Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Azərbaycan hökuməti «Oxfam»-da araşdırma aparır


Oxfam-ın loqosu
Oxfam-ın loqosu
.

Böyük Britaniyada mənzillənən «Oxfam» Beynəlxalq Xeyriyyə Təşkilatının Azərbaycandakı ofisinə cinayət işi açılıb. Bunu «Human Rights House» Şəbəkəsinin Cenevrə Bürosunun rəhbəri Florian Irminger özünün twitter bloqunda yazıb.

Məsələ ilə bağlı AzadlıqRadiosunun sorğusuna cavabda «Oxfam» məlumatı qismən təsdiqləyib.

Təşkilatın baş ofisindən AzadlıqRadiosuna verilən açıqlamaya görə, qurumun Azərbaycandakı proqramı hökümət tərəfindən araşdırılır, “amma «Oxfam»-a qarşı heç bir rəsmi ittiham” irəli sürülməyib:

“Hazırda «Oxfam» hökümətin tələbləri üzrə lazımi məlumatları təqdim edir, lakin Azərbaycan hökümətinin təşkilata qarşı irəli sürə biləcəyi qanun pozuntusu ittihamını sübut edəcək və ya istintaq əməliyyatını əsaslandıracaq hansısa dəlilə sahib olduqları barədə dəqiq məlumatımız yoxdur”.

Oxfam Azərbaycandakı 20 illik uğurlu fəaliyyətindən sonra yerli hökümətin təşkilatın işinə qoyduğu məhdudiyyətlərlə bağlı narahatçılıq keçirir:

“Biz, işçi heyəti və tərəfdaşlarımıza qarşı olunan bu qısnamanın dayandırılması və Oxfam-ın Azərbaycandakı önəmli fəaliyyətinin davam etdirilməsi üçün hökumət strukturları ilə danışıqlar aparırıq”.
Hələlik bu məlumatla bağlı Bakıdakı rəsmi qaynaqlardan hər hansı reaksiya almaq mümkün olmayıb.

«Oxfam» 1990-cı illərin əvvəlindən Azərbaycanda fəaliyyət göstərir. Təşkilat azərbaycanlı köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı layihələri maliyyələşdirib.

Təşkilat hazırda da Azərbaycanda köçkünlərlə yanaşı, yerli icmaların gücləndirilməsi və təbii fəlakətlərə qarşı ehtiyatların görülməsi ilə bağlı hökumət və qeyri-hökumət təşkilatlarının layihələrinin icrasına yardım edir.
XS
SM
MD
LG