Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Xəyalə Sevildən şeirlər


Xəyalə Sevil


Kim deyir ki…

Kim deyir ki,
Bu dünyanın bir üzü var.
Göy üzü var,
Yer üzü var,
Dünya iki üzlüdü...

Göyü əynimdən çıxarıb
Yeri geyinim gərək.
Bu dünyanın altını
Üstündən çox bəyənim gərək...

Bu yaz bir az da
Böyüyəcək qəbirlər.
Ölülər cücərib çıxacaq
Torpağın üstünə.
Və dünyanın təmiz
Həqiqətini söyləyəcək:
“Ölüm.”


Yaxşı ki, göyə əl çatmır

Dərzi əlinə düşmüsən, vətən,
Kəsibdi torpağını.
Nə iynəm var,
Nə sapım var.
Tikəmmirəm torpağına
Sənin Qarabağını.

Göydən
Qara-qara buludlar baxır,
Göy üzündə ləkə kimi.
Yerdə çeynəyirlər səni,
Uudulmayan tikə kimi.

Ağla, boşalt ürəyini,
Torpağı da alnı kimi
Qırış vətən.
Qarış-qarış
Bölüşdürübdülər səni.
Yığış, vətən,
Göyə köçək...
Yaxşı ki,
Göyə əl çatmır.


İllər sonrakı görüş

Nə yaman gec qayıtmısan?
Səni elə gözləyirdim.
Deyirdilər dönməyəcək,
Bilə-bilə gözləyirdim.

Eh, soruşma ürəyimi,
Yadın olub, yadın olub.
O qızcığaz da böyüyüb,
Qadın olub, qadın olub.

Daha sənə aldanmağa
Böyüyübdü , ağlı qoymaz.
Dayanma yolum üstündə,
Qızı qoysa, oğlu qoymaz.

Baxma səni görən kimi
Gözlərimi yaşlamışam.
Deyirsən: “bağışla məni”
Mən çoxdan bağışlamışam.
O illərin arxasınca
Ayım gedib, ilim gedir.
Bu gün bizim toyumuzdu,
Göz yaşlarım gəlin gedir.

Nə yaman gec qayıtmısan?
Səni elə gözləyirdim.
İllərimi , yollarımı
Gələ-gələ gözləyirdim.


Anamın əlləri

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əllində qazın.


Gözlərim təzə yol çəkir

Həsrətin ağacdı sənin,
Yanağımda bar veribdi.
Tanri mənim əllərimi
Göz yaşıma gor veribdi.

Ürəyimi bədənimə
Bağlayan ruh bağı yoxdu.
Canımdan çıxıb qaçardı,
Yaxşı ki, ayağı yoxdu.

…Ağaclar da üstümüzə
Saçlarını yolub tökür.
Qayıt,sənin dönüşünə
Gözlərim təzə yol çəkir.



Daş

Yanağım yenə susadı,
Gözümdən yaşlar daşacaq.
Mən öləndə daş olacam,
Böyüyəcəm dərdim kimi,
Qəbrimdən daşlar daşacaq.

Anam, məni çağırma.
Boylanıb arxamca
Yüyürən səsə,
Tövşəyə-tövşəyə,
Nəfəs-nəfəsə.
Dığarlana-dığarlana,
Əyri-üyrü küçələrin
Tozunda ,torpağında,
Sığallana-sığallana
Qaçacağam sənə sarı,
Ürəyində daş olacam.
Onda baxıb deyəcəyəm:
“Anam, qara sal daşam mən,
Başına bağladığın
Qara şal daşam mən.
Çınqıl-çınqıl daşlarıydım,
İllər boyu yığılmışam,
Böyümüşəm,
Axır gəlib ürəyinə dağılmışam.
Daşlı-daşlı dərd vermişəm sənə, anam.
Dərdinə daş atmamışam ,
Parçalansın milyon yerə.
Qorxmuşam, anam, qorxmuşam.
Hər ana bir pay götürər
Çıliklənmiş dərdlərindən,
Saçlarında bəyaz-bəyaz
Hörüklənmiş dərdlərindən.
Anam, məni dərd götürər ,
Yanağımı pərt götürər.
Ərk etmişəm,
Hər dərdi sənə yıxmışam,
Dərdlərimi bərk etmişəm.
Dərdlərim qəmgin duruşun,
Dərdlərim qəpik-quruşun.

Mən bir azca cəsarəsiz ,
Mən bir azca zəif qızın.
Düşmüşdüm daşlar əlinə,
Daşdan –daşa dəyib qızın.

Ürəyimi ucuz satdım,
Məni yer aldı, yer aldı.
Yadımdan çıxdı, anam,
Dərdlərim səndə qaldı.
XS
SM
MD
LG