Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

“Xalq şairə dəstək vermək istəyirsə, ona içki məclisində şeir dedirtməsin”


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-
“Indiyə kimi publisistikamda hakimiyyətlə yanaşı İsa Qəmbərə, Əli Kərimliyə qarşı da yazmışam”.


“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şair Rüfət Əhmədzadədir (Onluqdakı şeirlərini oxu)


- Rüfət ədəbi mühitdə sənin adına get-gedə daha çox rast gəlirik, müsabiqələrdə iştirak edirsən, tez-tez saytlarda dərc olunursan. Lütfən bizə bir az özün haqqında danış.

- Mən ixtisasca tərcüməçiyəm, 2008-ci ildə Slavyan Univerisitetinin tərcümə fakültəsini bitirmişəm. Hal-hazırda “Zero” nəşriyyatında tərcüməçi kimi çalışıram. Məvacibimdən əlavə tərcümələr edərək pul qazanıram. Eyni zamanda mən kult.az saytının redaktoruyam.

- Necə oldu ki, tərcüməçi olaraq şeir və nəsrlə məşğul olmağa qərar verdin. Şeirə marağın hardandır?

- Valideynlərimin ədəbiyyata böyük marağı var. Mən doğulanda bizim evdə şair Rüfət Əhmədzadə ən sevimli insan olub. Doğrudur, onunla hər-hansı bir qohumluğumuz yoxdur, ancaq Rüfət Əhmədzadənin lirik-satirik şeirlərinin vurğunu olan anam, onun adını mənə qoymağa qərar verib. Nəticədə ikinci şair Rüfət Əhmədzadə dünyaya gəlib.

İlk şeirlərimi 7-8 yaşlarımda yazdım, sonra 13 yaşımdan 23 yaşıma qədər heç nə yazmadım. 2008-ci ildə Milli Qurtuluş Partiyasının üzvü idim və “Yeni yol” qəzetinin redaksiyasına tez-tez gedib gəlirdim, o illərdə “Yeni yol”un baş redaktoru Əlişir Əhəd mənim şeirlərimi özümdən xəbərsiz ad günümə hədiyyə olaraq qəzetdə dərc etmişdi. Bu mənim mətbuatda ilk çıxışım oldu və mənim ədəbiyyata gəlişimdə Əlişir Əhədin böyük zəhməti olub. Bundan sonra bir illik Ukraynada yaşadım və işlədim, 2009-cu ildə Azərbaycana gəldim və daha bir il evdə oturub ancaq ədəbiyyatla məşğul oldum. O günlərdə öz gələcəyimi bütövlükdə ədəbiyyata həsr etmək qərarını verdim və ömrümün sonuna kimi ancaq ədəbiyyatla məşğul olmaq, hətta nobel almaq kimi bir arzum var.

- Daha çox ictimai mövzularda yazırsan. Səncə şairin belə həddən artıq sosial varlıq olması doğrudurmu?

- Bilirsən, insan özü sosial varlıqdır, onu cəmiyyətdən ayırmaq mümkün deyil. Şair də həmçinin ictimaiyyətə fəal inteqrasiya olunmalıdır, əgər o poetikasında kədərlənirsə burda ictimai kədərin də bir payı olmalıdır. Mənə yazmaq üçün mövzuların çoxunu ictimai hadisələr verir, bundan əlavə etiraf edim ki, çiynimə toplanmış borclarım və kreditlərim də yaradıcılığıma böyük stimul veriblər.
Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
Mən hər gün səhər yuxudan oyananda ilk işim xəbər saytlarına baxmaq olur, ilk baxdığım sayt isə news.am adlı erməni xəbər saytıdır, gün ərzində bizim və qonşu ölkələrin cəmiyyətində baş verən olayları izləyirəm. Seymur Baycana və digər liberal yazarlardan çox, müxalifət liderlərinə tənqid yazmışam. İndiyə kimi publisistikamda hakimiyyətlə yanaşı İsa Qəmbərə, Əli Kərimliyə qarşı da yazmışam, siyasi proseslərdə gənclərin xərclənməsində, ölkədə siyasətin ölməsində, vətəndaş fəallığının zəifləməsində onların rolları böyükdür. Bununla belə özümü siyasiləşmiş bir yazar olmaqdan qorumaq istəyirəm. Məni siyasətə yaxınlaşdıran sırf mətbuata gəlişim oldu. Bizim mətbuat da, ədəbiyyat da lazımından çox siyasiləşib və bu heç də yaxşı deyil.

- Bundan əvvəlki illərdə “Ədəbi Azadlıq” müsabiqəsində iştirak edibsənmi? Şeir onluğunda kimlərin şeirini bəyənirsən?


- 2010-cu ildən bəri artıq dörd ildir ki, “Ədəbi Azadlıq” müsabiqəsində iştirak etmişəm. İki dəfə əsərlərim 50-liyə düşüb. Düzdür hekayəmin də hekayə onluğuna düşməsindən xoşbəxt olardım. Bilirsiniz, çox vaxt müsabiqələrdə münsiflərin mövqeyi ilə razılaşa bilmirəm, amma düşünürəm ki, bəli, şeir onluğana düşməyə layiq idim. Düşünürəm ki, daim yazıb-yaradan, öz üzərində işləyən hər bir gənc kimi bu müsabiqədə yer tutmaq haqqım var. Dörd ildir müsabiqədə yer tutmamışam. Yalnız bundan öncə Kulis.az-ın müsabiqəsində yer tutmaqla özümə inamım artdı, orda on minə yaxın adam qısa hekayəmi bəyənmişdi. Bu gün də Azadlıq Radiosunda səsvermələrdə böyük səs çoxluğu ilə öndəyəm. Axı bu adamların heç də hamısı mənim tanışım deyil, insanlar məni oxuyur, yazdıqlarımı izləyirlər.

Şeir onluğunda Esmira Məhiqızının, Vəfa Nağının və Aqşin Evrənin şeirlərini uğurlu şeirlər hesab edirəm. Lakin, Vəfa Nağı və Aqşin Evrəndə poetiklik bir qədər zəifdir. Məncə bizim şairlərin ən böyük problemi odur ki, poetikadan daha çox fəlsəfəyə üstünlük verirlər, filosof olmağa çalışırlar, halbuki şeirdə poetika birinci yerdə dayanır.

- Səncə şairə xalqın dəstəyi olmasa, ondan ictimai mövqe tələb etmək doğrudurmu?

- Bu gün Azərbaycan mətbuatının doxsan doqquz faizi hökümətyönümlü mətbuatdır, insanların böyük çoxluğu ictimai mövqe göstərməkdən çəkinir və bu anlaşılandır. Biz şairdən ictimai mövqe tələb edə bilmərik, bu onun öz vicdanına qalır. Xalqın da şairi dolandırmağa, onu dəstəkləməyə borcu yoxdur, amma xalq şairi dolandırmaq istəyirsə, onun şeir kitabını alsın. Xalq şairə dəstək vermək istəyirsə, onu içki məclisinə aparıb şeir dedirtməsin. Şair toylarda şeir demək üçün deyil.

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG