Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:47

İlk sevgi şeirimi «Ədəbi Azadlıq» üçün yazmışam


Lalə Məhərrəmli
Lalə Məhərrəmli
-

«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şair Lalə Məhərrəmlidir (Onluqdakı şeirlərini oxu)
- Lalə xanım lütfən özünüzü tanıdın. «Ədəbi Azadlıq» müsabiqəsində ilk dəfədirmi iştirak edirsiniz?

- Mən Qafqaz Universitetinin Hüquq fakültəsini bitirmişəm. İxtisasca hüquqşünasam. Əl işlərinin istehsalı ilə məşğul olan kiçik biznesim var. İki övlad anasıyam. Əslində şeirdən uzaq bir sahədə çalışsam da ürəyim şeirlə döyünür. Bütün günü min-bir işin arxasınca qaçarkən neçə-neçə şeirlərim elə içimdəcə doğulub ölüb.

Ümumiyyətlə, onu deyim ki, müsabiqələri sevirəm və tez-tez qatılıram. «Ədəbi Azadlıq» müsabiqəsi mənim müsabiqələr içərisində ədalətinə ən çox güvəndiyimdir, ona görə də üçüncü ildir ki, bu müsabiqəyə şeir göndərirəm. Onu da deyim ki, mən qətiyyən güldən, çiçəkdən, kəpənəkdən şeir yazmağı sevmirəm, qəribədir, heç sevgidən də şeir yazmamışdım, ilk sevgi şeirimi 2012-ci ildə «Ədəbi Azadlıq» müsabiqəsi üçün yazmışam.
- Belə anlaşılır şeirlə hobbi kimi məşğulsunuz? Hansı hisslər sizə şeir yazdırır?

- Xeyr, şeir həyatımın önəmli bir parçasıdır. Bəlkə inanmazsınız şeirlə üçüncü, dördüncü sinifdən ciddi məşğul olmağa başlamışam. Məsələn, mənim ilk şeirim ac qaldığı üçün son əsərini satan bir rəssamdan bəhs edirdi. O dövrdə mən yaşda uşağın belə şeir yazmasını görən müəllimlərim xeyli təəccüblənmişdi. Çoxlu şeir yazsam da heç vaxt kitabımı çıxartmaq həvəsim olmayıb.

Şeiri içimdəki ən özəl hisslərin təzahürü kimi görürəm. Bəzi şeirlərim var mənim özəlimdir və onları çap etdirmirəm. Mənim fikrimcə, şair başqalarının görmədiyinin fərqinə varan adamdır. Şair bir küləkdən, bir səsdən, başqalarına kiçik və önəmsiz görünən bir hadisədən təsirlənib şeir yaza bilər. Adətən şairlər danışırlar ki, yoxluq çəkdim, əzab-əziyyət içində yaşadım, sonra şeir yazmağa başladım. İnanırsınız mən indiyə kimi elə bir yoxluq çəkməmişəm, elə bir ciddi problemim olmayıb, amma şeirlərim başqalarının əzablarına ithaf oluna bilər, başqalarının halını dərindən təsirlənə bilərəm.
- Ən çox hansı şairdən təsirlənibsən, kimləri oxuyursan?

- Təqribən 10-11-ci sinifdə oxuyanda Ramiz Rövşənin böyük pərəstişkarıydım. Onun «İlan balası», «Təpədən dırnağa hirs içindəyəm» şeirləri dilimin əzbəri idi. Lakin, sonradan heca vəznində olan klassik şeir növlərindən asta-asta uzaqlaşıb, modern şeirə yaxınlaşdım. Şeir zövqümün bu cür dəyişməsində yardımçı olduğu üçün kult.az saytına, sizin sayta borcluyam. İndi heca şeiri ilə, sərbəst şeirin arasında, orta mövqedə qərarlaşmışam.
- İndi cəmiyyətdə belə bir rəy də var ki, Ramiz Rövşən, Salam Sarvan, ümumilikdə 60-cılar ədəbi nəslindən olan şairlər özlərində güclü şəkildə bədbinlik, qeyri-səmimi, yersiz kədər ehtiva edirlər. Həmin bədbinliyin sənin şeirlərinə də hopmasından ehtiyatlanmırsan?
- Axı mən dedim artıq Ramiz Rövşənin təsirindən uzaqlaşmışam. Ancaq yenə də məncə şeirin mayası kədərdən tutulub. Kədər olmasa, ağrılı hadisələr olmasa şairi başqa nə şeir yazmağa sövq edər? Mən əslində bir neçə dəfə nikbin hadisələrdən şeir yazmağa çalışmışam, görmüşəm ki, bu mümkün deyil. Məsələn, bir şeirim var, uşaq evində daima gülən bir əngəlli uşağa həsr etmişdim:

Altını təmizləməyə,
Qarnını doyurmağa
birinə möhtacsan,
Hələ nəyə gülürsən?
Bütün dərdləri ayağının altınamı yığmısan,
dərdlərmi qıdıqlayır ayağını yoxsa?

- Bu bir uşağın ağır durumuna münasibətdən doğan şeirdir. Bəs, toplumun dərdlərinə aid, ictimai kədərdən də şeirlər yazırsan? Ümumiyyətlə şairin belə borcu varmı?

- Mənim ictimai, siyasi mövzularda da şeirlərim var, ancaq onları çap etməmişəm. Doğrudur, şeir harada doğuldu, orda da yazılmalıdır. Şair özünə heç bir senzura qoymamalıdır. Amma gərək şair yazdığının üç il sonra, beş il sonra da özü üçün, ailəsi üçün hansı nəticələrə səbəb olacağını görsün. Ona görə məcbur deyilsən ki, hər yazdığını çap etdirəsən. Əgər, yazdığın cəmiyyətdə heç nəyi dəyişməyəcəksə, onu çap etməyin bir mənası yoxdur.

Mənim aləmimdə cəsarətin arxasında da düşüncə dayanmalıdır, cahil cəsarəti nə sənin özünə, nə yaxınlarında, nə də cəmiyyətə bir xeyir vermir. İndi gənc şairlərimiz arasında qısa müddətdən tanınmaq üçün istifadə olunan bir-iki üsul var, ya allahı tənqid edirlər, ya hakimiyyəti, ya da sadəcə söyüşdən istifadə edirlər. Amma yaxşı şeir bunlarsız da insanı təsirləndirə bilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG