Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

MTRŞ ANS-ə maliyyəni dayandırıb


-

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin çəkilişi ilə bağlı ANS televiziyasına ayrılan maliyyəni dayandırıb. Bunu «Publika.az»a müsahibəsində Şuranın sədri Nüşirəvan Məhərrəmli deyib:

«Demək olar ki, hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı. Əksər televiziya kanalları bu vəsaiti səmərəli formada xərcləsə də, ANS kanalı həmin vəsaitlərin xərclənilməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib. Yəni ANS sənədlərin hazırlanmasında nöqsanlara yol verib, sənədləri 5-6 ay əvvəl tərtib edib, pulları təyinatı üzrə xərcləməyib və sairə. Ancaq digər televiziya kanallarında isə vəsaitin xərclənilməsində problem yaranmayıb. Yalnız ANS televiziya kanalı problemlər yaradıb».

Onun sözlərinə görə, televiziya nöqsanları aradan qaldırandan sonra yardımın verilməsi bərpa olunacaq.

ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvü Seyfulla Mustafayev isə AzadlıqRadiosuna məsələdən xəbərsiz olduqlarını və televiziyanın bu məsələdə hansı pozuntulara yol verdiyinin də ona məlum olmadığını deyib.

O hazırda MTRŞ ilə ANS TV arasında məhkəmə çəkişməsinin davam etdiyini də xatırladıb.

Mayın 21-də MTRŞ milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi ilə bağlı məsələyə baxıb. Sonda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 min manat maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.

2012-ci il mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı dayandırılıb. Bundan sonra televiziyalara milli serialların çəkilişi üçün pul ayrılmasına başlanılıb.
XS
SM
MD
LG