Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:25
-
Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Şəki, Qax və Balakən rayonlarından xeyli sayda silah-sursat tapılıb.

Şəki rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, “Sərhəd-sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 3 yerdə post qurulub, tədbirin ilk iki günü xeyli sayda silah-sursat aşkarlanıb, bir nəfər axtarışda olan şəxsin yeri müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbiri zamanı rayonun Qoxmuq kəndi ərazisindən 1 ədəd AKM markalı avtomat silahı, 1 ədəd avtomat silahının patron darağı, 55 ədəd 7,62 çaplı və 699 ədəd 5,45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. 52 nəfər sürücü və rayon sakininə qaydaları pozduğu üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü, rayonun İncə kənd sakini Mustafa Abdulkərim oğlu Abdullayevin yeri müəyyən olunub, rayonu xəbərsiz tərk etməməsi barədə iltizam alınıb.

Qax rayon PŞ-dən verilən məlumata görə, keçirilmiş tədbir nəticəsində rayon ərazisindən 1 ədəd nömrəsiz AKM markalı avtomat silahı, 1 ədəd avtomat silahının patron darağı və 90 ədəd 5,45 çaplı avtomat silahının gülləsi aşkar olunaraq götürülüb. Keçirilmiş tədbir nəticəsində 270 avtomobil və 391 sərnişin yoxlanılıb. 22 sürücüyə və 18 sərnişinə qaydaları pozduğu uçun İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılıb.

Balakən rayon PŞ-dən verilən məlumata görə, rayonun Poçtbinə kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş AKM silahı, 86 ədəd avtomat gülləsi və 1 ədəd qaz tapançası aşkarlanaraq götürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə axtarışda olan rayon sakini Nəriman Maqliyevin yeri müəyyən edilərək tutulub.

Məlumatda bildirilir ki, tədbir nəticəsində tapılan silah-sursat hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyini silah anbarına göndəriləcək.

“Sərhəd-sipər” əməliyyatı Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal və şimal-qərb rayonlarında keçirilir. Əməliyyatında Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. Əməliyyatın mayın 26-na kimi davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG