Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Usuboğludan şeirlər


USUBOĞLU



SEVİNDİRİCİ OLMASA DA ÖLÜM XƏBƏRİ

Şaiq Vəli üçün

Bayrağın yumruğun idi,
Himnin gümültün.
Balanın baxışlarından
gizlənəcəyin yox idi.
Ölüm hər şeydən əvvəl
Və bir də hər şeydən sonra
Elə ölümdü, Şaiq,
Öldüyünü eşitdim,
Sevindim, doğrusu,
Sevindirici olmasa da ölüm xəbəri.

***

Bu on ildə
Bir köynəklə belə
sevindirmədin əynini.
Köhnəsini geydin
qohum qardaşın,
Cındir bazarından
sovxasını aldın Hansın ,Klarkın.
Ölüm - təzələnməkdi, dostum,
Bu qara geymişlər
ağla təzələdilər səni,
Sevindim,doğrusu,
Sevindirici olmasa da ölüm xəbəri.
***
Daha
İşıqpulu, qazpulu,
Zibilpulu, supulu
Yığanı görməyəcəksən,
Evin dammasını,
Qazın –işığın yanmasını,
sönməsini bilməyəcəksən.
Ölüm bir qaçışdı, Şaiq ,
uzaq məsafəyə -
Bu qaçışla birinci oldun
Sevindim, doğrusu,
Sevindirici olmasa da ölüm xəbəri.

***

Daha utana –utana
Yazıçılar Birliyinə getməyəcəksən,
Boynunu büküb
kassirin əllərinə baxmayacaqsan,
Bir kəfənlik bezə yetməyəcək
qonorara imza atmayacaqsan,
Peşimanlığın səndən qabaqda
Evinə girməyəcək,
Balaca balan qabağına yüyürməyəcək,
“Konfet aldınmı,ata?" sormayacaq.
Ölüm –bir qurtuluşdu, Saiq,
Qurtulduğunu eşitdim,
Sevindim doğrusu,
Sevindirici olmasa da ölüm xəbəri.



GEDİB O ŞƏHƏRİN QAPISINI DÖYƏRSƏN

Gedib o şəhərin
Qapısını döyərsən,
O şəhərdə evin olar,
O şəhərə şeir yazarsan,
Xoşbəxt olarsan .
**
Gedib o şəhərin
qapısını döydün,
amma ...
o şəhərdə evin oldu,
amma....
o şəhərə şeir yazdın
xoşbəxt olmadın,
amma...



P İ Ç İ L T İ L A R

Bir dənəm,
Təkim,təkcəm,
Birim,bircəm,
Birdənəm,
Ahlar ağlar könlümdə,
Nəm gözlərim bir də nəm,
Birim,
Bircəm,
Birdənəm.


Birinə,
Birinə,
Birisinə.....
Dərd söylədim birisinə,
Var canımda qəm yuvalar,
Mini nədi, birisi nə ?

***

Yeri get,
Yeri get,
Yeri get,
Yerimi yerdən sal,
Yeri get,
Hərdən yığ,
Hərdən sal,
Yeri get,
Orda dərd uyutmuşam,
Bir azca bəridən sal,
Yeri get,
Yerimi yerdən sal,
Yeri get.

***

Dərd dən tutub,
Sünbülləyib,dər dən tutub,
Bir uca eşqdən yıxıldım,
İməklədim
Dərddən tutub.
***

Desənə,
Desənə,
Gəmin üzsün,desənə
Tapsın bir çəmin üzsün,
Desənə,
Göz yalarım yelkən oldu,
Desənə,
Qoy assın gəmin üzsün,
Yel əssin gəmin üzsün
Desənə

***

O fələk,
O fələk,
O fələk,
Dərddən o da,
O fələk,
Dərdini de,dərddən oda
O fələk,
Hamıya daşdan verib odanı,
Mənə verib dərddən oda,
O fələk.

***

Yeri, Yeri,Yeri,çatarsan,
Yürü, yürü, yürü, tutarsan,
Axtar axtar axtar, taparsan,
Bir az o üzdədi,
O üzdədi şeir.

***

Bir azca yerisən əlin çatacaq,
Bir azca söyləsən dilin çatacaq,
Dirin çatmayacaq,ölün çatacaq
Bir az o üzdədi, o üzdədi şeir.

****

Top divara dəyən kimi
Bir sözə dəydim qayıtdım,
Bir yarımı aldı bu söz,
Yarımı aldım qayıtdım,

**

Bir azca öpdüm bu sözü,
Bir azacıq qucaqladım,
Bir azda ağladım bu sözə,
Yaşımı aldım qayıtdım,
Başımı aldım qayıtdım.

Günün bütün mövzuları

XS
SM
MD
LG