Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Əməliyyatçılar Rauf Mirqədirovun ata evində silah, narkotika axtarıblar


Rauf Mirqədirov

Rauf Mirqədirov

-

Həbs edilən jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun evində axtarış aparılıb.

Rauf Mirqədirovun vəkili Elmar Süleymanov AzadlıqRadiosuna bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiq və əməliyyatçıları evdə narkotik vasitə, silah, pul və qızıl əşya axtarıb: «Onlar özləri ilə iki hal şahidi gətiriblər. Mirqədirovun valideynlərini xahiş ediblər ki, binanın komendantı da axtarışda hal şahidi kimi iştirak etsin, amma onlar razılıq verməyiblər».

Vəkilin sözlərinə görə, axtarış zamanı ailənin gündəlik xərclərini qarşılayacaq məbləğdə pul tapıblar və bunu götürməyiblər: «Protokolda yazıblar ki, evdən nə narkotik vasitə, nə silah, nə də pul və qızıl əşyası tapılıb».

AXTARIŞLA BAĞLI QANUN POZUNTULARINA YOL VERİLDİYİ DEYİLİR


Elmar Süleymanov əlavə edir ki, axtarışla bağlı qanun pozuntularına yol verilib:

«Müstəntiq axtarış aparılması üçün məhkəmə qərarını, o cümlədən protokolun surətlərini Mirqədirovun valideynlərinə təqdim etməyib».

Vəkil özünün axtarışda iştirak etmədiyinə də toxunur: «Rauf Mirqədirovun vəkilləri olaraq biz istintaqa ərizə ilə müraciət etmişik ki, onun maraqlarını güdməyən hər hansı əməliyyat aparılarsa, vəkillərin də iştirakı təmin olunsun. Amma Rauf Mirqədirovun atası evində aparılan axtarış barədə bizə xəbər verməyiblər. Xəbər tutanda müstəntiqə zəng etsəm də, mən gələnə qədər axtarışı bitirib getmişdilər».

Elmar Süleymanov deyir ki, axtarışla bağlı protokolun surətini onlara təqdim etməsələr, məhkəməyə üz tutacaqlar.

Türkiyədən Azərbaycana deportasiya olunan Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG