Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:33

Murad Həsənli London bələdiyyəsinə üzv seçilib [Müsahibə]


Murad Həsənli
Murad Həsənli
-
Britaniya vətəndaşı, əslən azərbaycanlı Murad Həsənli Londonun Vestminster rayonunun Çörçill qəsəbə bələdiyyəsinə Leyboristlər Partiyasından üzv seçilib. O, bələdiyyə şurasına seçilən 3 şəxsdən biridir. Çörçill qəsəbəsi 24 ildən bəri mühafizəkarların nəzarətində idi.

Vestminster Londonun mərkəzi rayonlarından biridir. Parlament də daxil, dövlət idarələri bu bələdiyyənin ərazisində yerləşir.

Murad Həsənli öz «facebook» səhifəsində bələdiyyə üzvü seçilməsinin məsuliyyətini anladığını bildirir:

Murad Həsənli

Murad Həsənli

1994-cü ildə ailəsi ilə birlikdə Bakıdan Böyük Britaniyaya köçüb. London İqtisadi Məktəbində siyasət bölümünü bitirib.

O, 1996-cı ildən Leyboristlər Partiyasının üzvüdür. Azərbaycan siyasətinə və diaspor işlərinə fəal qatılıb.

Azərbaycanda 2005-ci il parlament seçkiləri zamanı media və beynəlxalq əlaqələr üzrə Azadlıq Blokunun baş məsləhətçisi çalışıb.

2013-cü ildə prezidentliyə namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin siyasi məsləhətçisi və Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Böyük Britaniyada rəsmi təmsilçisi olub.

«Vestminster bələdiyyəsinin üzvü olmaq böyük şərəfdir. Mən burada böyümüşəm, məktəbə və universitetə burada getmişəm. Ailəm və dostlarım burada yaşayır. Vestminster İngiltərədir, Vestminster Britaniyadır, Vestminster Birləşmiş Krallığın paytaxtı Londonun paytaxtıdır. Mən bu şərəfə layiq olmaq üçün əlimdən gələni edəcəyəm».

«AZƏRBAYCANDAN KİMSƏ LONDONUN MƏRKƏZİNDƏ AZAD SEÇKİLƏRİ QAZANA BİLİRSƏ...»
- Seçki kampaniyanızı izləyənlər sizin qələbə üçün necə sərt mübarizə apardığınızı bilir. Britaniya siyasi landşaftında yer qazanmaq hansı hisslər oyadır? Şurada rolunuz konkret nədən ibarət olacaq?

Vestminster şəhər şurasının üzvü seçildiyim üçün artıq Azərbaycan siyasətində rəsmən iştirak etməyəcəyəm, amma Azərbaycan demokratlarının yanında olacağam. Mən Azərbaycan və Britaniya arasında daha sıx və dərin əlaqələr üçün çalışmaq istəyirəm, amma bu əməkdaşlıq strateji maraqlar kimi ortaq dəyərlərə də əsaslanmalıdır. Dünən (mayın 23-də) bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, mühafizəkarların deputatı Mark Field-lə müzakirə etdik. Bir leyborist siyasətçi kimi, Azərbaycanda demokratik islahatlar və insan haqlarının genişləndirilməsi, iki ölkə arasında daha güclü əlaqələrin qurulması üçün bütün tərəflərlə işləməyi səbirsizliklə gözləyirəm. Şura üzvü seçilmək şərəf və imtiyazdır. 14 yaşımdan Vestminsterdə yaşayıram. Məktəb və universitetə burada getmişəm. Vətəndaşlarıma xidmət edə bilmək böyük şərəfdir. Özüm də və seçkini qazanan leyborist həmkarlarım da elektoratın inamını qazanmaq üçün iki il boyunca çox çalışmışıq. İndi onları təmsil etmək və səslərini doğrultmaqdan ötrü işləyəcəyik.
- Azərbaycandan olmağınız seçki kampaniyası dövründə lehinizə, yoxsa əleyhinizə işləyib?

- Azərbaycandan olmağım qələbəmə təsiri göstərməyib, – mən londonluyam, buranın insanları açıqdüşüncəli və ədalətlidirlər. Mənim rayonumda yaşayan bir neçə azərbaycanlı da məni dəstəkləyiblər. Əsas dəstəyim ailəm, özəlliklə valideynlərim olub. Mən onlara, eləcə də qardaşıma çox minnətdaram.
- Siz seçicilərinizə nə vəd edirsiniz?

- Leyboristlərin öncəlik verdiyi əsas məsələ - evlə təminatdır. Qiymət baxımından ələçatımlı evlərin kəskin qıtlığı yaşanır. Yerli poçtun bağlanmasına da mane olacağıq. Dövlət vəsaitlərinin xərclənməsinin səmərəsini artıracaq, israfçılığın önünü kəsəcəyik. Gənclərə ünvanlanan xidmətlərə pul yatıracaq və yaşlıların qayğısına qalacağıq. Yerli bələdiyyə vergisinin dərəcəsini donduracaq (indiki həddə saxlayacaq) və vəsaiti səmərəli və ədalətli şəkildə paylaşdıracağıq. Başqa məsələlər də var. Leyborist Partiyasının bizim seçki dairəsi üçün ambisiyalı proqramı var. Bizim rayona optimal həllin tapılması üçün yerli sakinlərlə işləyəcəyik.

- Necə fikirləşirsiniz, Məzahir Pənahovun sədrlik etdiyi seçki komissiyasının ilə Azərbaycanda seçkiləri uda bilərdiniz?
- Hamımız bilirik ki, Azərbaycanda seçkilər azad və ədalətli olmaqdan uzaqdır. 2005 və 2013-cü il seçkilərini xatırlayıram, onlarda ciddi saxtakarlıqlar olmuşdu. Amma məncə, Azərbaycandan kimsə Londonun mərkəzində azad seçkiləri qazana bilirsə, Azərbaycan xalqı bu hüquqdan niyə məhrum edilməlidir? Azərbaycan müsəlman dünyasında ilk demokratik ölkədir, burada universal seçki hüququ 1918-ci ildə, Britaniya və ABŞ-dan da tez tanınıb. Azərbaycan xalqı azadlıq və müstəqilliyə layiqdir. Mən bu fürsətdən yararlanaraq, Azərbaycandakı bütün siyasi məhbusları dərhal azad etməyə çağırıram.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG