Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:54

BMT təmsilçisi: “Azərbaycanın neftindən də zəngin suyu var”


-
Azərbaycanda hökumət BMT-nin İnkişaf Proqramı ilə birgə dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı tab gətirməsi üçün 10 milyon dollarlıq layihə həyata keçirilir.

BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri, eyni zamanda bu layihənin koordinatoru Məzahir Əfəndiyev AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Məzahir bəy, bu layihə Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı hansı riskləri göz altına alır?

- Bilirsiniz ki, bu gün dünyada yeni kataklizmlər, iqlim dəyişikliyi səbəbindən çayların məcrasını dəyişməsi, yağışların çoxalması, bəzi yerlərdə quraqlıqlar kimi problemlər mövcuddur. Azərbaycanda da bu kimi hallar müşahidə olunur. Buna görə də hökumət çox düzgün istiqamət seçərək suların idarə olunması ilə bağlı konsepsiya hazırlanmasına qərar verib. 2012-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyi BMT-nin Bakı ofisi, Qlobal Ekoloji Fondla birgə xüsusi proqram hazırlayıb. Bu proqram bizə imkan verir ki, Böyük Qafqazın ətəklərində 10 min kv.km-dən artıq bir ərazini tədqiq edək. Burda yerləşən kəndlər, rayonlarda yaşayan sel və daşqınlarla bağlı əhalini maarifləndiririk, eyni zamanda ərazidəki yeraltı, yerüstü suların həcmini, mövcud durumu qiymətləndiririk, hansı fəsadlar verəcəyini öyrənirik və bunun müqabilində isə qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Azərbaycanda müvafiq qanunvericilik olsa da, təkmilləşdirməyə, o cümlədən, su idarəçiliyi ilə bağlı yeni konsepsiyaya ehtiyac var. Su idarəçiliyinə təkcə içməli su daxil deyil, həm də suvarma suları, yeraltı, yerüstü su ehtiyatları aiddir. Bəzi yeraltı su ehtiyatları quruyub, qiymətləndirmə aparılır ki, bu nədən baş verib. Bəzi yerlərdə isə yeraltı su hövzələri yaranıb ki, bu da torpaq sürüşmələrinə səbəb olur. Elə yerlər var ki, orda meşələr quruyur. Məsələn, Qəbələdə şabalıd meşələri quruyub.

- Layihəyə hansı ərazilər daxildir və iki il ərzində hansı problemlər aşkar olunub?

- Layihəyə Oğuz, Qəbələ, Zaqatala, Qax, İsmayıllı və Şamaxı daxildir. Bu ərazilərdə yeraltı və yerüstü suların düzgün idarə olunması zəruridir. Bu gün iqlim dəyişikliyi nəticəsində yağışların çox yağması, çaylarda sululuğun artması daşqınlara gətirib çıxara bilər. Daşqınlar isə kəndlərə ciddi problem yaradır. Ona görə də bu problemləri aradan qaldırmaq üçün çöl işlərinə başlamışıq. Əvvəldən bizdə məlumatlar var ki, Böyük Qafqaz altında çoxlu yeraltı sular var. Bəzən bu sular məcrasını dəyişir və xoşagəlməz fəsadlara səbəb olur. Eyni zamanda yerüstü su hövzələrində suyun artması tendensiyası müşahidə olunur.

- Bu bölgədəki çaylarda suların artması Sabirabaddakı kimi daşqınlara səbəb ola bilər?


- Şübhəsiz, bu ehtimallar var. Bu daşqınlar olmasın deyə çaylarda bəndləmə işləri həyata keçirilir. Bir tərəfdən ağacların əkilməsinə ehtiyac var. Digər tərəfdən bəndləşmə yeni tələblərə cavab vermir, yeni yanaşma tərzləri var. Bu gün hədəfimiz su idarəçiliyinə beynəlxalq təcrübəni gətirməkdir.

- Çaylarda daşqının qarşısını almaq üçün həmin hövzələrdəki sudan daha faydalı istifadə olunmağı da nəzərdə tutulurmu? Məsələn, Azərbaycanda elə ərazilər var ki, həm içməli, həm suvarma üçün sudan korluq çəkir...

- Əslində, Azərbaycanın neftindən də zəngin suyu var. Yerüstü və yeraltı su mənbələri var. Sadəcə, düzgün su idarəçiliyinə ehtiyac var. İndiyə qədər su idarəçiliyini müxtəlif dövlət qurumları həyata keçirib. Amma indi su idarəçiliyində mərkəzləşmə meylləri hiss olunur. Fikrimcə, bu düzgün siyasətdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG