Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:00
-

Mayın 21-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


«YOLUN BİR HİSSƏSİ QƏT EDİLMƏMİŞ QALIB»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anne Brasseur APA-ya müsahibə verib.

- Azərbaycan da Assambleyanın post-monitorinq mərhələsində olan ölkələr sırasına keçmək vaxtı olduğunu bildirib. Bu haqda nə düşünürsünüz?

- Doğrudur, Azərbaycan əksər konvensiyaları və sənədləri artıq qəbul edib və bu müsbət haldır. Lakin hələ də yolun bir hissəsi qət edilməmiş qalıb. Mən də şəxsən hesab edirəm ki, Azərbaycanın hazırda təşkilatımızda başladığı sədrliyi bu ölkə üçün əlverişli məqamdır ki, islahatlar prosesini sürətləndirsin. Burada əsas məsələlər arasında söz və ifadə, mətbuat azadlığı, məhkəmələrin müstəqil fəaliyyəti, sərbəst toplaşma azadlığını qeyd etməliyəm. Bu məsələlərlə bağlı qəbul olunmuş bəzi qanunlar təşkilata üzv qəbul olunan vaxt Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Bununla bağlı AŞ-nın insan hüquqları komissarının sonuncu hesabatını qeyd etmək istərdim. Hələ bəzi məsələlərdə irəliləyişə nail olmaq lazımdır. İndiki mərhələdə Azərbaycanın post-monitorinq mərhələsinə keçməsi vaxtından qabaq atılmış addım olardı. Amma söylədiyim kimi, Azərbaycanın sədrliyi dövründə bu islahatlar prosesinin sürətləndirməsi olduqca yaxşı fürsətdir. Bu da öz növbəsində çox müsbət iş olardı.

HƏŞTƏRXAN AZƏRBAYCAN-RUSİYA DOSTLUĞUNUN RƏMZİNƏ ÇEVRİLİB

«Azərbaycan» qəzeti Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsində olmasından yazır:

Həştərxanda açılış mərasimi, 2012-ci il

Həştərxanda açılış mərasimi, 2012-ci il

«Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötənilki seçkilərdə qalib gəldikdən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etməsi bunun təsdiqi sayıla bilər. Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə olan ehtiramının və önəminin göstəricisi idi. Çünki Rusiyada da yaxşı bilirlər ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir və bu mənada Şimal qonşumuz Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Ən əsası, həmin səfər Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olması ilə bağlı bəzi dairələrdə səslənən fikirləri alt-üst etməklə yanaşı, həm də Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini təsdiqlədi. Prezident İlham Əliyev və Vladimir Putin arasında danışıqların olduqca yüksək atmosferdə keçməsi, dövlət başçılarının timsalında səmimi tərəfdaşlığa söykənən Azərbaycan-Rusiya münasibətlərini nümayiş etdirdi».

«AZƏRBAYCAN 37-Cİ İL TƏFƏKKÜRÜ İLƏ İDARƏ OLUNUR»

«Azadlıq» qəzeti Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə keçmiş namizəd, professor Cəmil Həsənlinin yazısını dərc edib. Müəllif yazır ki, bu gün Azərbaycan 37-ci il qaydaları, ən acınacaqlısı isə 37-ci il təfəkkürü ilə idarə olunur. «Millətin səsinə, bu səsin ifadəsi olan etimadına dayanmayan hakimiyyət öz xalqından ehtiyatlanmalıdır, onu ac saxlamalı, məzlumlaşdırmalı, müqavimət hissini qırmalı, yaltaq sürüsünə döndərməli, zülmə boyun əyməyə məcbur etməlidir. Deyirlər polad sınar, amma əyilməz, Azərbaycanda daxili istifadə üçün istehsal olunan polad sınmır, amma əyilir. Məhz əyildiyi üçün sınmır. İradəsini polad bildiyimiz çoxları bizim «gənc» diktatorluğun əlində yumşaq plastilinə çevrildilər. İndi hakimiyyət onlardan istədiyi fiquru düzəldir».

ERMƏNİSTAN SƏRHƏDİNDƏN REPORTAJ

Gürcüstanla Ermənistan sərhədində kənd

Gürcüstanla Ermənistan sərhədində kənd

«Yeni Müsavat» qəzetinin əməkdaşı Gürcüstanın Ermənistanla üzbəüz yerləşən kəndindən – Yırğançaydan reportaj hazırlayıb: «Kəndə gedən 10 km-lik bərbad yolun təmirinə başlanılsa da, işlərin ləng getməsi əhalini ciddi narahat edir. Yol bələdçimiz Elşad Əliyev deyir ki, qarşı dağın o üzü Ermənistandır: «Ancaq vaxtilə ora Borçalı ərazisi olub, qarşıdakı kənd Cəlaloğludur, indi Kaleno adlanır, Stepanavan, Spitak da qonşuluqdadır. Yırğançay illərdir ki, Ermənistanın təhdidi ilə üz-üzə qalıb. Son illərdə Ermənistan bu ərazidən özünün dövlət sərhədini çəkib. Özü də Yırğançayın ərazisindən! Tikanlı məftillər Yırğançayın pay torpaqlarından keçir. Ağsaqqallar deyir ki, sovet dövründə bir neçə km uzaqdakı dağın başında kömür basdırılmışdı və iki respublikanın sərhədi ordan keçirdi. Ancaq Ermənistandakı rus ordusunun köməyi ilə sərhəd dirəkləri Borçalının içərilərindən keçilib. Özü də ermənilər sərhəd xəttini kəndin içməli su ehtiyatını, nəhəng gölü içəriyə almaqla çəkiblər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG