Xanım Naouai xatırladıb ki, Charles-ın dayısı 8-ci Edward-ın xanımı Wallis Simpson Hitlerin yaxın dostu olub və kraliçanın əri – Edinburq hersoqu Philip-in bacısı Sophie isə SS zabitinin arvadı imiş.

Verilişin aparıcısı şahzadə Charles-ın oğlu şahzadə Harry-nin 2005-ci ildə əyləncə ziyafətlərindən birinə SS qiyafəsində gəlməsini də yaddan çıxarmayıb.

ŞAHZADƏNİN SÖZ AZADLIĞI

Vəliəhdin siyasi məsələlər barədə şərh verməsi Britaniya hakimiyyətində də birmənalı qarşılanmır.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, adamların şəxsi söhbətlərində etdikləri qeydlərə görə şərh vermir.

Baş nazirin müavini Nick Clegg şahzadə Charles-ın da söz azadlığına malik olmasını yada salıb, lakin baş nazirin özü şərh verməkdən imtina edib.

Bukingem sarayının sözçüsü Putinin tənqidini şərh etməkdən boyun qaçırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG